Paytaxtda yollardan biri pullu olacaq




"Böyük Bakının Regional İnkişaf Planı”nda (Baş planda) paytaxtda ödənişli yolun olması nəzərdə tutulur. APA-nın xəbərinə görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov deyib.

Komitə sədri bildirib ki, "Böyük Bakının Regional İnkişaf Planı” layihəsi təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub. Hazırda layihəyə ekspertlər baxış keçirir. Baxışdan sonra NK layihəni təsdiqləyəcək. A.Ələsgərov bildirib ki, layihə ilə bağlı müvafiq nazirliklər mövqelərini bildirib. Təkliflərlə çıxış edənlər də olub. Sabiq nəqliyyat naziri Ziya Məmmədov Bakıda ikinci pullu yolun olmasını təklif edibmiş. Lakin Komitə paytaxtda artıq bir pullu yolun olduğunu əsas gətirərək ikinciyə lüzum görülmədiyini bildirib.

Nəqliyyat məsələləri üzrə ekspert, "Digesta” hüquq firmasının direktoru Ərşad Hüseynov "Şərq”ə açıqlamasında hələ ki, paytaxtda ödənişli yolun olmadığını dedi:

- Hansısa yolun ödənişli olması çox güman ki, Baş Planda yer alır. Lakin hazırda paytaxtda ödənişli yol yoxdur. Yəqin ki, Baş Planda ödənişli yolun olması müəyyənləşdiyindən ikinciyə ehtiyac görülməyib. Hansı yol pullu olacaq, bunu bilmirik. Məsələn, belə məlumatlar vardı ki, Ələt-Astara yolunun bir hissəsinin ödənişli olması təklif edilir. Belə ideya vardı, amma nə dərəcədə realdır, hələ dəqiq bilinmir.

Ə.Hüseynov ödənişli yol praktikasının mövcud olduğunu dedi:

- Hansısa yol, bir körpü, lap bir tunel də, yaxud yolun hansısa hissəsi ödənişli edilə bilər. Amma bunun da şərtləri var. Əsas şərt budur ki, hansısa yol ödənişli qərar verilirsə, o yolun mütləq alternativi də olmalıdır. Məsələn, Ələt-Astara yolu bu əsasla ödənişli təklif edilirdi ki, Salyan rayonu ərazisindən keçən magistral yolla yanaşı, Biləsuvar istiqamətində də əlavə yol olsun. Yəni, eyni istiqamətə gedən həm ödənişli yol olsun, həm də ödənişsiz. Heç bir halda bir istiqamətə aparan yol birmənalı şəkildə ödənişli edilə bilməz. Sürücülərə mütləq şəkildə alternativ imkan tanınmalıdır. Ödənişli yolun öz standartları var. Nəqliyyatın hərəkəti, təhlükəsizlik faizi, yol hərəkəti qaydalarının tətbiqi, hər bir məsələ burada yüksək həllini tapmış olmalıdır. Ödənişli yollarda istər minik avtomobilləri, istərsə də ağır tonnajlı maşınların hərəkəti üçün maksimum imkanlar yaradılmalıdır. Hələ ki, bizdə pullu yol yoxdur. Regional İnkişaf Planı icra edildikcə, bəlkə bu olacaq. O zaman o yolun hansı standartlara cavab verdiyini də görəcəyik.

Məlahət Rzayeva