Kommunal xərclərin artırılması fövqəladə hal deyil?

Samir Şərifov: “Sadəcə, bununla bağlı öz təklifimi vermişəm”

Ötən gün parlamentin altı komissiyasında gələn ilin dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirələri keçirilib. Maliyyə naziri Samir Şərifovun da iştirak etdiyi toplantıda Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib ki, 2014-cü il büdcəsini fərqləndirən əsas cəhət növbəti il üçün verilən proqnozlardır. Deputatın sözlərinə görə, "Ölkə 2020-ci ilədək qarşıya qoyduğu məqsədlərə çatacaqmı” sualına bu proqnozlarda cavab tapmaq mümkündür. Ş.Hacıyev qeyd edib ki, dünyada iqtisadi böhranın davam etməsinə baxmayaraq Azərbaycan bundan kənardadır:

"Çünki makroiqtoisadi göstəricilər normaldır. Bu makroiqtisadi göstəricilər ölkənin potensial iqtisadiyyatının inkişafına və gözlənilən böhranlardan qorunmağa imkan verir. Bununla da 2020-ci il stragetiyasına çatmaq üçün bütün hədəflər burada öz əksini tapıb. Bütün bunlara nail olmağın yolları büdcə paketində yer alıb”. Komitə sədri bildirib ki, təhsil xərcləri gələn ilin büdcəsində 15 faiz artırılacaq: "Mədəniyyət sahəsinin xərcləri də bu civarda olacaq. Sosial sahələrə ayrılan vəsaitələrin həcminin büdcə xərclərində çəkisi ilbəil artacaq. Təhsildə islahatların və effektivliyin artırılması məqsədilə bir sıra layihələr həyata keçirilir. Hesab edirəm ki, bunun üçün kifayət qədər vəsait ayrılıb. Belə ki, növbəti ilin büdcəsindən təhsil üçün 1 milyard 653 milyon manat artılacağı gözlənilir”.

"100-150 manat maaş alan müəllimdən nə tələb edə bilərik?”

Millət vəkili Asim Mollazadə müəllimlərin və səhiyyə işçilərinin maaşının qaneedici olmadığını söyləyib: "Nə qədər ki, təhsildə ciddi islahatlar aparılmayıb, maaşlar artırılmayıb və səhiyyədə icbari tibbi sığorta tətbiq edilməyib, bu sahələrin inkişafı və effektiv fəaliyyətindən danışmağa dəyməz. 100-150 manat maaş alan müəllimdən nə tələb edə bilərik? Biz onlara bununla rüşvətxor damğası vururuq. Amma məsələ bu cür deyil. Əgər bu gün Azərbaycanın imkansız ailəsi müalicə üçün İrana gedirsə və sabah İran viza rejimi tətbiq edərsə, o zaman hansı acınacaqlı vəziyyətin yaranacağını gözümüzün önünə gətirə bilərik. Yenidən soydaşlarımız 3-5 sutkalarla viza almaq üçün növbələrə düzülmüş olacaqlar”. Ümumdünya Ticarət Təşkilatına qoşulmağın vacibliyini qeyd edən deputat bildirib ki, bu sahədə aparılan islahatlar ləngidiyindən, laboratoriyaların olmaması kənd təsərrüfatı məhsullarının yeni bazarlara çıxmasına maneçilik törədir. A.Mollazadə AMEA-da da ciddi islahatların aparılmasının vacibliyini də diqqətə çatdırıb.

Millət vəkili Şəmsəddin Hacıyev isə həmkarına cavab olaraq deyib ki, islahatlardan danışmaq asandır. Amma maaşları qaldırmaqla problemi həll etmək mümkün deyil: "Əksinə, bu, ciddi inflyasiyalara səbəb ola bilər”.

"Universitetlər özünü maliyyələşdirmə haqqında fikirləşsinlər”

