3 gün cəbhədə yaşananlar

Ekspertlərin qənaətinə görə, bu dəfə mediamız daha yaxşı “silah”lanıb




Azərbaycan və Ermənistan qoşunları arasında münasibətlər son dərəcə kəskinləşib, cəbhə xəttində intensiv döyüşlər gedir. Üstünlüyü ələ alan ordumuz düşmənin xeyli sayda canlı və hərbi-texniki qüvvəsini məhv edib, çoxsaylı müdafiə istehkamlarını dağıdıb. Buna rəğmən itkilərimiz də yox deyil, ordumuz 15 şəhid verib. Qeyd edək ki, cəmiyyətin cəbhədə baş verənlərə marağının böyük olması fonunda medianın da buna adekvat fəaliyyət göstərmək istəyi qəbulediləndir. Ancaq cəmiyyətin cəbhə xəbərlərinə həssaslığını nəzərə alsaq, mövzuya tam peşəkar şəkildə yanaşılması mütləqdir. 2014-cü ilin avqust ayında cəbhədə yaranan gərginlik zamanı bir sıra media, o cümlədən internet resursları hərbi texnikamızın hərəkət trayektoriyası, tankların sayı, nömrələri, bir sözlə, hərbi sirr sayılan, dövlətin milli maraqlarına uyğun olmayan materialları yayımladılar. Amma həmin vaxt təmas xəttində müşahidə olunan gərginlik bəzi kütləvi informasiya vasitələrinin, xüsusilə də internet resurslarının qanunvericiliyin tələblərinə zidd və qeyri-peşəkar fəaliyyətini açıq nümayiş etdirdilər. Lakin dövlət rəhbərliyi və aidiyyəti qurumlar onların bu addımına laqeyd qalmadı və cəbhədə vəziyyət səngiyəndən sonra bir sıra media təmsilçilərinin, ekspertlərin iştirakı ilə maarifləndirci tədbirlər keçirilib, zəruri tövsiyələr edildi. Nəzərinizə çatdıraq ki, eyni səhvlər təkrarlanmasın deyə, Mətbuat Şurası Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində yaranmış gərginliyin ilk günündə yerli KİV-lərdə gedən materiallarla bağlı bəyanat yayıb.

Bəyanatda deyilib: "Müxtəlif kütləvi informasiya vasitələri, sosial şəbəkə profilləri Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində qızğın döyüşlərin getdiyinə dair məlumatlar yayımlamaqdadır. Azərbaycan Mətbuat Şurasının təhlilləri göstərir ki, bu məlumatların müəyyən qismi ayrı-ayrı şəxslərin cəbhəyanı bölgələrdə yaşayan yaxınlarından əldə etdikləri bilgilərdən, müəyyən qismi isə xarici media orqanlarında yer almış xəbərlərdən ibarətdir. Məlumatların çox azında Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mövqeyinə istinad edilib. Mətbuat Şurası cəbhə xəttində ötən illərdə baş vermiş analoji hadisələrin, xüsusən də atəşkəs rejiminin kütləvi pozulması hallarının mediada doğurduğu effekti, bu sahədəki mənfi təmayüllərin qeydə alınması reallığını nəzərə alaraq Azərbaycanın kütləvi informasiya vasitələrinin təmsilçilərini diqqətli olmağa çağırır. Şura hesab edir ki, bu sayaq vəziyyətlərdə medianın vətəndaş mövqeyinə söykənən həssaslığı onun ən böyük peşəkarlıq göstəricisidir. Bu peşəkarlığın nümayişi isə ilk növbədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin və digər rəsmi mənbələrin məlumatlarına istinaddan, eyni zamanda əldə edilmiş məlumatların mütləq rəsmi təsdiqlənməsindən keçir. O da nəzərə alınmalıdır ki, pozitiv və neqativ məzmunundan asılı olmayaraq düşmən qüvvələr ümumən Azərbaycanın milli maraqlarına uyğun olmayan, beynəlxalq imicinə ləkə gətirən xəbərləri də dövriyyəyə buraxırlar. Bütün bunlara görə Azərbaycan Mətbuat Şurası bir daha ölkəmizin bütün kütləvi informasiya vasitələrini, ayrı-ayrı jurnalistləri cəbhə xəttində baş verənlərlə bağlı məlumatların təqdimatına həssas yanaşmağa, ciddi şəkildə dəqiqləşdirmələr aparmağa çağırır. Qurum eyni zamanda əlaqədar dövlət qurumlarına hazırkı vəziyyətlə bağlı daha çevik fəaliyyət göstərməyi, cəmiyyətin informasiya tələbatını vaxtında ödəmək üçün bütün mümkün vasitələri dəyərləndirməyi tövsiyə edir”.

