Ekspertdən SOS : "“Quş qripi”nin Azərbaycana da keçmə təhlükəsi var"




"Quş qripinin yayılmasına əsas səbəb quşların şimaldan cənuba köç etməsidir”.

Bunu Sherg.az-a Moskva ətrafında tüğyan edən H1N1 virusunun Azərbaycana yayılması təhlükəsindən danışarkən tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. 

O bildirib ki, qonşu ölkələrdə "quş qripi” yayılıbsa, virusun Azərbaycana və digər ölkələrə də keçmək təhlükəsi var:

"Xüsusilə, həmsərhəd ölkələrdə "quş qripi” qorxusu hər zaman var. H1N1 virusu təhlükəsi bir neçə il əvvəl də təkrar olunmuşdu. Həmin vaxt səhiyyəmiz London Laboratoriyaları ilə əməkdaşlıq şəraitində çalışmaqla virusun aşkar olunması və aradan qaldırılmasına nail oldu. Çöl quşlarının ovu, quş ətinin istifadəsi bir müddət qadağan edildi. Bu tədbirlər fonunda, "quş qripi”nin əhali arasında yayılmasının, ciddi tələfatın qarşısı alındı. Hazırda yenidən profilaktik tədbirlər görülməlidir ki, xəstəlik mümkün qədər ölkəyə daxil olmasın. Daxil olsa belə virusun yayılmasının qarşısı alınmalıdır”.

Qeyd edək ki, Moskva ətrafının Sergiyev-Posad rayonunun Bereznyzki kəndindəki "Smena " quşçuluq təsərrüfatında dörd gün ərzində 11 mindən çox toyuq "quş qripi”ndən tələf olub. Məlumata əsasən, müəssisənin ərazisində "quş qripi” epidemiyası fevralın 27-də başlayıb.

Ayyət Əhməd