“24 ildir gözləyirik”

“ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar heç bir praktiki nəticə əldə olunmadan uzun illərdir davam edir”



Prezident İlham Əliyev Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini qəbul edib. Dövlət başçısı görüşdə Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq təşkilatlarla əlaqələr, media, toplaşmaq azadlığı və başqa mühüm məqamlara toxunub. Prezident öncə Ermənistan-Azərbaycan münaqişəsindən danışıb. Dağlıq Qarabağın və ətraf yeddi rayonun işğalına, Ermənistandan azərbaycanlıların deportasiyasına, Xocalı faciəsinə toxunub.

Ölkə rəhbəri vurğulayıb ki, ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin prezidentləri bir neçə dəfə bəyan ediblər ki, status-kvo dəyişdirilməlidir, bu, qəbuledilməzdir: "Ermənistan buna sadəcə olaraq göz yumur və status-kvonu dəyişməz olaraq saxlamaq üçün əlindən gələni edir. Əfsuslar olsun ki, ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar heç bir praktiki nəticə əldə olunmadan uzun illərdir davam edir. Münaqişənin həll olunmamasının əsas səbəbi budur. Bundan əlavə, Ermənistan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, erməni qoşunlarının işğal olunmuş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrə əməl etmir. Qətnamələr kağız üzərində qalır. Bəzən qətnamələr bir neçə gün ərzində yerinə yetirilir, amma biz 24 ildir gözləyirik. Düşmənə qarşı beynəlxalq səviyyədə təzyiq artanda, onlar 2014-cü ildə olduğu kimi, təmas xəttində hərbi təxribatlara başlayırlar. Hərbi helikopterlərlə mövqelərimizə hücum edəndə biz buna cavab vermək məcburiyyətində qaldıq. 

Nəticədə danışıqlar donduruldu. 2016-cı ildə təzyiq yenidən artmağa başladı, bu dəfə ermənilər kəndlərimizi atəşə tutmağa başladı, 6 mülki şəxsi qətlə yetirdilər, 20-dən artıq adam yaralandı və biz yenə də cavab verməli olduq. Cavab çox ciddi və effektiv oldu. Biz ərazilərimizin mühüm hissəsini azad etməyə müvəffəq olduq. Ermənilər yenə də bunu bəhanə edərək bizi təcavüzdə günahlandırdılar və danışıqlara yenidən başlamaq üçün şərtlər irəli sürdülər. Sözsüz ki, Azərbaycan bu şərtlərin heç birini qəbul etmədi”. Dövlət başçısı bəyan edib ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir: "Tarix bu faktı təsdiqləyir. Dağlıq Qarabağ Azərbaycanın qanuni hissəsidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Tarixən bizə məxsus olan torpaqlarda ikinci qondarma erməni dövlətinin yaradılmasına razılıq verməyəcəyik. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl edilməlidir”. 

