Sərdar Cəlaloğlu: “Müharibə ilə sülhün arasında partizanlıq bir variantdır”
Bu ilin aprel ayında Qarabağda, qoşunların təmas xəttində baş verənlər "dördgünlük müharibə” kimi xarakterizə olunan şiddətli atışma münaqişənin hər an iri miqyasa keçəcəyi gerçəyini ortaya qoydu. Döyüşlərdə Azərbaycanın gücü, strateji Lələtəpə yüksəkliyini düşmən ermənilərdən geri qaytarması bir çox qaranlıq suallara aydınlıq gətirmiş oldu. Bütün dünya ictimaiyyəti anladı ki, Azərbaycanın səbri tükənməz deyil, hər an torpaqlarını güc yolu ilə işğaldan azad etməyə qalxa bilər. Sadəcə rəsmi Bakı daha çox problemin sülhlə həllində maraqlı olduğuna görə, əməliyyatları dayandırdı.
Bununla belə, hərbi əməliyyatların yenidən başlaması istisna deyil. Aprel hadisələrindən sonra yerli və xarici analitiklər bildirdilər ki, Qarabağ danışıqları aktiv fazaya keçəcək, ilin sonuna kimi hansısa irəliləyişlər olacaq. Amma 2016-cı ilin sonuna bir ay qalıb, Ermənistanın qeyri-konstruktiv mövqeyi davam etməkdədir. Bu səbəbdən də, sülh prosesində hansısa irəliləyişə nail olunmayıb.
Qarabağ danışıqlarındakı hazırkı durumu "Şərq”ə müsahibəsində şərh edən Azarbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyir ki, əvvəla, münaqişənin tarixinə, yaranma səbəbinə baxmaq lazımdır...
- Birinci baxmaq lazımdır münaqişə necə yaranıb, nədən yaranıb və arxasında dayanan kimdir. Qarabağ problemini Rusiya yaradıb, arxasında Moskva durur, məqsəd də bölgəni, Azərbaycanı təsir dairəsində saxlamaqdır. Necə ki, Rusiya siyasətini dəyişməyib, Qarabağla bağlı bizim, yəni Azərbaycanın rəyinin, fikrinin heç bir əhəmiyyəti yoxdur. Ermənilərə də bu sərf edir. Çünki işğal etdiyi ərazilərdədir, oradan istifadə edirlər. Belə lokal münaqişələrin həll edilməməsinin səbəbi, supergüclərdir. Supergüclər öz maraqlarını təmin etmək üçün konfliktləri əllərində silah kimi saxlayırlar. Sabah tərəflər, Azərbaycan və Ermənistan problemi özləri həll etmək istəsələr, maraqlı olan supergüclər buna imkan verməyəcəklər. Sadəcə, Azərbaycan hər fürsət tapdıqca əraziləri hissə-hissə azad edib, mövqelərini irəli çəkməlidir. O vaxta qədər ki, münaqişənin sülhlə həllinin reallığı görünsün. Bu gün Azərbaycanın mövqeyini dünya gücləri, beynəlxalq təşkilatlar müdafiə etmirlər. Minsk Qrupu ona görə yaradılıb ki, məsələlər siyasi müstəvidən kənara çıxmasın. Qarabağ münaqişəsi beynəlxalq hüququn subyektidir. Amma bir dəfə də olsun hüquqdan danışan yoxdur. Sadəcə güzəşt deyib dayanıblar.
- Fürsət düşdükcə, hücuma keçib, hissə-hissə əraziləri azad etməli olduğumuzu dediniz. Yəni genişmiqyaslı əməliyyatları, müharibəni istisna edirsiz?
- Əlbəttə ki, genişmiqyaslı müharibə aparmaq çətindir. Güclü ordumuz ola bilər. Amma münaqişənin donmuş vəziyyətdə, hazırkı status-kvoda saxlanmasını istəyən güclər müharibəyə imkan verəcəklərmi? Bu mümkün deyil. Azərbaycanın səhvi vaxtilə Qarabağda partizan hərəkatı yaratmaq istəyən adamları zərərsizləşdirib, həbs etmək idi. Halbuki o hərəkata qeyri-rəsmi dəstək verilməli idi. Sovet hökuməti Hitler Almaniyasına qarşı mübarizədə partizanlardan istifadə edirdi. Hamı da bilir ki, partizan hərəkatı olmasaydı, Hitler gəlib Moskvaya çıxardı. Azərbaycan müharibə başlatmamışdan qabaq, partizan hərəkatı yaratmalıdır. Elə etməliyik ki, ermənilər başlarını tutub Qarabağdan qaçsınlar. Partizanların etdiyi müharibə sayılmır. Dövlət məsuliyyət daşımaz bu halda. Hökumətdən asılı olmadan qeyri-rəsmi şəkildə fəaliyyət göstərə bilərlər. Hər bir vətəndaşın öz torpaqlarını qorumağa mənəvi haqları var. Qarabağda partizan dəstələri olsa, ermənilər Qarabağda bir gün də dayanmazlar. Amma indi necədi? Beynəlxalq təşkilatlar nəzarət edirlər, ermənilər də Qarabağda kef edirlər, Cıdır düzündə at oynadıb, İsa bulağından su içirlər. Belə olan halda, erməni Qarabağı boşaldar? Əlbəttə ki, yox. Çünki dinc yaşayırlar, yaylaqlarda kabab yeyirlər. Müharibə ilə sülhün arasında partizanlıq bir variantdır. Bundan da istifadə etmək lazımdır.
- Bu, həll variantı deyil axı...
- Biz elə bilirik ki, problemin həllinin ikicə yolu var - ya hərb, ya da sülh. Amma elə deyil. Paralel məntiq göstərir ki, həll olunmamış münaqişələrin çözülməsində, həddən artıq alternativ yollar var ki, bunlar müharibədən çox xeyir verə bilər. Biri elə dediyim partizan müharibəsidir.
- Başqa alternativlər hansıdır?
- Danışıqlarda təşəbbüsü tam ələ almaq lazımdır. Məsələn, danışıqlar zamanı iki ölkə arasındakı tarixi müqavilələri qaldırmaq lazımdır. İrəvan mübahisəli ərazi olaraq Ermənistana yüz illik verilib ki, həmin yüz il tamam olur. Yəni yüz il qabaq mübahisəli qaldığı üçün, belə şərt kəsilib ki, yüz ildən sonra İrəvanın statusuna baxılsın. Bu, sənədlə, sübutladı. İndi Azərbaycan İrəvanın statusunun yenidən müəyyən edilməsi məsələsini ortaya çıxarmalıdır, tələb qoymalıdır. Elə bu, Dağlıq Qarabağın statusu məsələsinə alternativdir. Həmçinin Dağlıq Qarabağa muxtariyyətin niyə verildiyi ortaya çıxarılmalıdır. Ermənilərin Qarabağa iddiasının qarşısının alınması üçün ötən əsrin əvvəllərində Zəngəzur, Vedibasar könüllü Ermənistana verilib. Bu ərazilər verildiyinə görə, Ermənistanın Dağlıq Qarabağa iddia etməsi hüquqi cəhətdən doğru deyil. Ordakı sənədlərdə konkret yazılıb ki, Zəngəzur və Vedibasar ermənilərə ona görə verilir ki, onlar bir daha Qarabağa iddia etməyəcəklər. Və Dağlıq Qarabağa ona görə muxtariyyət verilir ki, ora heç zaman Azərbaycanın tərkibindən çıxmayacaq. Ortada sənədlərə əsaslanan şərtlər var ki, onları ermənilər faktiki olaraq pozublar. Yəni dediyim odur ki, Azərbaycan tərəfi iki ölkə arasındakı hüquqi münasibətlərin tarixinə nəzər salmalıdır ki, bu günə qədər bu edilməyib. Digər yandan sovetlər vaxtı bir çox sərhəd rayonların əraziləri zorla ermənilərə verilib ki, onların geri qaytarılması məsələsi qaldırılmalıdır. Bunlar elə alternativ variantlar deyil?
- BMT-nin qəbul etdiyi qətnamələrə məhəl qoyulmursa, siz dediyiniz tarixi məsələlərə baxılacaqmı?
- BMT-nin Qarabağla bağlı xüsusi qətnaməsi var ki, onun heç bir rolu yoxdur. BMT-nin Qarabağla bağlı ümumi qətnaməsi təsdiq edilməyib. Bu məsələ heç o tribunadan qaldırılmayıb da. Danışıqları qoyaq kənara, bizim xarici işlər naziri çıxıb BMT-də demir ki, niyə Qarabağla bağlı verdiyiniz xüsusi qətnaməni, ümumi şəkildə təsdiq etmirsiz?! Bir halda ki, Avropa Birliyi də Qarabağın işğal edildiyini deyir, digər təşkilatlar da işğal faktını dəstəkləyir, o zaman niyə qətnamə ümumi tətbiq olunmur?! Biz deyirik ki, 4 qətnamə var, doğrudur. Amma bu, xüsusi qətnamələrdir ki, onun da hüquqi qüvvəsi yoxdur. Yəni deyirlər ki, qeyd-şərtsiz torpaqlar boşaldılmalıdır. Amma Ermənistan xüsusi qətnamə olduğu üçün istəsə əraziləri boşaldar, istəsə boşaltmaz, necə ki, ikinci variantı seçib. Amma qətnamə ümumi təsdiqlənərsə, o zaman BMT-nin öhdəlikləri yaranır. Ümumi qətnamə tətbiq edilən zaman bütün dünya Azərbaycanın tərəfində dayanmağa borclu olacaq. Çünki bu, beynəlxalq hüququn normasıdır. Ümumi qətnamədə Ermənistanın istəyi nəzərə alınmayacaq. Ümumi qətnamədə açıq şəkildə yazılır ki, işğala məruz qalmış ərazilərin azad edilməsinə BMT birmənalı şəkildə cavabdehdir. Əgər işğalçı əraziləri tərk etmirsə, o zaman həmin ölkə blokadaya alınmalıdır. İşğala məruz qalan isə hər cür, maddi və hərbi yardımla təchiz olunmalıdır. Amma yenə deyirəm, Qarabağla bağlı BMT-də verilən 4 məlum qətnamə, xüsusidir, ümumi deyil. Bizim XİN isə bir dəfə də olsa, bu qətnamələrin ümumi təsdiqini tələb etməyib.
- Məsələdə "xalq diplomatiyası” hansı rol oynaya bilər?
- Ermənistanda kifayət qədər insanlar var ki, onlar Dağlıq Qarabağın Azərbaycana aid olmasını düşünürlər, bunu açıq şəkildə bildirirlər. Bu cür insanlar xarici ölkələrdə də çoxluq təşkil edirlər. Biz onlardan bacardığımız qədər istifadə etməliyik. Xaricdə Azərbaycanı sevən insanları təşkilatlandırmaq, bir araya gətirmək mümkündür. Millət vəkili Akopyan var idi, o hər zaman Qarabağın Azərbaycana qaytarılmalı olduğunu deyirdi. Eyni zamanda QHT nümayəndələri, jurnalistlər, fikir adamları var ki, onlar bizdən yanadırlar. Biz bu insanlardan niyə istifadə etməyək?
- Bu yaxınlarda erməni QHT nümayəndələri, jurnalistlər, tanınmış yazıçı Bakıya gəldi, Xocalı abidəsinin qarşısında baş əydilər, Azərbaycanın haqlı mövqeyini müdafiə etdiklərini dedilər. Bunların bir effekti olacaqmı?
- Ən azı beynəlxalq ictimai rəyə təsir etmək baxımından, Ermənistanın haqsız olmasını dünyaya çatdırmaq baxımından vacibdir. Biri var, azərbaycanlı desin ki, Qarabağ bizimdir, bir də var işğalçı ermənilərin nümayəndəsi desin ki, Qarabağ Azərbaycanındır, bizimkilər oranı işğal edib. Əlbəttə ki, erməninin etirafı effektli olacaq. Həm də, belə bir söz var ki, bekar oturmaqdansa, işləmək yaxşıdır. Dağlıq Qarabağla hər gün məşğul olmaq lazımdır. Yoxsa Minsk Qrupu gələcək, bəyanat verəcək, müzakirə olunacaq, bitdi. Bununla irəliləmək mümkün deyil. Yaponlar deyir ki, əgər ardıcıl olaraq bir damla dağın başından bir yerə düşərsə, müəyyən müddətdən sonra o damcı dağın dibinə kimi gedəcək. Yəni ardıcıllığın belə bir gücü var. Ona görə də Qarabağla bağlı ardıcıl iş aparılmalıdır. Bir də ki, bizim təşəbbüslərimiz olmalıdır. Biz təşəbbüs vermirik, sadəcə Minsk Qrupunun irəli sürdüyü təkliflərə baxırıq, ya "hə”, ya da "yox” deyirik, bununla da məsələ qapanır. Amma bu günə kimi özümüz Qarabağla bağlı təkliflər paketi hazırlayıb verməmişik ki, ərazilərimiz qaytarılanda filan işi görəcəyik, filan tədbirləri həyata keçirəcəyik.
- Amma dəfələrlə rəsmilər deyiblər ki, ermənilərə şərait yaradılacaq, təhlükəsizlik təmin olunacaq və s. Hətta Dağlıq Qarabağa Muxtar Respublika statusu veriləcək. Bunlar Azərbaycanın təklifləri deyilmi?
- Məsələ deməklə bitmir. Söhbət sənədin hazırlanmasından, təkliflər paketinin Minsk Qrupuna, dolayısıyla Amerikaya, Rusiyaya, Fransaya təqdimatından gedir. Kompleks şəkildə göstərilməlidir bütün məsələlər. Orada Ermənistanla münasibətlər necə olacaq, Dağlıq Qarabağda Azərbaycanın suveren hüququ necə tənzim olunmalıdır, Rusiya hansı mövqeyi sərgiləməlidir və s. göstərilməlidir. Bunlar hamısı o paketin içərisində olmalıdır. Alınar lap yaxşı, alınmasa da, yenə başqa bir variant üzərində işlənilməlidir. Amma bu günə kimi belə sənəd hazırlanmayıb.
- Siz ölkədə müxalif bir partiyanın rəhbərisiz. Qarabağla bağlı sizin partiya niyə beynəlxalq qurumlara, təşkilatlara etiraz etmir, müraciət, məktub ünvanlamır?
- Siz nə bilirsiz ki, biz Qarabağla bağlı təklif vermirik, müraciət etmirik?
- Amma mən ADP-nin və ya digər partiyaların münaqişə ilə bağlı hansısa bəyanatına son bir ildə rast gəlməmişəm, hansısa təklifi görməmişəm...
- Bilirsiz, ADP olaraq Qarabağla bağlı təkliflər paketi hazırlamışdıq, adını da qoymuşduq - "Hər iki tərəf üçün qələbə”. Yəni orada göstərilirdi ki, həm ermənilərin istədiyi olsun, həm Azərbaycanın. Rusiya mətbuatı təkliflərimizlə bağlı məqalələr yazdı, geniş təhlillər aparıldı. Amma hökumətimizin bu sənədə heç bir reaksiyası olmadı. Bu bizim günahımız deyil axı. Bütün hallarda dediyim odur ki, Qarabağla bağlı müntəzəm iş aparılmalıdır. Bunun əsas ağırlığı da, Azərbaycan hökumətinin üzərinə düşür. Biz də müxalif təşkilat olaraq, Qarabağ məsələsində hər zaman hökumətin siyasətinə dəstək verməyə hazırıq.
Anar Bayramoğlu