Deputatlar parlamentdə debatdan danışdılar

Ziyafət Əsgərov: “Biz prezidentimizi hüquqi baxımdan qoruya bilmirik”
Oqtay Əsədov: “Hər kəs öz səviyyəsini göstərir. Hamının hamıdan xəbəri var”




Ötən gün Milli Məclisin payız sessiyasının ilk iclası baş tutub. 41 məsələnin gündəliyə daxil edildiyi iclasda bir sıra qanun layihələri müzakirə edilib, qərarlar verilib.

Spiker Oqtay Əsədov bildirib ki, ölkə çox mühüm siyasi proses ərəfəsindədir. O qeyd edib ki, oktyabrın 9-da prezident seçkiləri keçiriləcək və əminlik var ki, Azərbaycan xalqı müdrik xalq olaraq öz sevimli prezidentini yenidən seçəcək. Ölkədəki seçki hazırlıqlarının yüksək təşkil olunduğunu vurğulayan O.Əsədov deyib ki, demokratik seçki üçün lazım olan tədbirlər görülüb.

"Hələ də soyadların sonunu "ov”, "yev”lə yazdırırlar”

Müzakirələr zamanı söz alan millət vəkili Elman Məmmədov dövlət əhəmiyyətli tədbirlərdə Dövlət Himninin oxunması məsələsinə toxunaraq iradlarını bildirib: "Çoxları himn səslənərkən oxumur. Hər kəs Dövlət Himninə hörmətlə yanaşmalıdır. Parlamentdə hüquqşünaslarımız əyləşiblər. Mən istəyirəm ki, bu sualı cavablandırsınlar ki, belə tədbirlərdə istənilən şəxs Dövlət Himnini oxuya, istənilən şəxs oxumaya bilərmi? Bu anlaşılmaz olaraq qalır”.

Ana Vətən Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı da Dövlət Himninin oxunması məsələsinə toxunaraq vurğulayıb ki, bu məsələyə ciddi yanaşılmalıdır: "Mən buna ciddi fikir verilməsini tələb edirəm. Himnə hörmət olunmalıdır, ən azından dövlət tədbirlərində hər kəs himni oxumalıdır”. S.Rüstəmxanlı bununla yanaşı soyad sonluqları məsələsini də gündəmə gətirib: "20 ildən çoxdur dövlətimiz müstəqilliyini qazanıb. Biz soyadlarımızın sonunda hələ də dəyişiklik edə bilmirik. Bu gün də yeni doğulan uşaqların soyad sonluqlarını "ov”, "yev”lə yazdırırlar. Hesab edirəm ki, bunun qarşısı alınmalıdır.

"Tarixi şəxsiyyətlərin təhqir olunmasının qarşısını almaq üçün qanun hazırlanmalıdır”

Deputat Gövhər Baxşəliyeva xalqımızın taleyində müstəsna əməyi olan insanların təhqir olunmaması üçün qanun layihəsi qəbul edilməsini istəyib. O qeyd edib ki, tarixi şəxsiyyətlərlə bağlı bu cür qanunun qəbul edilməsi vacibdir: "Məsələn, Türkiyədə Atatürkü təhqir etmək olmaz, onun haqqında mənfi fikir söyləyəni məsuliyyətə cəlb edirlər. Bu qanun nə üçün lazımdır? Ötən aylarda biz şahidi olduq ki, Şah İsmayıl Xətai bəzi müəlliflər tərəfindən təhrif olunur. İrandan gələn Güntay Gəncalp Şah İsmayıl Xətai haqqında Azərbaycanda təhrif olunmuş kitab çap edir. Onu vəhşi sərkərdə kimi göstərir. İndi də İskəndər Palanın kitabında Şah İsmayıl Xətai ilə bağlı cəfəngiyatlarla dolu yazılar var. Biz bunu Türkiyədə qadağan edə bilmərik. Amma ölkəmizə bu kitabların çapını qadağan etməliyik. Eləcə də Cümhuriyyətin yaradıcılarını təhqir edən əsərlər yazılır. Bunun qarşısını almalıyıq. O cümlədən fəaliyyətdə olan prezidenti təhqir etmək məsələsini də bura daxil etmək olar. Qeyd edilə bilər ki, prezidenti təhqir etmək olmaz”.

"Bu, nə vaxta qədər davam edəcək?”

Xanım millət vəkili gündəmin əsas mövzusuna çevrilən kriminal xəbərlərdən də danışıb: "Tez-tez hansısa kənddə ərin arvadın başını kəsdiyi, qardaşın bacını öldürdüyü barədə xəbərlərə rast gəlirik. Bu, nə vaxta qədər davam edəcək? Bununla bağlı hansısa tədbir görülməlidir”.

Deputat Qənirə Paşayeva isə hər iki valideynini itirmiş uşaqların təhsil haqqından azad edilməsinin müsbət addım olduğunu söyləyib: "Birinci qrup əlillərlə bağlı məsələyə baxmaq lazımdır. Birinci qrup əlillər ali məktəblərdə ödənişli ixtisaslara düşərsə, pul ödəməlidir. Mən iki gözünü itirmiş uşaqla bağlı müraciət etmişdim. Bu uşağın ödənişli ixtisasda təhsil almaq imkanı yoxdur. Rektor da mənə dedi ki, bu uşaqlara qanunda güzəşt nəzərdə tutulmayıb. Ona görə də birinci qrup əlil uşaqların da ödənişli təhsildən azad edilməsi məsələsinə baxaq”.

"Bunlar inkişaf etmirlər”

Parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov Azərbaycan prezidentinin seçkilər ərəfəsində müxalifət tərəfindən təhqir olunduğunu bildirib və bundan narahat olduqlarını söyləyib.

Z.Əsgərovun sözlərinə görə, hazırda ölkə başçısına qarşı təhqiramiz ifadələr işlədilir: "Bu təhqirlərin müəllifi olan müxalifət hələ də 1990-cı illərin təfəkküründə qalıblar. Bunlar inkişaf etmirlər, hələ də İsgəndər Həmidov təfəkkürü ilə yaşayırlar. İndi özünü qəhrəman kimi təqdim edən İsgəndər Həmidov vaxtı ilə dövlət televiziyası ilə Azərbaycan xalqını təhqir edirdi. İndi də Azərbaycan prezidentini təhqir edirlər. Unutmayaq ki, Azərbaycan prezidentinin ən azı üç ali statusu var. O, Azərbaycanın Prezidentidir, Azərbaycanın Ali Baş Komandanıdır, Azərbaycanın Ali İcra Başçısıdır. Amma bu statuslar pozulur və müxalifət tərəfindən təhqir olunur. Biz isə prezidentimizi hüquqi baxımdan qoruya bilmirik”.

"Elələri var ki, üstünə 3 yorğan atsa belə...”

Vitse-spiker Konstitusiyanın 106-cı maddəsini xatırladaraq deyib ki, həmin maddədə prezidentin şərəf və ləyaqətinin toxunulmazlığı açıq formada göstərilir: "Amma bu gün bu maddə ciddi şəkildə pozulur. Ona görə də mən təklif edirəm ki, bu maddəyə əsasən, ayrıca qanun qəbul edək və bu məsələni ciddi nəzarətə götürək. Mən payız sessiyasında bu qanun layihəsinin təcili müzakirəyə çıxarılmasını təklif edirəm”.

Spiker Oqtay Əsədov isə prezidentliyə namizədlərin debatından danışıb. O bildirib ki, debatda hər kəs öz səviyyəsini göstərir: "Azərbaycan xalqı müdrikdir və debatlarda hər şeyi görə bilir. Hamının hamıdan xəbəri var. O cümlədən də bəzi danışığını bilməz yaramazlardan xəbərimiz var. Elələri var ki, üstünə 3 yorğan atsa belə, eybi yenə görünəcək. Seçkilərdə fəal iştirak etməli, bütün dünyaya, Avropaya sübut etməliyik ki, Azərbaycan demokratik seçki keçirməyə qadirdir.

O.Əsədov həmçinin "Siqaret çəkmənin məhdudlaşdırılması haqqında” qanun layihəsinin yaz sessiyasında qəbulunun gözlənildiyini söyləyib: "Siqaret haqqında qanun hazırlanır. Bu qanunun hazırlanması asan məsələ deyil. Ümid edirəm ki, yaz sessiyası ərzində biz qanunu qəbul edəcəyik”.

