“Büdcənin daha real olmasını düşünmək lazımdır”

Vüqar Bayramov: “Biz neftin bir barrelinin 100 dollar deyil, 80 dollar müəyyənləşdirilməsini təklif edirik”

Milli Məclisin ötən gün keçirilən komitə iclasında çıxış edən maliyyə naziri Samir Şərifov növbəti ilin büdcəsində xam neftin bir barreli üçün 100 dollar qiymətin əsas götürüldüyünü bildirib. Nazir qeyd edib ki, qeyri-neft sektorunun xüsusi çəkisi 2013-cü illə müqayisədə 7 faiz artacaq və Neft Fondundan dövlət büdcəsinə transfer 2 milyard manatadək azaldılacaq. 2014-cü ilin dövlət büdcəsinin gəlirləri 18 milyard 384 milyon manat həcmində nəzərdə tutulub. Dövlət büdcəsinin sosial yönümlü xərcləri 5 milyard 337 milyon təşkil edəcək ki, bu da əvvəlki illə müqayisədə 5,9 faiz çoxdur”. Neftin bir barreli üçün nəzərdə tutulan qiyməti dəyərləndirən iqtisadçı-ekspertlər 100 dolların çox olduğunu qeyd ediblər.

İqtisadi və Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Vüqar Bayramovun sözlərinə görə, çox güman ki, neftin bir barrelinin 100 dollar götürülməsi 2013-cü ildə dünya bazarında neftin qiymətinin dəyişməsi tendensiyası və 2014-cü ilin proqnozları əsasında müəyyən edilib: "Baxmayaraq ki, 2014-cü ildə dünya bazarında neftin qiymətinin kəskin azalacağı proqnozlaşdırılır, amma buna rəğmən biz neftin bir barrelinin 100 dollar deyil, 80 dollar müəyyənləşdirilməsini təklif edirik. Ona görə belə təklif edirik ki, bütün hallarda büdcənin daha real olmasını düşünmək zəruridir. Nəzərə alsaq ki, Azərbaycan neft ölkəsidir, neftin bir barrelinin qiymətinin daha ehtiyatlı və daha konservativ olması məqsədəuyğundur. Eyni zamanda neftin qiymətinin 80 dollar götürülməsi dövlət büdcəsinin neftdən asılılığının azalmasına da gətirib çıxara bilər. Əgər belə olarsa, 2014-cü ilin dövlət büdcəsində Neft Fondundan ayırmalar 85 faizdən 67 faizə qədər azalacaq”.