Tibbi sığortaya keçid başlanılır

“İcbari tibbi sığortanın iş qüvvəsi olmayan insanlar üçün dövlət tərəfindən maliyyələşdirilməsi çox önəmli bir faktordur”


"Azərbaycanda icbari tibbi sığortanın tətbiqi zamanı təbii səbəblərdən gəlir əldə edə bilməyən
əhalinin dövlət vəsaiti hesabına tibbi sığortaya cəlbi nəzərdə tutulur”. Amma burada istisnalar da var. Əlillər, pensiyaçılar, uşaqlar, aztəminatlı ailələr və işsizlik status olan şəxslər sığorta
ödənişindən azad olunacaqlar.

Bu barədə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Monitorinq,
təhlil və informasiya texnologiyaları şöbəsinin müdiri İsa Əliyev bildirib. Şöbə müdiri qeyd edib
ki, bütün əhalinin icbari tibbi sığorta sistemi ilə əhatə edilməsi nəzərdə tutulur: "Bu sistem
həmrəylik prinsipinə əsaslanır və burada dövlətin rolu olacaq. Dövlət öz üzərinə düşən əhali
qruplarının sığortaya cəlbinin maliyyələşdirilməsini öhdəsinə götürəcək”.İ.Əliyev əlavə edib ki, sığorta sistemində gəlir əldə edə bilməyən qrupların icbari tibbi sığortaya
cəlbini dövlət həyata keçirəcək. Amma digər şəxslər üçün icbari tibbi sığorta ödənişləri tətbiq
olunacaq. İlkin olaraq, bu, pilot rayonlar üzrə sınaqdan keçiriləcək”.
Şöbə müdiri həmçinin deyib ki, sığorta sisteminin tətbiqi üçün Yevlax rayonu və Mingəçevir
şəhəri pilot ərazilər seçilib: "Artıq bu sahədə işlərə başlamışıq. Bu rayonlarda sakinlərlə, tibb
mütəxəssisləri ilə müəyyən görüşlər keçirilib və ictimai tibbi sığorta barəsində onlara daha ətraflı
məlumat verilib”.

Tibbi sığortanın tətbiqi ölkənin səhiyyə sisteminə nələr gətirəcəyi suallar doğurur.
Səhiyyə sahəsi üzrə ekspert, tibb elmləri namizədi Şəmsiyyə Namazlı inkişaf etmiş demokratik
ölkələrdə belə sığortaların olduğunu deyib və ölkəmizdə bu addımın atılmasını alqışlayıb:
"İcbari tibbi sığortanın iş qüvvəsi olmayan insanlar üçün dövlət tərəfindən maliyyələşdirilməsi
çox önəmli bir faktordur. Belə bir sosial qruplar hər zaman dövlətin nəzarətində olmalıdır.
Onların müalicəsi və müayinələri, kəskin bir xəstəliyi olarsa, əməliyyat edilməsi sığorta
tərəfindən qarşılanmalıdır. Çünki əlillər, pensiyaçılar və azgəlirli şəxslər də bu ölkənin bir
vətəndaşıdırlar. Bu vətəndaşların da konstitusiyamızda təsdiq edildiyi kimi müalicə almaq və
sağlamlığının qayğısına qalmaq hüququ var. Biz demokratik və dünyəvi bir ölkə olduğumuz
üçün belə prosedurlar bizim vətəndaşlarımıza şamil olunacaq. Güman edirəm ki, minimal olsa
belə, bu öhdəliklər yerinə yetiriləcək. Sovet dönəmindən elə bir qrup şəxslər var idi ki, onlar
hansısa şirkətdə çalışırdılarsa, ailə üzvlərinin tibbi müayinələri dövlət hesabına həyata keçirilirdi.
Belə ki, 18 yaşına kimi uşaqların tam müayinəsi və müalicəsi xəstəxanaların öhdəsinə düşürdü.
Amma 18 yaşı keçdikdən sonra müəyyən faiz güzəştlərlə həmin xəstəxanalarda müalicə ala
bilirdilər. Lakin indiki dövrdə özəl sektorlarda çalışan insanlar əmək qabiliyyəti olan şəxslər
hesab olunur və onlar öz sığortalarını özləri həll edə bilir. İnsanların ekstremal şəraitdə müdaxilə
olunması lazım olan hər hansı bir xəstəliyi varsa və cərrahiyə əməliyyatı lazım olduqda, bu,
sığorta tərəfindən qarşılanmalıdır”.

Yeganə Bayramova