"Başda Aleksandr Lapşin olmaqla hər hansı xarici ölkə vətəndaşının Azərbaycan hökumətinin razılığı olmadan işğal altında olan ərazilərimizə səfər etməsi Azərbaycan qanunvericiliyinin və beynəlxalq normaların kobud şəkildə pozulmasıdır”.
Bunu Sherg.az-a Azərbaycan və Belarus prezidentləri arasında baş tutan telefon danışığını dəyərləndirərkən Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı, ekspert Anar Nağıyev deyib.
Onun sözlərinə görə, A. Lapşinin növbəti dəfə, bilərəkdən Azərbaycan sərhədini pozub, ikinci dəfə bu addımı atması ilə digər ölkələrində qanunlarını şübhə altına alıb və bunu da özünün qəhrəmanlığı kimi qələmə vermişdi:
"Onun bütün, hərəkətləri, göstərdiyi münasibət nəinki hüquq baxımından, heç insanlıq baxımından da uyğun olmayan məsələdir. O, açıq şəkildə, Dağlıq Qarabağın Ermənistan ərazisi olduğu yalanını yazılarında qeyd etməklə Azərbaycan torpaqlarının erməni işğalında olmasını təqdirəlayiq hesab etdiyini bəyan edib. Belarus hökumətinin həmin şəxsi Azərbaycan qanunvericiliyi və beynəlxalq hüquq normalarını pozmadan Azərbaycana ekstradisiya etməsi, ölkəmizin beynəlxalq nüfuzundan və etibarlı tərəfdaş statusunda olduğundan xəbər verir. Məlum məsələdir ki, Belarusiya belə addım atmaqla özünün digər ölkələrlə münasibətlərinə bu və ya digər formada yenidən baxıla biləcəyini göz önünə alıb. Burada isə söhbət Rusiyadan gedir”.
A. Nağıyev bildirib ki, A. Lapişinin Azərbaycana ekstradisiyası Belarusiyanın rəsmi Bakının etibarlı tərəfdaşlığına əminliyindən irəli gəlir: "
Bu prinsipdən çıxış edərək, onlar Azərbaycanın dostluğuna önəm verib, Beynəlxalq hüququn tələblərini yerinə yetirən Belarus hökumətinin ekstradisiya prosesində beynəlxalq prinsiplərə zidd hərəkət baş verməyib. Amma təbii ki, beynəlxalq siyasətdə ikili standartlar hər zaman olub, bu gün də var. Təəssüf ki, Azərbaycana münasibətdə, xüsusilə Dağlıq Qarabağ münaqişəsinə münasibətdə hələ də ikili standartlar qalmaqdadır. Hazırda ermənilərin Dağlıq Qarabağda qurduğu qondarma hay-küylər, "məhkəmə”lər öz vətənində bir bölgədən digərinə getmiş, iki azərbaycanlını mühakimə etməklə məşğul olurlar. Onlardan biri- Dilqəm Əsgərov həm də Rusiya vətəndaşıdır. Belə məsələ ortaya çıxır ki, bir vətəndaşına, yəni A. Lapşinə münasibətdə Rusiya hökuməti canfəşanlıq edir. Amma digər vətəndaşına Dağlıq Qarabağda girov saxlanılan D. Əsgərova münasibətdə heç bir tədbir görmür. Burada isə ikili standartın bariz nümunəsi özünü göstərir”.
Bütövlükdə məlum hadisəni Azərbaycan diplomatiyasının və 10 illiklər ərzində qurulmuş dövlət nüfuzunun sübutu adlandıran A. Nağıyev vurğulayıb ki, bu, ölkəmizin regional münasibətlər sistemində rolunun möhkəm olmasından irəli gəlir: "
"Çünki Belarusiya Azərbaycanla tərəfdaş ölkədir. Amma eyni zamanda Azərbaycana təcavüz etmiş Ermənistanla, o cümlədən, bir sıra MDB ölkələri ilə birlikdə hərbi təşkilatda təmsil olunur. Buna rəğmən Belarusun Ermənistanın deyil, Azərbaycanın maraqları kontekstindən çıxış etməsi çox şeydən - Azərbaycanın beynəlxalq nüfuzundan, ölkəmizin dərk edildiyi kimi etibarlı, beynəlxalq və regional tərəfdaş olmasından, düşmənlərimizin beynəlxalq aləmdəki nüfuzsuzluğundan- xəbər verir. Nəticə olaraq, beynəlxalq münasibətlərin digər aktorları kimi Belarus da dünya ictimaiyyəti qarşısında, regional səviyyədə öz söz hüququna malik olan suveren, müstəqil ölkədir. Atılmış addımlar bu və digər formada Belarusiyanın Azərbaycanla münasibətdə hansı mövqedən çıxış etməsinin bariz nümunəsidir. Ona görə, Belarus hökumətinin bu addımı Azərbaycanın ərazi bütövlüyünün qəbul edilməsinin sübutu kimi dəyərləndirilə bilər”.
Qeyd edək ki, fevralın 8-də Azərbaycan prezidenti İlham Əliyev Belarus prezidenti Aleksandr Lukaşenkoya telefonla zəng edib. Dövlət başçıları ikitərəfli münasibətlərimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıb, prezidentlər səviyyəsində gələcək görüşlər barəsində danışıblar.
Aysel Aslan