Prezident vurğulayıb ki, münaqişənin həll olunmamasının səbəblərindən biri təcavüzkara qarşı beynəlxalq səviyyədə təzyiqin olmamasıdır: "Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Mənim buna şübhəm yoxdur. Məsələ bundadır ki, biz bunu sülh yolu ilə etmək istəyirik. Əgər Ermənistana qarşı sanksiyalar tətbiq olunsaydı, bəlkə də münaqişə çoxdan həll edilmiş olardı. Beynəlxalq ictimaiyyətin Ermənistana münasibətdə bu cür mülayim siyasəti onlarda belə təsəvvür yaradır ki, bizim torpaqlarımızda qanunsuz şəkildə qalmağa davam edə bilərlər”. Dövlət başçısı ölkədə iqtisadi inkişafın hökm sürdüyünü, işsizlik səviyyəsinin 5-6 faizə yaxın olduğunu, ixrac potensialının artdığını diqqətə çatdırıb: "Davos İqtisadi Forumunun son dəfə dərc etdiyi iqtisadiyyatın rəqabət qabiliyyəti üzrə yeni hesabatda Azərbaycan iqtisadiyyatının qlobal rəqabət qabiliyyəti indeksində 35-ci yerdə qərarlaşıb. Axırıncı dəfə biz 37-ci yerdə idik, indi isə 35-ci yerdəyik. Biz MDB ölkələri arasında birinciyik və 140 ölkə arasında 35-ci olmaq həqiqətən də böyük uğurdur. Azərbaycan böyük enerji ehtiyatları olan ölkə kimi tanınır və bu ehtiyatları dünya bazarlarına nəql etmək üçün əsasən sərmayələr yatırır. Bu gün Avropa İttifaqının üzvü olan bəzi ölkələr üçün enerji balansında bizim neftimiz təqribən 25-30 faiz təşkil edir. Neft müqaviləsinin 2050-ci ilədək uzadılması mühüm nailiyyətdir. Minimum təbii qaz ehtiyatları 2,6 trilyon kubmetr təşkil edir. Bu, böyük rəqəmdir və bu rəqəm daha da artacaq. Azərbaycandan təbii qazın Avropa bazarlarına nəql edilməsi layihəsi hazırda Avropanın enerji gündəliyində duran ən vacib məsələlərdəndir. Biz Avropa Komissiyası ilə sıx əməkdaşlıq şəraitində bu məsələ üzərində çalışırıq. Azərbaycan "Cənub Qaz Dəhlizi” layihəsinin işlənilməsində aparıcı qüvvə olub. Bu gün bu layihəyə 7 ölkə qoşulub. Bunlar Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliyadır. Bir neçə Balkan ölkəsi də artıq bu layihəyə qoşulmaq niyyətindədir. Minimum təbii qaz ehtiyatları 2,6 trilyon kubmetr təşkil edir. Bu, böyük rəqəmdir və bu rəqəm artacaq”. Dövlət başçısı deyib ki, Azərbaycan dəmir yolu infrastrukturunun fəal modernləşdirilməsi mərhələsindədir: "Bu limanın maksimum yükqəbuletmə, yükgöndərmə tutumu ildə 25 milyon ton olacaq. Bütün bu işlər qonşularımız və o qədər də yaxın olmayan qonşularımızla əlaqə yaratmaq üçün görülür. Şərq-Qərb Nəqliyyat Dəhlizi çox tezliklə fəaliyyət göstərəcək. Azərbaycanın Xəzər dənizində ən böyük ticarət donanması var, 300-ə yaxın gəmimiz, Bakıda bütün növ gəmiləri inşa edə bilən müasir gəmiqayırma zavodumuz var. Gələn il Xəzər dənizində ən böyük beynəlxalq dəniz limanını istismara verəcəyik. Bu limanın maksimum yükqəbuletmə, yükgöndərmə tutumu ildə 25 milyon ton olacaq. Bütün bu işlər qonşularımız, yaxın qonşularımız və o qədər də yaxın olmayan qonşularımızla əlaqə yaratmaq üçün görülür. Şərq-Qərb Nəqliyyat Dəhlizi çox tezliklə fəaliyyət göstərəcək. Bu, Xəzər dənizindən, Azərbaycandan keçən, Asiyadan Avropaya gedən bir yoldur və bu, Asiyadan Avropaya ən qısa nəqliyyat yolu olacaq”. Prezident Avropa İttifaqı ilə Saziş üzərində aparılan danışıqlara da diqqət çəkib: "Məndə olan məlumata görə, danışıqlar uğurla davam edir. Bizdə danışıqları gec olmaqdansa, daha tez yekunlaşdırmaq istəyi var və biz Avropa İttifaqı ilə münasibətlərdə yeni bir səhifənin açılmasını istəyirik. Avropa bizim əsas ticarət tərəfdaşımızdır və bizim Avropa ilə ənənəvi əlaqələrimiz var”. Dövlət başçısı Azərbaycanda azadlıqların təmin olunması və demokratiyanın inkişafı məsələsindən danışarkən deyib ki, Azərbaycan medianın kəskin hücumuna məruz qalmaqdadır: "Müəyyən QHT-lər, bizdən istədiklərini əldə edə bilməyən müəyyən xarici dairələr və Azərbaycanın müstəqil siyasət yürütməsindən, başqalarının işlərinə qarışmamasından narahatdırlar. Bizim inkişafımıza sevinməyən və ya Azərbaycanda hökmranlıq etmək arzusunda olan müəyyən dairələr ölkəmizi gözdən salmağa çalışırlar. Mən prezident seçildiyim gündən bu tendensiya bizim hökuməti müşayiət edir. Bunun müxtəlif səbəbləri var. Bunlardan biri erməni lobbisi və diasporudur ki, o, Qərbdə böyük siyasi, ictimai və media köklərinə malikdir”. Dövlət başçısı görüşdə Avropa Şurasından çıxmaq məsələsinə də toxunub: "Təəssüf ki, Avropa Şurası ilə bağlı ictimai rəy o qədər də müsbət deyil. Bunun bir neçə səbəbi var. Birincisi, bu təşkilata üzv olarkən bizim gözləntimiz ondan ibarət idi ki, o, bizə Dağlıq Qarabağ münaqişəsinin həllində yardım edəcək. Lakin Avropa Şurası bu işdə uğursuz oldu. İkincisi, üzvlüyümüzün əvvəlində mən bizim nümayəndə heyətinin ilk rəhbəri olmuşam. O zaman mən Azərbaycan parlamentinin üzvü idim və 2001-2003-cü illərdə Azərbaycanın Avropa Şurasının Parlament Assambleyasındakı nümayəndə heyətinə rəhbərlik etmişəm. Yəni, onun necə təşkilat olmasını bilirəm və orada Azərbaycana qarşı münasibətin necə olduğundan xəbərdaram. Münasibət olduqca mənfi idi. Biz həmin təşkilata Ermənistanla eyni gündə üzv olmuşuq. Azərbaycana qarşı kəskin mənfi münasibətlə Ermənistana olan müsbət münasibəti müqayisə edirdik. Seçkilərin daim saxtalaşdırıldığı, siyasətçilərin parlamentdə qətlə yetirildiyi, terrorizmin demək olar ki, rəsmi siyasət səviyyəsində qəbul edildiyi Ermənistan AŞ PA-dakı lobbi qrupları tərəfindən hər zaman himayə olunur. Azərbaycan isə hər zaman hücumlara məruz qalır. Təəssüf ki, son vaxtlar Avropa Şurasının bəzi rəsmiləri Azərbaycana qarşı yeni hücum təşkil ediblər. Onlar bizi üzvlükdən məhrum etmək və bizə qarşı sanksiya tətbiq etməklə hədələyirlər. Təbii ki, bizim siyasətçilər, parlamentarilər, jurnalistlər və insanlar adekvat reaksiya nümayiş etdirirlər. Birincisi, onlar üzv ölkələrlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin 10 mindən artıq qərarının icrasını təmin etsinlər. Ondan sonra Azərbaycanın üzvlükdən çıxarılmasından və ya sanksiyalardan bəhs edə bilərlər. Bu, baş vermiş olsa, bu hal ikili standartların təntənəsi olacaq. Müxtəlif səbəblərdən Avropa Məhkəməsinin 10 min qərarının icra edilmədiyi bir halda Azərbaycan o qərarları icra edir, lazım gəldikdə təzminat ödəyir və ümumilikdə, olduqca konstruktiv davranır”.

İsmayıl