Maliyyə naziri Samir Şərifov isə deyib ki, universitetlər özünü maliyyələşdirmə haqqında fikirləşsinlər: "Burada struktur dəyişikliyi olub. Əgər əvvəllər maliyyə birbaşa universitetlərə verilirdisə, indi bu, Təhsil Nazirliyinə verilir. Buradan isə dövlət hesabına oxuyan tələbələrin adambaşına düşən hissəsi maliyyələşdirilir və həmin vəsait konkret olaraq universitetlərə köçürülür. Amma onu demək istərdim ki, universitetlər inkişaf etmək üçün özlərinə maliyyə muxtariyyəti tələb edirlər. Onlara bu şəraiti yaratmışıq. Hesab edirəm ki, universitetlər öz inkişafını təmin etmək üçün xüsusi maliyyə menecerləri ilə təmin olunmalıdır ki, onlar gələcəkdə özünü hansı formada maliyyələşdirməyi tapa bilsinlər. Həmçinin xaricdən gələn tələbələrin Azərbaycanda oxuması üçün hazırlıq işləri görülməlidir. Onlar dövlətlərarası sazişlər əsasında xaricdə oxuyur və o dövlətlərdən gələn tələbələrin təhsil haqqı, yaşayışını Azərbaycan öz üzərinə götürür. Hüquqi çərçivə olarsa, xaricdən gələn tələbələrin Azərbaycanda oxuması və onların maliyyələşməsi məsələsinə baxmaq olar”.

Pensiya xərcləri 14 faiz artırılıb

"Təhsildə strategiyadan irəli gələn vəzifələrin icrası üçün məqsədli olaraq vəsaitlər nəzərdə tutulur” - deyən S.Şərifov qeyd edib ki, Elmin İnkişaf Fonduna, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutlarının laboratoyalarla təchiz edilməsi, latın qrafikalı kitabların çapı nəzərdə tutulub: "Səhiyyənin inkişafı üçün ayrılan vəsaitlər də 2014-cü il büdcəsində öz əksini tapıb. Xroniki böyrək çatışmazlığı, xərçəngin müalicəsi, şəkərli diabet, hemofiliya və talassimiya üçün də irihəcmli vəsaitlər ayrılıb”. Nazir dövlət büdcəsi layihəsində dövlət sosial müdafiə və pensiya xərclərinin 14 faiz artırılmasının nəzərdə tutulduğunu söyləyib: "Büdcədən pensiya xərcləri üçün 1,142 milyard manat ayrılacaq ki, bu da cari il ilə müqayisədə 65 milyon manat çoxdur. S.Şərifov vurğulayıb ki, bununla yanaşı 57 səfirlik və 5 beynəlxalq təşkilatları yanında fəaliyyət göstərən daimi nümayəndəlik və 9 konsulluq üçün, ümumilikdə 781 diplomatik korpusun saxlanması üçün 58 milyon manatın ayrılması nəzərdə tutulub.

Deputat olan partiya sədrləri tələb etdi - "siyasi təşkilatlara ayrılan vəsait artırılsın!”

Millət vəkili olan partiya sədrləri isə dövlət büdcəsindən siyasi partiyaların maliyyələşdirilməsi üçün ayrılan vəsaitlərin həcminin artırılmasını təklif ediblər. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı vurğulayıb ki, hər şeydə artım var, amma siyasi partiyalara ayrılan vəsaitdə artım görünmür: "Bəs siyasi partiyaların maliyyələşməsində niyə artım yoxdur? Mən baxıram ki, bu il siyasi partiyaların maliyyələşməsinə 2,5 mln. manat ayrılıb. Yaxşı olardı ki, siyasi partiyaların maliyyələşməsi heç olmasa 25 faiz artırılsın”.

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da sözügedən məsələnin bir daha nəzərdən keçirilməsini tələb edib: "Siyasi partiyaların normal fəaliyyət göstərməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin həcmi artırılmalıdır”. Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı isə bu gün siyasi partiyalara ayrılan vəsaitlə partiyanı saxlamağın mümkün olmadığını söyləyib: "Mən Samir müəllimdən (Maliyyə naziri-A.B) bu vəsaitin artırılmasını xahiş edirəm. Partiyalar bu vəsaitlə normal fəaliyyət göstərməkdə çətinlik çəkirlər”.

Bələdiyyələr "günah” aorqanlarıdır?

Parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bələdiyyələrlə bağlı problemlərdən söz açıb. Millət vəkili qeyd edib ki, bələdiyyələri bir günah orqanı kimi yaratmamışıq: "Nəzərə alsaq ki, yerli özünü idarəetmə dövlətin önəmli strukturudur, biz gərək buna diqqət ayıraq. Deyəcəklər ki, büdcənin bələdiyyələrə qarşı öhdəliyi yoxdur, onlara yetərli səlahiyyət verilib və bununla özlərini təmin etməlidirlər. Amma gəlin görək ki, onlar bu səlahiyyətlərdən istifadə edə bilirlərmi. Bu gün bələdiyyələr torpaqlardan istifadə səlahiyyətlərini əllərinə ala bilməyiblər. Bununla əlaqədar vergi məsələlərini həll edə bilmirlər. Nəticədə bələdiyyələrin illik büdcəsi 30-35 milyon manat təşkil edir. Bəzi rəhbərliklər var ki, bələdiyyələrə torpaqlarını düzgün ayırmır, xəritəsini düzgün vermir. Bu halda bələdiyyələr də torpaqlardan düzgün istifadə edə bilmirlər. İldə iki kino çəkilir, bunun üçün 5 milyon ayrılır, bütün ölkəni əhatə edən bələdiyyələrə də eyni vəsait ayrılır. Hesab edirəm ki, bu, doğru deyil. Onların vəsaitləri artırılmalıdır”.

Nazir deyir, kommunal xərclərin artımı labüddür

Maliyyə naziri isə kommunal xərclərin artırılmasına fövqəladə hal kimi baxmağın əleyhinə olduğunu deyib: "Azərbaycanda sonuncu dəfə kommunal xərclər 2007-ci ildə artırılıb. Bu illər ərzində minimum əməkhaqqının sosial bazası 2,6 dəfə, minimal pensiyaların sosial bazası isə 2,5 dəfə artıb. Bununla bağlı 7 sərəncam imzalanıb. Mən kommunal xərclərin artacağını deməmişəm. Sadəcə, bununla bağlı öz təklifimi vermişəm. Bildirmişəm ki, 2007-ci ildəki son artımlardan bu vaxta qədər ölkənin kommunal sahədə artımın edilməsi labüddür. Bununla bağlı Tarif Şurasından təkliflər olacaqsa, son sözü də elə Tarif Şurası deyəcək”.

"Kommunal xərclərin artması əhalinin dizini "qırmaq”dır”

Millət vəkili Fəzail Ağamalı isə kommunal xərclərin artmasından söz açıb. Deputat deyib ki, kommunal xərclərin artırılması kənd təsərrüfatının, dolayısı ilə də əhalinin dizini "qırmaq”dır: "Əgər gələn il kommunal xərclər artacaqsa və bu, kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrə aid ediləcəksə, onlar çökəcəklər. O zaman biz hansı inkişafdan danışırıq? Kənd təsərrüfatı emal müəssisələri vergilərdən azad edilməlidir. Emal-istehsal müəssisələri isə qaz, su və işığın ödənilməsində mümkündürsə, azad edilsin və ya qismən azaldılsın ki, kənd təsərrüfatının stimullaşdırılmasına kömək olsun. Ümumdünya Ticarət Təşkilatına niyə üzv olmuruq. Əgər üzv olsaydıq, bu gün Rusiya bazarlarına çıxmamaq bizə bu dərəcədə baha başa gəlməzdi. Rusiyadan asılılığımız azalardı və məhsullarımız dünya bazarlarına çıxardı. Biz bu prosesə qoşulmağımızı tezləşdirməliyik”. Deputat qeyd edib ki, ucqar kəndlərdə işləyən müəllimlərə müəyyən imtiyazlar verilir: "Onlar orada ailə qurub, torpaq almaq istəyirlər. Amma buna nail ola bilmirlər. Bu da diqqətdə saxlanmalıdır. Salyan rayonunda prezident seçkiləri dövründə rastlaşdığım hadisəni xatırladım. Demək, iki gənc Salyanın ucqar kəndində müəllim işləməyə gedib, torpaq almaq istəyir, amma ala bilmirlər. 2013-cü ildə məktəbi bitirənlərin 20 min nəfəri peşə məktəblərinə daxil olub. Çox adam isə buna nail ola bilməyib. Səbəb isə peşə məktəblərinin sayının azlığıdır. Bu gün regionlarda peşə məktəbləri demək olar ki, yoxdur. Regionlarda məhsul yetişdirilməsində ixtisaslaşdırmalar gedir, buna uyğun həmin rayonlarda Texniki Peşə Məktəblərinin sayını artırıb gəncləri bura cəlb etmək yaxşı olar. Kənd təsərrüfati məhsullarının ixrac məsələsi elə acınacaqlı vəziyyətdədir ki, istehsalçılar məhsullarını xaricə çıxarda bilmir. Rusiyada gömrükdə qiymətin artırılması onların məhsulun ora aparılmasına mane olması ilə nəticələnir. İnsanların məhsulları əllərində qalır”.