"Ölkədə talassemiya, QİÇS, hepatit C xəstəliklərinin artması müşahidə olunur”

Millət vəkili Musa Quliyev isə mübahisəli qanun olan "Reproduktiv sağlamlıq haqqında” qanunun qəbul edilməsinin vacibliyindən danışıb. O bildirib ki, bu qanunun qəbulu cəmiyyət üçün vacibdir: "Bu qanunun qəbulu cəmiyyətdə problemlərin qarşısının alınmasına səbəb olacaq. Bununla yanaşı, hesab edirəm ki, nikaha girənlərin icbari tibbi sığortası da vacibdir. Bu haqda qanunvericiliyin təsdiq olunması zəruridir. Ölkədə nikah zamanı tibbi sağlamlığın müəyyənləşdirilməsi gələcək nəsil artımında fəsadların aradan qaldırılmasına kömək edə bilər”. M.Quliyevin sözlərinə görə, ölkədə talassemiya, QİÇS, hepatit C xəstəliklərinin artması müşahidə olunur. O, Heydər Əliyev Fondunun talassemiya ilə bağlı gördüyü işləri yüksək qiymətləndirib. Qeyd edib ki, talassemiyanın praktikasının düzgün qurulmaması bu xəstəliklə mübarizədə çətinliklər yaradır: "Məcburi tibbi sığorta onunla bağlıdır ki, bu, nikaha girən cütlüklərin ümumi vəziyyətini ortaya çıxarmağa kömək edəcək”. Daha sonra deputat selektiv abortun genişlənməsindən narahatlığını bildirib. O buna görə "Reproduktiv sağlamlıq haqqında” qanunun qəbulunu gecikdirməməyə çağırıb: "Selektiv abortlar genişlənib. Məsələn, bu il orta məktəbdə birinci sinfə gedən oğlan uşaqlarının sayı qızlardan 9 min nəfər çoxdur. Bu qanun qəbul olunarsa, vəziyyəti bərabərləşdirməyə kömək edəcək”.

"Bağçadan tutmuş doktoranturaya qədər...”

Deputat Əhməd Vəliyev "Təhsil haqqında” qanundan söz açaraq bildirib ki, bu qanun qəbul edilib, amma çərçivə qanunudur: "Sözügedən qanun qəbul edəndə qeyd etmişdik ki, sahə qanunları qəbul edilməlidir. Düşünürəm ki, bağçadan tutmuş doktoranturaya qədər təhsilin hər bir pilləsini əhatə edən ayrı-ayrı qanun layihələri hazırlanmalıdır. Və bu qanun layihələri payız sessiyasında qəbul olunsun. Gənc insan təhsil naziri təyin edilib. Bunun da fəaliyyətini müəyyən qədər artırmaq üçün bu pillələri əhatə edən sahə qanunlarının qəbul edilməsi vacibdir”.

Millət vəkili Musa Qasımlı isə "Elm siyasəti haqqında” qanun layihəsini gündəmə gətirib: "Bu qanun layihəsinin parlamentin gündəliyinə salınmasını müsbət qarşılayıram. Mən universitetlərin gücləndirilməsini təklif edirəm. Xaricdə təhsil almanın əleyhinə deyiləm. Gənclərimiz daha çox bakalavr təhsilini ölkəmizdə, magistratura, doktorantura təhsilini xaricdə davam etdirirlər”.

Deputat tıxaclardan danışdı

Deputat daha sonra son günlər paytaxt Bakıda müşahidə olunan tıxaclar məsələsinə toxunub: "Bu gün Bakı küçələrində yanacaq daşıyan maşınlar saatlarla tıxaclarda olur. O tıxaclarda olan maşınların birində partlayış törənərsə, bunun hansı fəsadlar törədəcəyi haqda danışmalıyıq. Hesab edirəm ki, bunlar nəqliyyatın az olduğu zaman - gecələr daşınmalıdır. İkinci məsələ yollar, körpülər çəkilir. Amma 20 Yanvar dairəsində körpünün altı maşın dayanacağına çevrilir. Körpünün altında partlayış olarsa hansı nəticələr yaranacağını düşünməliyik. Bunlar strateji baxımdan vacib yerlərdir. İnsanların təhlükəsizliyinə diqqət yetirilməlidir”.