Kiyev “qan çanağı”na dönüb

Ukrayna hökuməti müxalifətlə danışıqlara hazırdır
Baş verən hadisələr, satış bazarı uğrunda Rusiya və Qərb arasında gedən qarşıdurmanın növbəti mərhələsidir




Ukraynada hökumət əleyhinə keçirilən aksiyalar səngimək bilmir. Ukraynanın azadlıq meydanı "qan çanağı”na dönüb. Xüsusi təyinatlıların mitinqə müdaxiləsinə baxmayaraq meydanı boşaltmaq mümkün deyil. Etirazçılar barrikada quraraq meydandan çıxmırlar. Polis müxalifətin meydandakı çadırlarına yaxınlaşmaq istəsə də, aksiyaçılar buna imkan vermir.

Canlı divar yaradan nümayişçilərin müqaviməti ilə üzləşən polis insan barrikadasını yara bilmir. Ölkə başçısı Viktor Yanukoviçdən Avropaya inteqrasiyasını tələb edən nümayişçilər hökumət binasının girişini də bağlayıblar. Etirazçıların bu addımı ölkənin sabiq prezidentləri Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenkonun da dəstəyini qazanıb. Eks-dövlət başçıları meydandakı gənclərlə həmrəy olduqlarını və Avropaya inteqrasiyanı dəstəklədiklərini bildiriblər. Hətta keçmiş prezidentlər Ukrayna hökumətinə Avropaya inteqrasiyanı tövsiyə ediblər. Bu olaylardan sonra mövqelərinin dəyişməz qalacağını söyləyən hakimiyyət geriyə çəkilmək məcburiyyətində qalıb. Belə ki, baş nazirin birinci müavini Sergey Arbuzov Ukrayna hökumətinin növbədənkənar seçkilərlə bağlı müxalifətin tələbini müzakirə etməyə hazır olduğunu açıqlayıb. Nazir müavini qeyd edib ki, danışıqlar işgüzar şəraitdə keçməlidir: "Güman edirəm ki, danışıqlar masasına otursaq, əsas təkliflər növbədənkənar seçkilərin keçirilməsi olacaq. Biz onları müzakirə etməyə hazırıq”. Xatırladaq ki, Ukrayna prezidenti V.Yanukoviçin Rusiya dövlət başçısı Vladimir Putinin açıq-aydın təzyiqlərindən sonra Avropa Birliyi ilə assosiativ sazişdən imtina etməsi ölkədə Avropaya inteqrasiya prosesini dəstəkləyən qüvvələrin etirazına səbəb olub.

Nazirlik rəsmisinin bəyanatını şərh edən politoloq Elşən Manafov söyləyib ki, Ukrayna Avropaya inteqrasiya ilə bağlı məsələlərə yenidən baxa bilər: "Bu barədə ölkə başçısı da bəyanat səsləndirmişdi. Çünki Avropaya inteqrasiya sözü gedən ölkənin maraqlarına cavab verən məsələdir”. Ekspertin qənaətinə görə, Ukraynanın iqtisadi maraqları "Gömrük ittifaqı”na müsbət cavab verməyi tələb edirdi: "Yanukoviç də bu addımı atdı. Adıçəkilən layihəyə mövqeyini sərgiləməzdən öncə ölkə rəsmiləri Avropa Birliyi ilə danışıqlar apardılar. Danışıqların əsas mövzusu isə bu idi ki, Avropa Rusiyadan aldığı maliyyə borclarının silinməsində Ukraynaya dəstək verərsə, Ukraynanın maraqları ilə üst-üstə düşən uzunmüddətli kreditlər verərsə, onlar AB ilə bağlı məsələyə müsbət yanaşar. Ukrayna Avropaya inteqrasiya proseslərini sürətləndirə bilər. Amma AB bəyan etdi ki, Ukraynaya 2-3 milyard məbləğində kredit verərək təxminən 5-6 ildən sonra onlardan 7 milyard məbləğində krediti geri alacaq. Bu isə Ukraynanın maraqlarına cavab vermədiyinə görə Yanukoviç Rusiyaya meyilləndi”. Siyasi təhlilçinin fikrincə, Ukraynanın Rusiya ilə yaxınlaşması Qərbin maraqlarına ziddir: "Bu, NATO-nun Şərqə doğru genişlənməsini də əngəlləyir. Bu baxımdan Qərb Ukrayna müxalifətinin maliyyə dəstəyini yetərincə artırıb”.

E.Manafov söyləyib ki, Ukrayna hakimiyyəti qarşıdurmanın daha dözülməz müstəvi üzərinə gəlməsinə imkan verməməlidir: "Məhz buna görə də Yanukoviç iqtidarı müxalifətlə görüşlərə hazır olduqlarını deyib”. Ekspert hesab edir ki, Ukraynadakı iğtişaşlara Putindən yaxşı qiymət verən olmadı: "Rusiya dövlət başçısı bildirdi ki, əslində baş verən hadisələr Avropaya inteqrasiya və "Gömrük İttifaqı” ilə bağlı məsələlərdən irəli gəlməyib. Bu, Ukrayna müxalifətinin 2015-ci ildə keçiriləcək prezident seçkilərinə start verməsidir”.

Siyasi şərhçi qeyd edib ki, Ukraynada baş verən hadisələr satış bazarı uğrunda Rusiya və Qərb arasında gedən qarşıdurmanın növbəti mərhələsidir: "Bunun başqa adı yoxdur”.