Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasının Ümumi Müzakirələrində Ermənistanın işğalçılıq siyasəti yürütməsini əks etdirən məzmunda çıxış edib. XİN rəhbəri 20 il öncə, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının (TŞ) 822, 853, 874 və 884 saylı qətnamələri qəbul edərək, Azərbaycana qarşı gücdən istifadə edilməsini və onun torpaqlarının işğal edilməsini pislədiyini xatırladıb.
Nazir qeyd edib ki, qətnamələr Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanımaqla Dağlıq Qarabağ regionunun Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiqləyib və işğal olunmuş ərazilərdən bütün işğalçı qüvvələrin dərhal, şərtsiz çıxarılmasını tələb edib. E.Məmmədyarov vurğulayıb ki, BMT TŞ-nin işğalçı qüvvələrin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması barədə qəti tələblərinin Ermənistan tərəfindən hələ də icra olunmaması təəssüf doğurur.
Dağlıq Qarabağ məsələsində irəliləyişin olmadığını deyən politoloq Qabil Hüseynlinin sözlərinə görə, problemin həllinin qarşısını alan xristian dövlətləridir. Ona görə də politoloq hesab edir ki, məsələ xeyli mürəkkəbləşdiyi üçün BMT-dəki müzakirələrdən maksimum yararlanmaq və dünya ictimaiyyətinin rəyini dəyişmək lazımdır: "Azərbaycan BMT TŞ-nin seçici üzvüdür və gələn ayın əvvəlindən bir ay müddətinə ikinci dəfə şuraya sədrlik edəcək. Bu o deməkdir ki, Azərbaycanın BMT-də öz mövqelərini kifayət qədər möhkəmləndirmək şansı olacaq. Eyni zamanda lobbiçilik fəaliyyətindən də geniş istifadə edə biləcəyik. Bütün gücümüzlə çalışmalıyıq ki, TŞ-nin sədri kimi bizə verilən imtiyazlardan faydalanaraq Dağlıq Qarabağ probleminin daha ciddi şəkildə gündəmə gəlməsinə nail olaq”.
Q.Hüseynli deyir ki, son zamanlara qədər Qarabağ münaqişəsi Ermənistanın Azərbaycanı işğalı kimi qəbul olunmurdu. Bu reallıq ya yarımçıq qəbul edilirdi, ya da ümumiyyətlə qəbul edilmirdi: "Bəziləri hətta baş verən proseslərə, işğal olunmuş 20 faiz ərazimizə və doğma torpaqlarından qaçqın düşmüş 1 milyon vətəndaşımıza ermənilərin "milli-azadlıq” hərəkatı kimi baxırdılar. Yəni problemə yanaşma tərzi o qədər yanlış və xristian təəssübkeşliyi nöqteyi-nəzərindən idi ki, məsələnin anatomiyasını açmaq və ona siyasi şərh vermək imkanı yox idi. Amma indi Azərbaycan və Türkiyə səylərini birləşdirib. Həmçinin İslam Konfransı Təşkilatına (İKT) daxil olan 56 islam ölkəsi də bu gün mövqeyimizi dəstəkləyir. Bunlar bizim üçün böyük potensialdır. Eyni zamanda postsovet məkanında da bir sıra ölkələr Ermənistanı işğalçı dövlət kimi tanıyırlar. Bu baxımdan Baş Assambleyanın müzakirələrindən maksimum istifadə edərək Qarabağ məsələsini dünya ictimai rəyinə olduğu kimi təqdim etməliyik. Bəziləri deyir Azərbaycanın xeyrinə danışaraq bunu etməliyik, amma yox, sadəcə olaraq reallıqları obyektiv şəkildə beynəlxalq ictimaiyyətə çatdırmalıyıq. Çünki biz yalan danışmırıq, kimisə aldatmırıq. Torpaqlarımız işğal olunub və biz də haqlı olaraq ərazilərimizi geri istəyirik, tələbimiz budur”.
Ermənistanın durmadan Dağlıq Qarabağa silahlı qüvvələr göndərdiyini bildirən politoloq burada Rusiyanın böyük "rolu” olduğunu qeyd edir: "Rusiyanın Ermənistandakı hərbi bazaları bizim üçün ciddi təhdiddir. Elə düşmənlərimiz də həmin gücə güvənərək torpaqlarımızı işğal altında saxlamaqda davam edirlər. Hətta bununla kifayətlənməyərək, nəinki Dağlıq Qarabağ, ətraf rayonların belə adlarını dəyişdirməyə çalışırlar. İşğal olunmuş ərazilərdə erməniləri zorla məskunlaşdırırlar və s. Ermənistan isə dünya ictimaiyyətinə deyir ki, guya, məsələnin onlara dəxli yoxdur, hər şey "qəhrəman Arsax xalqının” mövqeyindən asılıdır”.
Q.Hüseynliyə görə, problemin həllində qeyri-prinsipiallıq davam etdikcə, məsələ daha da çətinləşir və sülhün üfiqləri daralır: "Ötən gün Minsk Qrupunda ABŞ-ın keçmiş həmsədrinin müsahibəsini oxudum. O, çox həyasız bir formada deyir ki, əgər münaqişə tərəfləri ciddi kompramisə getməzsə, torpaqların geri qaytarılması mümkün olmayacaq. Burda təkcə Dağlıq Qarabağdan söhbət getmir, bu cənab ətraf rayonların da qaytarılmasını şübhə altına alır. Onun danışığı rusiyalı həmkarının danışığından heç də fərqlənmirdi. Fransalı həmsədrin mövqeyində də eyni nüanslara rast gəlmək olur. Onlar da deyirlər hər dəfə Azərbaycana gələndə bu ölkəni inandırmağa çalışırıq ki, ciddi güzəştlərə hazır olmaq lazımdır. Başa düşmürəm, əgər güzəştlər Azərbaycanın ərazi bütövlüyünü özündə ehtiva etmirsə və dövlətimiz də artıq güzəşt limitini bitiribsə, onda hansı kompromissdən söhbət gedir? Daha nə etməliyik ki? Dağlıq Qarabağdan birdəfəlik əl çəkməliyik?”.