İran sərhəd pozucularını silahlandırıb Azərbaycana göndərir

“Rəsmi Tehran, sərhəddə silahlı insidentlərin yaranmasında maraqlıdır”



Azərbaycan-İran sərhədində sərhədçilərlə sərhəd pozucuları arasında silahlı insident yaşanıb. Baş verən hadisədə Azərbaycanın bir hərbçisi həlak olub, ikisi isə yaralanıb. Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə dekabrın 1-də saat 19:30 radələrində Lənkəran Sərhəd Dəstəsinin xidməti ərazisində baş verib. Silahlı insident, sərhəd naryadının, sərhəd pozucularının qarşısının alınması zamanı yaşanıb.

APA TV-nin bölgə müxbirinin əldə etdiyi məlumata görə, silahlı insident Lerik rayonu ərazisində baş verib. İnsidentdən sonra Lənkəran Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına məxsus təcili yardım maşını Lerikə gedərək yaralıları Lənkəran Mərkəzi Rayon Xəstəxanasına gətirib. Silahlı insident zamanı həlak olan hərbçi 37 yaşlı mayor Maqsud Nağıyevdir. 50 yaşlı polkovnik-leytenant Azər Şəfiyev və 29 yaşlı Vüqar Vahabov isə yaralanıblar. Məlumata görə, hər iki yaralı dünən Bakıdakı xəstəxanalardan birinə göndəriliblər.

Hadisənin başvermə səbəbləri Dövlət Sərhəd Xidməti və Azərbaycan Hərbi Prokurorluğu tərəfindən araşdırılır.

Ekspertin iddiasına cavab verildi

Hadisə ilə bağlı müstəqil hərbi ekspert Üzeyir Cəfərov şok yaradacaq iddia irəli sürüb. O öz "Facebook” səhifəsində yazıb ki, sözügedən insident özümüzünkülərin günahıdır: "Bizə verilən məlumat əgər doğrudursa, onda bu sadəcə general-leytenant Elçin Quliyevin istefası və Lənkəran Sərhəd Dəstəsinin komandirinin və digərlərinin cinayət məsuliyyətinə cəlb edilməsi ilə nəticələnməlidir. Dünən gecə bu məlumatın təcili yayılması onu deməyə əsas verir ki, DSX-nin başbilənləri səhər bu hadisə haqqında dəqiq və dolğun məlumatın yayılmasını istəməyiblər. İndi qoy açıqlasınlar ki, 1 hərbçiyə atəş açıb onu öldürən(lər), ikisini isə yaralayan kim(lər) olub? Bizə verilən məlumat isə ondan ibarətdir ki, hadisə səhv qurulmuş əməliyyat nəticəsində baş verib və hərbçilərimiz öz yoldaşlarına səhvən atəş açıblar. Gözləyək görək DSX nə məlumat verir?”

DSX-nin isə Ü.Cəfərova cavabı gecikmədi. Qurumun mətbuat xidmətindən bildirilib ki, İranla sərhəddə baş verən atışma ilə bağlı hazırda araşdırma aparılır: "Mətbuatda hadisə ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Araşdırmalardan sonra DSX hadisə ilə bağlı ictimaiyyətə ətraflı məlumat verəcək. Üzeyir Cəfərov müstəqil adamdır, istədiyi bəyanatı verə bilər. DSX rəsmi açıqlamasını öz saytına yerləşdirib və məlumat verib”.

"Sərhəd pozucularının əlinə silahı verib, o tərəfdən bura nəyə göndərirlər?”

Hadisənin siyasi tərəflərinin olduğunu düşünənlər də mövcuddur. Bir sıra ekspertlər bildirirlər ki, bu cür insidentin yaranmasını istəyən Azərbaycanın müstəqilliyini sinirə bilməyən İran tərəfidir.

Politoloq Qabil Hüseynli "Şərq”ə bildirib ki, rəsmi Tehran sərhəddə belə silahlı insidentlərin yaranmasında maraqlıdır: "Ona görə də sərhəd pozucularını göndərirlər ki, bizimkilər tərəfindən atəş açılsın. Sərhədlərini qorumaq Azərbaycanın və onun hərbçilərinin borcudur. Tehrandır günahkar. Sərhəd pozucularının əlinə silahı verib, o tərəfdən bura niyə göndərirlər? İran rəhbərliyinin məqsədi ölkələr arasında ixtilaf yaratmaqdır. Hər zaman Azərbaycanın müstəqilliyini gözü götürməyən, ölkəmizin inkişafını həzm edə bilməyən Tehran bu cür qarışıqlıq yaratmağa cəhd göstərir. Mən hesab edirəm ki, bu, İranın Azərbaycana qarşı növbəti təxribatlarından biridir. Buradakı sabitliyi pozmaq üçün onlar belə xoşagəlməz addımlar atırlar. Bir hərbçimizin öldürülməsinə, digər ikisinin isə yaralanmasına görə rəsmi Bakı tehrandan hesab soruşmalıdır”.

"Yaxşı olmayacaq”

"Biz sərhəddə mövcud olan kiçik problemlərin ictimailəşdirilməməsi barədə razılığa gəlmişdik”. Belə bir açıqlama ilə isə İran mətbuatında bu ölkənin Sərhəd Qoşunları Komandanı general Hüseyn Zülfüqari çıxış edib. O, Azərbaycan-İran sərhədində baş verən atışmaya münasibət bildirərkən deyib ki, bunlar xırda məsələlərdir.

İran rəsmisinin sözlərinə görə, Azərbaycan mediası sərhəddə olan insidentlə bağlı məsələni gündəmə gətirməli deyildi: "Biz qonşu ölkələrin təxminən 14 sərhədçiliyi ilə birbaşa əlaqəyə malikik. Fikrimcə, Azərbaycan respublikası kimi heç bir ölkə bu məsələni gündəmə gətirmir. Sırf yaxşı və müsbət əlaqələrimizin olduğunu söyləyirəm. Lakin əməldə qanunlara sadiq olduğumuzu nümayiş etdirməsək, yaxşı olmayacaq”.