Soydaşımız “Moskvadan “Şərq”ə danışdı

“OMON”lar evbəev gəzirlər, azərbaycanlıların yorğan-döşəyi çölə tökülür”

Rusiya vətəndaşı Yeqor Şerbakovun ölümündə təqsirli bilinən həmyerlimiz Orxan Zeynalov olayından sonra oradakı soydaşlarımızla münasibətdə vəziyyət daha da kəskinləşib. Rusiyalı milliyyətçi-şovinistlərin həmyerlilərimizə təzyiq və basqıları artıb. Hətta eyni binada yaşayan ruslar da soydaşlarımıza kinli baxışlarla baxırlar. Soydaşlarımıza axşam saatlarında evdən çıxmamaları tapşırılıb. Azərbaycanlılara məxsus bazar, kafelərin və mağazaların fəaliyyəti dayandırılıb. Kütləvi deportasiyalara başlanıb. Qeyri-qanuni yaşayan əməkçi miqrantlar kütləvi şəkildə ölkədən çıxarılır.

Hazırda Moskvada yaşayan həmyerlimiz Eyyubov Mansur Fevral oğlu da "Şərq”in müxbirinə soydaşlarımıza olan münasibətin daha amansız şəkil aldığını söyləyib. Onun bildirdiyinə görə, O.Zeynalov məsələsi gündəmə gəldikdən dərhal sonra həmyerlilərimizə təzyiq və basqılar başlayıb: "Omon”lar evbəev gəzirlər. Qeydiyyat məsələsi araşdırılır. Qeyri-qanuni yaşayan soydaşlarımızın yorğan-döşəyi çölə tökülür. Məcburi şəkildə deportasiya olunurlar. Məlumdur ki, qeyri-rəsmi yaşayan soydaşlarımızın əksəriyyəti bazarlarda çalışır. Bəziləri isə taksi kimi fəaliyyət göstərir. Onlar daha tez deportasiya olunurlar. Hər gün bir neçə azərbaycanılının ölüm xəbərini eşidirik. Çox dəhşətli mənzərədir. Ölkə rəsmiləri məlumat verirlər ki, miqrantlara dözümlü yanaşmaq lazımdır. Digər tərəfdən "Omon”lar evlərə daxil olur və istədikləri özbaşınalığı edirlər”.

Həmyerlimiz qeyd edib ki, O.Zeynalov olayı soydaşlarımıza qeyri-insani davranışlara və kütləvi deportasiyalara zəmin yaratdı: "O.Zeynalov bir satıcıdır. Evinə gündəlik 3-5 manat aparan insandır. Onun hər hansı bir qətl hadisəsi törətməsi şübhə doğurur. Müstəqil rus politoloqları radio və televiziya efirlərindən bəyan etdilər ki, ölüm faktı varsa, bu, aydın şəkildə millətə göstərilməlidir. Çünki hadisə yerində heç bir qan izi olmayıb. Meyitin dəfn mərasimi göstərilməyib. Əslində, belə hadisələr olan kimi telekanallar hadisə yerindən və dəfn mərasimindən reportajlar hazırlayırdılar. Sözügedən olayla bağlı heç bir şey olmadı. Görünür, məsələnin siyasi tərəfləri var. Hər kəs bunu V.Putinin diplomatik oyunu kimi dəyərləndirir. Rusiyalı müstəqil politoloqlar da bunu Vladimir Putinin layihəsi olan "Avroasiya” ittifaqı ilə əlaqələndirirlər. Vurğulayırlar ki, Putin bu səpkili oyunlarla Azərbaycan hökumətinə siyasi təzyiq göstərərək adıçəkilən ittifaqa qoşulmasına nail olmaq istəyir”.

M.Eyyubov əlavə edib ki, Rusiya vətəndaşlığı olanlar da evdən bayıra çıxa bilmirlər: "Vətəndaşlığı olanlar da evdə qalıblar. Şəhərlərdə millətçi-şovinist adı ilə fəaliyyət göstərən erməni qüvvələri mövcuddur. Onlar hadisənin geniş miqyas almasında maraqlıdırlar. Düzdür, deportasiyalar dövlət tərəfindən həyata keçirilir. Amma soydaşlarımızı döyənlər və öldürənlər erməni birləşmələridir. Yaranmış vəziyyətdən istifadə edərək onlar da başlayıblar. Putinin Bakı səfərindən sonra bu cür hallar daha tez-tez qeydə alınır. Səfərdən sonra erməni lobbisi hərəkətə keçdi. Çox çirkin və bədnam əməllər törətməyə başladılar”.

Həmsöhbətimiz deyib ki, bağçalara azərbaycanlı uşaqlarını çətinliklə qəbul edirlər və ya heç qəbul etmirlər: "Azərbaycanlı olduğunu biləndə götürmürlər. Soydaşlarımıza böyük aqressiya ilə yanaşırlar. Aqressiya gündən-günə artır. İndiyə kimi bir həyətdə yaşadığımız qonşu, adama salam da vermir. Çox arzuolunmaz durum yaşanır”. M.Eyyubov vurğulayıb ki, azərbaycanlıların kütləvi deportasiyası Rusiya hökumətinə fayda verməyəcək: "Orada ən çox işləyən azərbaycanlılar və özbəklərdir. Deportasiyalar kütləvi hal alacaqsa, Rusiyanın işçi qüvvəsinə olan tələbatı artacaq. Baxın, zavodda çalışırdım. Həmin zavodun 100 nəfər işçi heyəti vardısa, 90-ı miqrantlar idi. İşi aparanlar da miqrantlardır. İndi bu məsələlərdən sonra işə çıxmırıq. Bildiyimə görə, zavod bağlanmaq üzrədir. 4-5 rus kökənli işçi var ki, onlar da işə içkili halda gəlirlər. İçkili vəziyyətdə işləmək isə mümkünsüzdür. Ona görə də Rusiyanın miqrantlara ciddi ehtiyacı var. Digər tərəfdən, miqrantlar gördükləri işin müqabilində az əməkhaqqı alırlar. Ruslar həftədə 35 saat işləyir və bizdən 4-5 qat yüksək maaş tələb edir. Bu da heç bir müəssisə rəhbərinə rentabelli deyil”.

Həmsöhbətimiz bildirib ki, soydaşlarımız Azərbaycana qayıtmaq istəmirlər: "Hər kəs təşvişə düşüb. Azərbaycana qayıdacağı halda iş tapa bilməyəcəkləri onları əndişəyə salıb. Deyilənə görə, Azərbaycan hökuməti məsələnin çıxış yolunu kənd təsərrüfatına diqqət və qayğının artmasında görür. Baxın, deportasiya olunanların əksəriyyəti ticarətçidir. Onların kənd təsərrüfatı ilə məşğul olmaları mümkünsüzdür. O sahəni bilməyən adamın mühitə adaptasiya olunması və reabilitasiyası elə də asan olmayacaq. Ona görə də insanlar təlaş içindədirlər”.