Alimlərin dövlət büdcəsindən gözləntiləri var

Abel Məhərrəmov: “Heç kəs düşünmür ki, alimə 300 manat əməkhaqqı veririk”
Nizami Cəfərov: “Maliyyə vəzifələrə və maaşlara deyil, tədqiqatlara ayrılmalıdır”

Elm xadimlərinin əmək haqlarının artırılması və müasir standartlara cavab verən laboratoriyaların qurulması son illərin ən çox müzakirə mövzusudur. Bununla bağlı ölkə mətbuatında zaman-zaman fikir mübadilələri və debatlar aparılsa da, problem hələ də həllini tapmır. Sözsüz ki, Azərbaycan aliminin aylıq məvacibinin və iş şəraitinin yaxşılaşmaması alimlərin yaradıcılıq fəaliyyətinə təsirsiz ötüşmür. Son dönəmlər alimlərimizin elmə hər hansı bir ciddi yenilik gətirməmələri və dünyanın tanınmış alimlərinin mükafatlandırılmasında yer almamaları faktı belə deməyə əsas verir. Azərbaycan elmi və təhsili elə bir müstəviyə gəlib çıxıb ki, bu sahə artıq maraq doğurmur. Hətta ölkə ictimaiyyətində arzuolunmaz rəy formalaşıb ki, alimlərimiz çətin şəraitdə və mühitdə çalışırsa, onun aldığı aylıq məvacib sosial təminatını ödəmirsə və alimlərimizə yetərli diqqət yoxdursa, bu sahəyə niyə "baş vurmalıyıq”? Azərbaycanda elmə və təhsilə olan meyl azalan xətt üzrə inkişaf edir. Ölkə gənclərinin elmdən və təhsildən uzaq düşməsi tendensiyası dərinləşməkdədir. Azərbaycan elmi qloballaşan dünyaya inteqrasiya proseslərinə qatıla bilmir. Bunun üçün alimlərimizin yeni kəşflər etməsinə lüzum görülür ki, bu da bizdə müşahidə olunmur. Bu baxımdan elm xadimlərinin əmək haqlarının artırılması və iş mühitinin yaxşılaşdırılması məsəsləsi Milli Məclisdə də müzakirə predmetinə çevrilib. Azərbaycanın 2014-cü il dövlət büdcəsinin layihəsinin MM-in 6 komitəsinin birgə iclasında müzakirəsi zamanı millət vəkili, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov Azərbaycanın dövlət büdcəsində təhsil xərclərinin daha çox artırılması təşəbbüsü ilə çıxış edib. BDU rəhbəri qeyd edib ki, hazırda Azərbaycanda alimlərdən gözləntilər və tələbat olduqca yüksəkdir: "Onlardan elmi nailiyyətlər istəyirlər. Ancaq heç kəs düşünmür ki, alimə 300 manat əməkhaqqı veririk. Biz ona 1 300 manat maaş verməliyik və yüksək standartlara cavab verən laboratoriyalar yaratmalıyıq, sonra da ondan iş tələb etməliyik”.

Rektorun təklifini dəstəkləyən Azərbaycan Atatürk Mərkəzinin müdiri, Milli Məclisin deputatı, MEA-nın müxbir üzvü, professor, Nizami Cəfərov bunun təqdirəlayiq olduğunu söyləyib. Professor "Şərq”ə bildirib ki, bu sahə hökumətin nəzarətindədir: "Ölkədə 1800 elmlər doktoru var ki, onun 1200-ü universitetlərdə fəaliyyət göstərir. Buna görə də tədris işləri üçün deyil, onların elmi işlər aparması üçün müəyyən miqdarda vəsait ayrılmalıdır. Əlbəttə, elmin inkişafına yatırılan vəsaitin həcminin artırılmasını hamı istəyir. Amma bunun müxtəlif yolları var. Məsələn, birinci yol elm fondudur. Yəni fonda layihələr təqdim olunur. Hansı layihə komissiya tərəfindən yüksək qiymətləndirilərsə, onun üçün vəsait ayrılır və elmi tədqiqatlar davam etdirilir. Digər yol isə maaşların artırılmasıdır. Zəruri olan odur ki, bir qayda olaraq maliyyə vəzifələrə və maaşlara deyil, tədqiqatlara ayrılmalıdır. Bu həm də əsl elm adamlarının təminatı üçün faydalı olar”.

Mərkəz sədri təklif olunan məsələlərə dair müzakirələrin aparılacağını bildirib: "Yəqin ki, bu, MM-in plenar iclasında da müzakirə olunacaq. Məntiq budur ki, elmə ayrılan pul əsl elm adamına verilməlidir. Onun tədqiqatlarına istiqamətlənməlidir ki, bunun bir faydası olsun”.

MEA-nın müxbir üzvü, professor qeyd edib ki, elmin inkişafına ayrılan vəsait bəzən düzgün istiqamətə sərf olunmur: "Mədəniyyət və incəsənət sahəsində də belədir. Yəni, əməkdar və xalq artistlərinin deyil, əsl sənət nümayiş etdirən insanların əmək haqları artırılmalıdır. İkinci tərəf daha prioritet hesab olunmalıdır. Dövlət onsuz da müəyyən miqdarda vəsait artırır və həmin vəsait ildən-ilə çoxaldılır. Proses gedir”.