Qeyd edək ki, son 3 gündə cəbhə xəttindəki yaşanan qarşıdurma ilə bağlı ölkə mediasının atdığı addımları dəyərləndirmək üçün bir neçə baş redaktor və media ekspertləri ilə əlaqə saxladıq. Ümumi qənaətə görə, mediamız bu dəfə yaxşı "silah”lanıb.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru, ekspert Qulu Məhərrəmli isə deyib ki, 2014-cü ilin avqust hadisələrinə baxanda ölkə mediası, televiziyalar bu dəfə daha peşəkar davranıb: "Düzdür, bəzi saytların xəbərləri təsdiqləməyə səbri çatmadı. Müəyyən problemlər yaşandı. Tez-tələsik yayılan məlumatları yerləşdirdilər. Avqust ayında cəbhədə yaşanan gərginlik zamanı müxtəlif dezinformasiyalar yayılırdı, insanlar yanlış məlumatlandırılırdı. Mediamız öz səyi və Müdafiə Nazirliyinin təşəbbüsü ilə insanları düzgün məlumatlandırdı. Mediamız qeyri-peşəkarlıqdan çəkindi, sosial şəbəkədə yayılan yanlış informasiyalar diqqətdən kənar qaldı. Problemin ciddiliyini dərk elədilər, məsuliyyət məsələsi ön plana çıxdı və peşəkarlıq öz sözünü dedi. Bilirsiniz ki, fövqəladə şərait informasiyanın düzgün idarə olunmasını tələb edir. Bu baxımdan sosial şəbəkələrin fəaliyyəti də əvvəlki illərə baxanda xeyli dəyişib. Müharibə xəbərlərinə son dərəcə diqqətli və ehtiyatlı yanaşıldı”.

Şəhidlərimizlə bağlı xəbərlərin tirajlanmasına toxunan Q.Məhərrəmli deyib ki, operativlik nümayiş etdirmək üçün bu cür xəbərləri bəh-bəhlə verməyə xüsusi hacət yoxdur: "İtkilərlə bağlı Müdafiə Nazirliyinin yaydığı xəbərlər həqiqəti əks etdirir. Media nümayəndələri də bu reallığa söykənməlidir. Şəhidlərlə bağlı dəqiqləşdirilməyən xəbərlərin verilməsi qeyri-peşəkarlıqdır. Bəzi saytların sağ adamı öldürməsi halı ilə ilk dəfə rastlaşmırıq. Amma başa düşmürəm, həmin jurnalistlər bu cür xəbərləri tez verəndə nəyə nail olurlar? İP-ləri artır, ya oxucularının sayı çoxalır? Nəzərlərində olsun ki, bu cür xəbərlər heç bir halda təqdir olunmur”.

