Azərbaycanlıların Rusiyada gördüyü işi yerli xalq heç vaxt görə bilməz

“Pulun bank vasitəsi ilə göndərilməsindən Rusiya dövləti də qazanır”

Rusiya Federasiyası Dövlət Dumasında olan deputatlar hökumət başçısı Dmitri Medvedyevdən Azərbaycana fiziki şəxslər üçün nəzərdə tutulan pul köçürmələrinə moratorium tətbiq etməyi xahiş ediblər. Təklif edilən moratoriumun müvəqqəti, lakin məcburi xarakter daşıdığını bildirən deputatlar hesab edir ki, təcili radikal tədbirlərə ehtiyac var: "Miqrantlar ölkəmizə pul qazanmağa gəlirlər. Ruslara isə xəstəliklər, narkotik və cinayətkarlıq qalır. Son günlərin hadisələri də göstərir ki, insanlar buna dözməkdən yorulublar”. Rusiyalı ekspertlərin fikrincə, belə tədbirlər miqrantların gözündə Rusiyada qalmağın və işləməyin cazibədarlığını azaltmaq məqsədi daşıyır. Politoloq Qabil Hüseynli bunun növbəti siyasi ssenari olduğunu düşünür və qadağa tələbini azərbaycanlılara qarşı provakasiya kimi dəyərləndirir: "Görünür, şovinizm dalğası artıq ölkənin siyasi elitasını da bürüyüb. Ancaq bu cür məhdudiyyətlər ruslara xeyir yox, əksinə, ziyan verəcək. Rusiya siyasi elitasına mənsub adamların belə bir təkliflə çıxış etməsi ikiqat biabırçılıqdır. Ruslar bununla göstərir ki, onların ölkəsində ümumiyyətlə hüquqi düşüncə sıfırdır. Belə yanaşma millətlərarası münasibətlərdə ünsiyyət mədəniyyətinin olmadığını əyani surətdə nümayiş etdirir. Rusiyada çoxdandır ki, Jirinovski tipli şəxslər formalaşır və anti-türk, anti-Azərbaycan əhval-ruhiyyəsi yaratmaq üçün hər yola əl atırlar. Azərbaycanlıların Rusiyada nə iş gördüklərini biz də bilirik, ruslar da. İnsanlarımızın Rusiyada hər gün cinayət törədərək ancaq narkotika ilə məşğul olduqları qənaətinə gəlmək çox gülüncdür”. Politoloq vurğulayır ki, azərbaycanlıların Rusiyada gördüyü işləri yerli xalq heç vaxt görə bilməz. Bu gün Rusiyanın meyvə-tərəvəz və ərzaq məhsulları ilə təmin olunmasında azərbaycanlılar əsas yer tutur: "Soydaşlarımızın əməyini danmaq ədalətsizlikdir. Tarixə müraciət etsək görərik ki, İkinci Dünya müharibəsindən sonra ABŞ dağıdılmış Almaniya üçün "marşal” planını tətbiq etdi və Almaniyanı dirçəltməyə başladı. Ancaq prosesi həyata keçirmək üçün işçi qüvvəsi yetərli deyildi. Bu səbəbdən Türkiyədən işləmək üçün xeyli insan dəvət edildi. Türklər demək olar ki, tamamilə dağıdılmış Almaniyanın yenidən qurulmasında həlledici rol oynadıqlarına görə Münhen şəhərində türk fəhləsinin şərəfinə çox əzəmətli bir abidə ucaldıldı. Bax, qədirbilən alman xalqı türk əməyini bu cür qiymətləndirdi. Ruslar isə iki milyona yaxın azərbaycanlının onların ölkəsində gördüyü əvəzolunmaz işlərin qiymətini bizi təhqir etməklə, ölkədən çıxarmaqla verirlər. Gecəsini gündüzünə qatıb, isti-soyuq demədən çalışan, ailələrinə bir qismət çörək pulu göndərməklə yanaşı, Rusiyanın meyvə-tərəvəz ehtiyacını da təmin edən fədakar azərbaycanlılara qarşı bu cür yanaşma qədirbilməzlik və açıq-aşkar şovinist meyillərinin təzahürüdür”. Q.Hüseynlinin sözlərinə görə, pul köçürməyə qadağa ideya kimi irəli sürülsə belə, bunu həyata keçirmək mümkün olmayacaq: "Əvvəllər bank vasitəsi ilə köçürmələr olmayanda da insanlar digər müxtəlif yollardan, illeqal üsullardan istifadə edərək qazanclarını evlərinə göndərirdilər. Ancaq burda bir məsələ var ki, pulun bank vasitəsi ilə göndərilməsindən Rusiya dövləti də qazanır. Onlar bu işi havayı görmürlər ki? Puldan neçə faiz tuturlar”.