İran-ABŞ münasibətləri daha da gərginləşəcək

Tramp bu ölkənin üç güc mərkəzindən birini “terror təşkilatı” kimi tanımaq istəyir


ABŞ Prezidenti Donald Tramp İranın ən güclü təhlükəsizlik xidmətlərindən biri olan "İnqilab Gözətçiləri”ni terror təşkilatı elan etməyə hazırlaşır. Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyalar daxilində bu məsələnin xüsusi yer tutduğu deyilir. Trampın "xüsusi səlahiyyətindən” istifadə edərək İran İnqilab Gözətçilərini terrorçu kimi tanıması iki ölkə arasında ciddi
gərginliyin yarana biləcəyindən xəbər verir. 

Məlumata görə, Trampın məsləhətçiləri də bu yanaşmaya müsbət yanaşır. Ağ Ev rəhbərliyinin İranı ABŞ mənafelərinə təhdid olaraq gördüyü, buna görə İrana təzyiqi artırmaq üçün yollar axtardığı bildirilir. 

İddia ilə bağlı "Şərq”ə danışan politoloq Natiq Miri deyib ki, ABŞ-ın "terror təşkilatı” kimi tanımaq istədiyi qurum İranın üç güc mərkəzindən biridir: 

"Trampın İranın dövlət təşkilatına terrorçu deməsi birbaşa fars hökumətini terrorçu adlandırmaqdır. Belə bir qərar qəbul olunarsa, İranla ABŞ arasında münasibətlər çox kəskin səviyyədə korlanar. Trampın İrana qarşı indidən bu cür davranış sərgiləməsi onu göstərir ki, gələcəkdə onun rəhbərlik etdiyi administrasiya Tehranla əməkdaşlıqda maraqlı olmayacaq. Çünki bir terror dövləti ilə siyasi və iqtisadi əməkdaşlıq ABŞ-ın nüfuzuna zərbə deməkdir”. 

Ekspertin fikrincə, iki dövlət arasında gərginlik regional və qlobal təhlükələr yaradır: "İran son zamanlarda Yaxın Şərqdə ciddi surətdə aktivləşir. Fars ordusu birmənalı şəkildə Suriyada mövcudluğunu qoruyur və Yəməndə gedən proseslərə müdaxilə edir. Onlar üsyançı tutsilərə dəstək verirlər. Eyni zamanda Bəhreyndə silahlı şiələri dəstəkləyirlər. Paralel olaraq İsrail dövlətinin qonşusu Livana və "Hizbullah” təşkilatına da dəstək verirlər. Bu o deməkdir ki, İran getdikcə güclənməyə, bölgədə öz rəhbərliyi ilə bir "şiə qövsü” yaratmağa çalışır. Görünür, Tramp administrasiyası bu təhlükənin fərqindədir və ona görə də Yaxın Şərqi İranın təsir dairəsi altına buraxmaq istəmir. Vaşinqton ilk növbədə İrana qarşı İsraili dəstəkləyir”. 

N.Miri bildirib ki, İran-ABŞ münasibətləri getdikcə daha da gərginləşəcək: 

"Hətta bu gərginlik müəyyən mənada çox ciddi savaşa da gətirib çıxara bilər. İsrail də bu savaşda maraqlıdır. Tramp hakimiyyətə gələndən sonra İsrailin Baş naziri Netanyahunun əl-qolu açılıb. Hazırda qlobal sülhü təhdid edən əsas məqam İran-ABŞ arasındakı münasibətlərdir. Münasibətlərin gərgin olması Suriyadakı sülh prosesinə təsir edəcək. Ancaq nəzərə almaq lazımdır ki, əgər ABŞ Rusiya ilə anlaşma əldə edərsə, Moskva Vaşinqtonun İranı sıxışdırmasına göz yumacaq. Çünki Rusiyanın xarici siyasətində "müqəddəs” sayılan heç nə yoxdur. Rusiya istənilən zaman öz müttəfiqlərini geosiyasi maraqlarına qurban verə bilər. Həmçinin, Rusiya-Türkiyə yaxınlaşması müşahidə olunarsa, ABŞ-ın Yaxın Şərqdəki mövqeləri daha da güclənər. Bu isə İranın təklənməsi deməkdir. Onu da vurğulayım ki, müsəlman dünyasındakı ərəb ölkələrinin əksəriyyəti İrana qarşı mövqe sərgiləyirlər”.

İsmayıl