Builki ziyarətdə cəmi 1 körpə uşaq var

Zəvvarlarımızı Məkkəyə aparacaq ilk təyyarə oktyabrın 3-də havaya qalxacaq


Azərbaycan zəvvarlarının müqəddəs torpaqlara yola düşməsinə sayılı günlər qalır. Sabah yox, birisigün səhər saat 09:20 dəqiqədə zəvvarları Məkkəyə aparacaq ilk təyyarə havaya qalxacaq. Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızovdan aldığımız məlumata görə, oktyabrın 3-də bir reys, sonrakı günlər isə ardıcıl olaraq oktyabrın 4-ü, 5-i, 6-sı, 7-si hər gün iki-üç təyyarə reysi həyata keçiriləcək.

Oktyabrın 8-də isə sonuncu bir reys olacaq. Bununla da Azərbaycan zəvvarlarının hamısı - təxminən 3600 nəfər Səudiyyə Ərəbistanına çatdırılmış olacaq. M.Payızov qeyd etdi ki, ümumilikdə 14 reys həyata keçiriləcək. Zəvvarlar artıq qruplara bölünüb, hər qrupda 45-55 zəvvar cəmləşib. Zəvvarlarla birgə idarənin əməkdaşları, Şeyxülislamın müavinləri, həmçinin yerlərdən din xadimləri də Həcc mövsümünə qatılıcaq, qruplara rəhbərlik edəcəklər. M.Payızovun sözlərinə görə, builki Həcc ziyarətinə Azərbaycandan əsasən orta yaş həddində olanlar gedir. Zəvvarların arasında gənclər də var, lakin çoxluq təşkil etmir. Builki ziyarətdə cəmi 1 körpə uşaq var.

M.Payızov bildirdi ki, Səudiyyə Ərəbistanında Həcc mövsümü üçün hazırlıq işləri artıq başa çatıb. Kəbə evinin ətrafı genişləndirilib, bu da zəvvar sıxlığının aradan qaldırılmasına kömək edəcək. Bundan əlavə zəvvarları Ərəfatdan Mina dağına aparan dəmiryolu da işlək vəziyyətdədir. Lakin Azərbaycan zəvvarları hələ ki, dəmiryolu xidmətindən istifadə edənlər arasında deyil. Bizimkilər ənənəvi qaydada, ötən illərdə olduğu kimi, bu il də avtobus xidmətindən istifadə edəcəklər. Ərəfatdan Minaya qatarla getmək üçün ziyarət xərclərinə əlavə vəsait ödənməlidir. Hələ ki, ancaq Körfəz ölkələri qatarların xidmətindən istifadə edir. Mümkündür ki, qarşıdakı illərdə dəmiryolu tam gücü ilə işləsin və o zaman digər ölkələrdən gələn zəvvarlar da bu xidmət növündən istifadə etsinlər. Bununla belə, hətta bir neçə ölkə zəvvarlarının Ərəfatdan dəmiryolu vasitəsilə Minaya getməsi yollarda zəvvar sıxlığının və tıxacların aradan qaldırılmasına xeyli kömək etmiş olacaq.

M.Payızov qeyd etdi ki, zəvvarların qalacaqları mehmanxanalar artıq dəqiqləşib, onların yerləşdirilməsində heç bir problem olmayacaq. Mehmanxanalar Məscidül-Hərama yaxın ərazilərdədir. Ziyarətə gedənlər əvvəlcə Məkkədə olacaq, vacib əməlləri yerinə yetirib Həcci başa vurduqdan sonra növbə-növbə geri qayıdacaqlar:

- Necə ki, zəvvarlar buradan növbə-növbə təyyara reysləri ilə SƏ-nə uçacaq, eləcə də qrafik üzrə növbəlilik prinsipi ilə geri qayıdacaqlar. Həcc ziyarətinə Bakı-Ciddə reysi ilə gediləcək, qayıdan baş isə zəvvarlar Mədinədə olacaq, peyğəmbərimizin (s.ə.s) məzarını, Məscidi-nəbəvini, digər müqəddəs məkanları ziyarət edəcək və Mədinə-Bakı reysi ilə geri qayıdacaqlar. Allah ziyarətinizi qəbul etsin. Amin!