"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin qənaətincə, Azərbaycan mediasının əhəmiyyətli hissəsi 2014-cü ilin avqust hadisələrindən nəticə çıxara bilib: "Bu tendensiya xüsusilə də ənənəvi və peşəkar medianın timsalında öz təsdiqini tapıb. Hesab edirəm ki, həmin dövrdə akademik Ramiz Mehdiyevin keçirdiyi görüşlər, bu istiqamətdə görülən işlər, Mətbuat Şurasının atdığı addımlar mediamızın peşəkar təmsilçilərinin bu məsələdə nümayiş etdirdiyi mövqe və marifləndirici tədbirlər öz nəticəsini qabarıq şəkildə büruzə verib. Təbii ki, istisnalar da vardı. Reytinq dalınca qaçan, media anlayışının mahiyyətindən xəbəri olmayan, müxtəlif adlar altında sayt yaradaraq özünü kütləvi informasiya vasitəsi kimi sırımağa cəhd edən bəzi qurumlar mövcud situasiyadan yararlanmağa çalışdılar. Amma ümumilikdə Azərbaycan mediasının vahid vətəndaş mövqeyi nümayiş etdirdiyinin şahidi olduq”.

E.Mirzəbəylinin sözlərinə görə, dəqiqləşdirilməmiş xəbərləri yayan jurnalistlər xalqın orduyla, cəbhə ilə bağlı xəbərlərə həssaslığını görüb, bundan önə çıxmaq üçün istifadə edirlər: "Bəzilərinin isə peşəkarlıqdan xəbəri yoxdur, təsadüf nəticəsində bu sektora düşmüş insanlardır. Bir qismi isə xaricdən idarə olunan, ola bilsin ki, Ermənistanın ayrı-ayrı kəşfiyyat qruplarının nəzarəti altında olan, xarici maraqları ifadə edən insanlardır. Nəzərinizə çatdırım ki, belə saytların heç də hamısı Azərbaycandan idarə olunmur”.

Baş redaktor deyib ki, ölkə daxilində fəaliyyət göstərərək cəbhə xəbərləri ilə bağlı yanlışlıqlara yol verən saytlara qarşı maarifləndirici missiyadan yanaşıb, danışıqlar yolu ilə onları islah etməyin zamanı keçib: "Onlara qarşı konkret və sərt addımlar atmaq lazımdır. O kəslər ki, ölkənin mənafeyinin əleyhinə informasiyalar yayır, təxribat xarakterli məlumatları ötürürlərsə, o insanlar qanunun ən sərt üzü ilə rastlaşmalıdırlar. Bizim əsgər və zabitlərimiz öz canlarını təhlükə qarşısında qoyub, erməni işğalçılarına qarşı mübarizə aparırlar, xalqımızı müdafiə edirlər. Müqəddəs torpaqlarımız uğrunda şəhid veririk. Buna rəğmən baş verənlərə qeyri-əxlaqi münasibət nümayiş etdirən media qurumlarına qarşı güzəştə getmək olmaz. Onlar birmənalı olaraq, Azərbaycan xalqının düşmənləri elan edilməlidir”.

"Bakı-xəbər”qəzetinin baş redaktoru Aydın Quliyev isə hesab edir ki, Azərbaycan mediası əvvəlki dövrlərlə müqayisədə cəbhə xəttində baş verən hadisələri işıqlandırmaqda son dərəcə peşəkarlaşıb: "Bu dəfə rəsmi məlumatlara istinad etmək tendensiyası daha çox üstünlük təşkil etdi. Eyni zamanda, jurnalistlərimiz erməni və əsassız digər mənbələrin informasiyalarına qarşı da ehtiyatlı və peşəkar münasibət sərgilədilər. Sevindiricidir ki, bir sıra informasiya orqanlarımız erməni mənbələrindən götürülmüş materialları professional şərh etməklə yanaşı, məlumatların yalan mahiyyətini məntiqli dəlillərlə ifşa etdilər. Hesab edirəm ki, bu inkişaf dövlətin qəbul etdiyi qərarlar, Prezident Administrasiyasının məsul şəxslərinin bu sahədə peşəkarlığın artırılması istiqamətində media nümayəndələri ilə keçirdikləri görüşlərin nəticəsidir”.

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb