"Həmsədrlər tutuquşu kimi əzbərlədiklərini deyib, qayıdacaqlar"- Bakıda



"Minsk qrupu regiona səfər edir. Guya ki, onlar təmas xəttində yaranan vəziyyətdən narahatlıq keçirirlər”.

Bunu Sherg.az-a ATƏT-in Minsk qrupu həmsədrlərinin Bakıya səfərindən danışarkən Xocalının keçmiş icra başçısı, Milli Məclisin üzvü Elman Məmmədov deyib. 

O bildirib ki, həmsədrlər görüşlər keçirib, nəyəsə nail olmağa çalışırmış kimi görüntü yaradırlar:

"Ancaq belə deyil. Bu onların iş borcudur. Aldıqları yüksək maaşın hesabatını hazırlayıb, təqdim edirlər ki, növbəti maaşlarını alsınlar. Həmsədrlər təmsil etdikləri dövlətlərin mövqeyini həyata keçirən şəxslərdir. Onlara nə tapşırıq verilsə, onu yerinə yetirirlər. Həmsədrlərin problemin həllinə münasibətdə baxışları, mövqeləri, yanaşma tərzi dəyişməsə, heç bir irəliləyiş olmayacaq. Hər görüşdə onların əzbərlədiyi 3-4 cümlə var: "Biz tərəfləri danışıqlara dəvət edirik”, "tərəfləri qarşılıqlı etimada çağırırıq”, "Atəşkəsin pozulması bizi narahat edir” və s. Bu ifadələr, həll prosesinin ləngidilməsinə xidmət edir və həmsədr dövlətlərin özlərini, eyni zamanda işğalçı dövləti qane edir. 

Ermənistanın ürəyincədir ki, status-kvo qorunub saxlansın, Azərbaycan əraziləri işğal altında qalsın, atəşkəsə əməl olunsun. Torpaqlarımızın işğal olunmasında onların da əli olub. Burada vəziyyət onda dəyişəcək ki, həmsədrlər danışıqlarda birbaşa mövqe ortaya qoyub, işğalçıya deyəcək ki, işğala son qoy. Bu qəti mövqeyi 3 həmsədr dövlət rtaya qoymasa onların gəlib-getməsinin heç bir əhəmiyyəti yoxdur, olmayacaq da. Əvvəlki səfərlərində olduğu kimi gəlib baxacaqlar, tutuquşu kimi əzbərlədikləri sözləri deyib, qayıdacaqlar. Həmsədrlər qəti qərara gəlməyənə qədər danışıqların effekti ola bilər”.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri İqor Popov digər həmsədrlərlə bu həftə Azərbaycana səfər edəcəklərini deyib.

Ayyət Əhməd