Prezidentin İran səfəri əlaqələrin inkişafını göstərir
Son üç ildə Azərbaycan və İran rəhbərləri 8 dəfə bir araya gəliblər
Prezident İlham Əliyev martın 5-də İran İslam Respublikasında rəsmi səfərdə olub. Səfər çərçivəsində ölkə başçısı İran Prezidenti Həsən Ruhani, İranın Ali Rəhbəri Seyid Əli Xameneini ilə görüşlər keçirib. Ölkə başçısı Ruhani ilə birgə mətbuata bəyanatla çıxışında deyib ki, İran-Azərbaycan əlaqələri təkcə xalqlarımız üçün deyil, bütün region üçün önəmlidir:
"Bizim əlaqələrimiz qədim tarix, mədəniyyət və ortaq din əsasında qurulub. Biz möhkəm təməl əsasında gözəl əməkdaşlıq qurmuşuq. Siyasi əlaqələrimiz yüksək səviyyədədir, bütün beynəlxalq təşkilatlarda biri-birimizi dəstəkləyirik”. İran Prezidenti Həsən Ruhani isə vurğulayıb ki, Azərbaycan-İran münasibətləri dostluğa və qardaşlığa əsaslanan strateji münasibətlərdir: "Ümid edirəm, Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə həllini tapacaq”.
"İki ölkə arasında iqtisadi sahədə çox gözəl əlaqələr mövcuddur”
Dövlət başçısı iki ölkə arasındakı iqtisadi əlaqələrə də toxunub. Prezident bildirib ki, iki ölkə arasında iqtisadi sahədə çox gözəl əlaqələr mövcuddur: "Ötən il Azərbaycan və İran arasında ticarət dövriyyəsi 70 faizdən çox artıb. Bu, əldə edilmiş razılaşmaların nəticəsidir. Bütün imzalanmış sənədlər həyatda öz əksini tapır və reallaşır. Təkcə keçən il mənim İrana və Prezident Ruhaninin Azərbaycana səfərləri çərçivəsində 18 sənəd imzalanıb. Əlavə iki sənəd də imzalamışıq. Bu, əlaqələrimiz üçün möhkəm hüquqi baza yaradır. İran tərəfi Azərbaycana sərmayə qoymağa başlayıb.
Azərbaycan da Rəşt-Astara dəmir yolunun çəkilişi üçün böyük həcmdə maliyyə resurslarını səfərbər edib”. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan və İranın birgə icra etdiyi "Şimal-Cənub” nəqliyyat dəhlizi tarixi hadisədir: "Bu layihə eyni zamanda regional əməkdaşlıq məsələlərinə mühüm töhfə verir. İndi regionda üçtərəfli formatların sayı çoxalır. Energetika sahəsində böyük uğurlar əldə olunub. Biz elektrik xətlərimizi birləşdirdik və indi mübadilə aparılır. Neft-qaz sektorunda əməkdaşlıq üçün yaxşı imkanlar var. İran şirkəti "Şahdəniz-2” layihəsinin fəal iştirakçısı və sərmayədarıdır. Xəzər dənizində müştərək neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün bu gün geniş fikir mübadiləsi aparılmışdır. Xüsusilə müştərək iqtisadi komissiyanın fəaliyyətini qeyd etmək istəyirəm. Komissiya çox fəal işləyir və prezidentlərin bütün göstərişlərini vaxtlı-vaxtında və yüksək səviyyədə icra edir”.
"Prezident İlham Əliyevin İrana səfəri əbədi dostluğun əlamətidir”
Azərbaycandakı keçmiş səfir Möhsün Pakayin deyib ki, Prezident İlham Əliyevin Tehrana səfəri Azərbaycan və İran arasında əbədi dostluğun əlamətidir: "Bu səfər Tehranın və Bakının əvvəlki
razılaşmaları ciddi şəkildə davam etdirmək niyyətində olduğunu aydın göstərir. Son dörd il ərzində dövlət başçıları bir neçə qarşılıqlı səfər ediblər. Həmçinin, Rusiyanın iştirakilə üçtərəfli görüşdə bir araya gəliblər. Ümid edirəm, əməkdaşlıq daha da inkişaf edəcək”.
