"Şeyxülislam mükafatı”nın təsis olunması təqdirəlayiq təşəbbüsdür. Onun uzunömürlü olması haqqında fikir söyləmək isə hələ ki tezdir.
Bu sözləri Sherg.az-a jurnalistlər üçün "Şeyxülislam mükafatı”nın təsis edilməsinə münasibət bildirən "Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev deyib.
Onun sözlərinə görə Qafqaz Müsəlmanları İdarəsi bu addımı ilə jurnalistlərə olan diqqətini çatdırır:
"Mükafatın verilməsi üçün güman ki, nizamnamə tərtib ediləcək. Hazırda QMİ sədri Hacı Allahşükür Paşazadənin təşəbbüsünə əks reaksiyalar müşahidə olunur. Lakin hesab edirəm ki, məlumat açıqlanan kimi mənfi reaksiya vermək düzgün deyil. Mükafatın təsis edilməsi idarənin media ilə münasibətlərini yaxınlaşdırmağa çalışmasından irəli gəlir”.
Bu kimi layihələrin təşkil edilməsini müsbət qiymətləndirən İ.Quliyev onların uzunömürlü olmasına da toxunub:
"Çox mükafatlar görmüşük ki, uzun illər davam edib, gənc jurnalistlər üçün də müsbət motivasiya rolunu oynayıb. Bununla yanaşı yaradılıb, tez sıradan çıxanlar da az olmayıb. Təsisçilərin mediaya dəyərindən asılı olaraq mükafatların mükəmməlliyi də müəyyən edilir. Yeni yaradılan "Şeyxülislam mükafatı”nın isə uzunmüddətli olub-olmayacağı haqqında dəqiq fikir söyləmək tezdir”.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə jurnalistlər üçün "Şeyxülislam mükafatı”nın təsis edilməsi barədə qərar verib. Bu mükafat jurnalistlərə milli-mənəvi dəyərlərlə bağlı yazılarına görə veriləcək.
Aysel Aslan