Vaqif Səmədoğlu xərçəngdən əziyyət çəkir

Azərbaycan prezidentinin, şairin müalicə xərclərini öz üzərinə götürməsindən sonra o, İsrailə yola düşüb



Xalq şairi Vaqif Səmədoğlu bədxassəli şişdən əziyyət çəkir.
ANS xəbər verir ki, Azərbaycan prezidentinin, şairin müalicə xərclərini öz üzərinə götürməsindən sonra o, İsrailə yola düşüb. Ağır xəstəliklə mübarizədə yardımçı olduğuna görə, İlham Əliyevə təşəkkürünü bildirən Vaqif Səmədoğlu ANS-də Mir Şahinin "Hesabat" proqramında səhhəti barədə danışıb.
"Bütün həyatı boyu, bütün ömrüm boyu, ən çox məni düşündürən məsələ ölüm olub. Onun üçün Anar mənim adımı ölüm şairi qoyub. Amma məndən çox ölümdən Azərbaycan poeziyasında yazan olmayıb. Bu xərçəng xəstəsi nə haqda fikirləşir?”

Müəllif Mir Şahin:

 Prezident İlham Əliyev bu il təkcə jurnalistlərin yox uşaqdan böyüyə çoxunun dostu olduğunu sübut etdi. Ayağını itirmiş körpə İmrana, qan xərçənginə tutulmuş Nicat Dağlara böyük dost oldu. İndi də böyük şairimiz Vaqif Səmədoğlunun yanındadır. Zəmanəmizin böyük şairi Vaqif bədxassəli şişdən əziyyət çəkir. Dövlət başçısı onun da müalicə xərclərini öz öhdəsinə götürüb. Bizimlə söhbətdə şair Prezidentə əslində bir ömürlük təşəkür etdi.

Vaqif Səmədoğlu ilə görüşdə mən sözün həqiqi mənasında o dünyanı görüb qayıtdım. Bu axşam İsrailə müalicəyə yollanan Vaqif Səmədoğlunun nə qədər güclü insan olduğunun, vur-tut 75 yaşı olan adamın bu az yaşı ilə əbədiyyətə qədər tarixi olan ölümün qarşısında necə şax və şux dayandığının şahidi oldum.
Mən indi sizə Vaqif Səmədoğlu ilə müsahibəmizin bir-iki fraqmentini, ölməz şairimizin məhz ölümlə bağlı fikirlərini təqdim edəcəyəm. Ona görə ki, o ölümə ömrünün növbəti stansiyası tək yanaşır.
Bədəni zəifləsə də ruhi əzəmətindən və zarafatından qalmayan Vaqif Səmədoğlu ilə tam müsahibəni yaxın vaxtlarda sizə təqdim edəcəyik. Danışdığımız kimi, Vaqif Səmədoğlu İsraildən qayıdır və biz onunla söhbəti davam etdiririk. Açıq deyirəm: Mən Vaqif müəllimi pianino çalan, şeir deyən, zarafat edən, velosiped sürən, Avropa Şurasında Azərbaycanın adından danışan, hətta dəniz qırağında Motosikl sürərkən 3 çılpaq xanım qarşasında özünü itirərək yerə yıxılan yerdə təsəvür edə bilirəm. Amma Vaqif Səmədoğlunu ölən yerdə təsəvür etmirəm və etməyəcəyəm. Gözləyəcəyəm. Qayıtsın və ölümlə zarafatı buraxıb, həyatla ciddi söhbət eləsin. Bu onda daha yaxşı alınır.
Xərçənglə mübarizə aparan, Türkiyədə əməliyyata hazırlaşan başqa bir ziyalımız Rafiq Hüseynovu da həmin söhbətə dəvət edəcəyəm. Xəsis deyiləm. Orijinallıq olsun deyə müəlliflik hüququnu onunla bölüşməyə hazıram.
Vaqi Səmədoğlu müsahibədə belə bir fikir işlətdi. Mən heç vaxt demokratiya uğrunda mübarizə aparmamışam, mən müstəqillik uğrunda mübarizə aparmışam. Ona görə ki, mən müstəqilliyin nə olduğunu anlayıram.