"İranın və Azərbaycanın bir çox ümumi milli maraqları var”
Prezident İlham Əliyevin İrana səfərini şərh edən iranlı politoloq Əli Horram deyib ki, ümumi maraqlarının olması iki ölkənin inkişafına güclü təkan verə bilər: "İran və Azərbaycan arasında dünyanın heç bir yerində olmayan çox sıx əlaqələr mövcuddur. İranın milli maraqlarına ziddiyət təşkil edən məsələ eyni formada Azərbaycanın da milli maraqlarına zidd olur. Bunlar mühüm xüsusiyyətlərdir”.
"Son dövrlər İranla əlaqələr inkişaf edir”
Səfərlə bağlı "Şərq”ə danışan politoloq Elxan Şahinoğlu bir sıra məqamlara toxunub. Ekspert bildirib ki, son üç ildə Azərbaycan və İran rəhbərləri 8 dəfə bir araya gəliblər. Bu, olduqca mühüm amildir: "Son dövrlər İranla əlaqələr inkişaf edir. Xüsusən, iqtisadi münasibətlərdə irəliləyiş müşahidə olunur. İki ölkə arasında ticarət həcmi 70 faiz artıb. Dövlətlər qarşılıqlı şəkildə biri-birinə investisiya qoyurlar. Dəmiryol xətti də demək olar ki, hazırdır. Azərbaycan Astaradan Rəştə gedən qatar yolunun tikintisi üçün İrana 500 milyon dollar kredit verib. İran Neftçalada avtomobil zavodu tikir. SOCAR İranda tərəfdaş neft şirkəti yaratmağa hazırlaşır. Xatırladım ki, dövlət başçısından əvvəl İrana iqtisadi inkişaf naziri Şahin Mustafayev də getmişdi. Yaxın müddətdə Araz çayı üzərində bənd tikiləcək. Ortada çox güclü və gəlirli layihələr var”.
"İran Dağlıq Qarabağ məsələsində Türkiyə və Pakistanın mövqeyini təkrar edə bilmir”
Ekspertin fikrincə, sadəcə Dağlıq Qarabağ münaqişəsinin həllinə baxışda İranın mövqeyində dəyişiklik yoxdur: "Həsən Ruhani münaqişə ilə bağlı heç bir məna kəsb etməyən cəmi bir cümlə işlətdi və dedi ki, "münaqişənin sülh yolu ilə həllində maraqlıdırlar”. Azərbaycanla sıx münasibətlər qurmaq istəyən dövlətin başçısı tamamilə fərqli fikirlər səsləndirməli idi. Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deməli, işğala son qoyulmasını tələb etməli idi. Ancaq müsəlman dövləti olan İran ortaya Türkiyə və Pakistan kimi mövqe qoya bilmir. Lakin hesab edirəm ki, zamanla rəsmi Tehranın mövqeyində müəyyən dəyişiklik olacaq. Nazir Şahin Mustafayevin görüşləri Cənubi Azərbaycan şəhərlərində keçirildi.
Daha sonra nazir helikopterlə Araz çayı üzərində tikilən bəndə baxmağa gəldi. Bunun özü göstərir ki, İranda bəzi dairələr Azərbaycanın haqlı mövqeyini anlayırlar. Əgər İranda siyasi proseslər bir qədər sürətlənsə, orada yaşayan azərbaycanlıların ictimai həyatda rolu artacaq. İranda yüksək rütbəli hərbiçilərin içində azərbaycanlılar az deyil. Onlar fars rejiminə xidmət göstərsələr də, Dağlıq Qarabağ münaqişəsində Azərbaycana simpatiyaları var. Düşünürəm ki, gələcəkdə İranın münaqişə ilə bağlı Azərbaycana dəstəyi arta bilər. Hələki Tehran işğalçı ilə işğala məruz qalan arasında fərq qoymur”.
İsmayıl