Heç kim sirrini vermək istəmir

Yeni il gecəsində bütün telekanallar arasında rəqabət yaşanacaq


Artıq qış qapımızı döyür. Köhnə ili pis-yaxşı yola salıb, yeni ili qarşılamaq üçün hazırlıqlar da başlanıb. Hər ötən il xatirəyə dönür, yeni il, yeni təqvim yeni arzuların başladığı nöqtə hesab edilir. Təbii ki, Yeni il gecəsi də hamı süfrə başına toplaşıb yeni ili yaxınları, dostları ilə qarşılayır, bir-birinə xoş arzular diləyirlər ki, yeni il xoş qədəmlə həyatımıza daxil olsun. Yeni ildə hər ailə üçün telekanallarda yayımlanacaq verilişlərin, xüsusi Yeni ili proqramlarının da önəmi var.

"Ən yaxşı Yeni il proqramı hansı kanalda təqdim olunacaq” sualı əslində hər bir izləyicini maraqlandırır. Çünki həmin gün hər bir ailə, hər bir insan vaxtının xoş, maraqlı keçməsini arzulayır. Xüsusilə də ekran qarşısında oturan tamaşaçı ötən ildən daha fərqli, daha rəngarəng, daha maraqlı verilişlər izləməyi, daha populyar müğənniləri efirdən izləməyi arzulayır. Bəs görəsən, telekanallarımız bu ilə necə hazırlaşır? Bu il hansı telekanal daha maraqlı, əyləncəli yeni il buraxılışı ilə tamaşaçı qarşısına çıxacaq.

Elə bu sualları ölkədə fəaliyyət göstərən kanal səlahiyyətlilərinə ünvanladıq.

ATV telekanalının yeni layihələr departamentinin baş redaktoru Tünzalə Əzizova bildirdi ki, Yeni il şənliklərinin çəkilişlərinə 10 günə start verilməlidir: "Biz indidən bu barədə geniş açıqlama verməyi düşünmürük. Sadəcə onu deyə bilərik ki, ATV telekanalı bu il də izləyicilərinə maraqlı, çox fərqli Yeni il buraxılışı vəd edir”. Kanal səlahiyyətlisi Yeni ilin xüsusi buraxılışları barədə ətraflı məlumat vermək istəməsə də, etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, artıq kanalda Yeni illə bağlı intensiv işlər aparılır. Onlar rəqiblikdə digər kanalları bu il də kölkədə qoyacaqlarına əmindirlər. Kanal bu il də xüsusi ssenari ilə Yeni il çəkilişlərinə start verməyə başlayır. ATV-də yeni il çəkilişləri ayın ortasından start götürəcək. Onlar daha çox maraqlı qonaqlar, verilişlərlə yanaşı, səs effektlərinə, görüntüyə də üstünlük verəcəklər.

"Space” telekanalının səlahiyyətlilərindən məlumat əldə etməyə çalışdıq. Bu kanalda da Yeni il çəkilişlərinə hazırlıq başlayacaq. "Space” bu il çox fərqli, əvvəlki illərlə müqayisəyə gəlməyəcək Yeni il gecəsi vəd edir. Onlar da indidən kartlarını açıb, rəqiblərinin məlumatlı olmalarını istəmədilər. Bildirdilər ki, Yeni il gecəsi bütün telekanallar arasında xüsusi rəqabət yaşanır. "Ona görə də əvvəlcədən Yeni il buraxılışları, ssenarimiz barədə açıqlama verməyi məqsədyönlü saymırıq. Çünki öncədən məlumat deyiləndə, ideya oğurlana bilər”. Onlar hələ ki, susmaqla özlərini sığortalamağı düşünürlər. "Lider” telekanalı ilə əlaqə yaratdıq. Kanalın tanınmış aparıcılarından olan Zabil Əliyev bildirdi ki, artıq "Lider” telekanalı daxilində də hazırlıqlar yavaş-yavaş başlayır: "Biz hər zaman kanal olaraq liderliyimizi qorumuşuq. Bu il də tamaşaçılar Yeni il gecəsi maraqlı verilişlərin, hadisələrin şahidi olacaqlar. Mənim özümün aparıcılığımla iki veriliş barədə isə bir az ətraflı məlumat verim. "Qızıl pillə” verilişinin müəyyən hissəsi bölgələrimizdən birində çəkiləcək. Maraqlı ssenari hazırlamışıq. Danışıb, marağı öldürmək istəmirik. Bir məlumatı da deyim ki, "Ekstrasens” proqramı ilə bağlı bir ipucu verim ki, Yeni il buraxılışında yerdəyişmə baş verəcək. Xüsusi Yeni il buraxılışında ekstrasenslər tanışmışların taleyinə deyil, müğənnilər ekstrasenslərin taleyinə baxıb onların gələcəyi barədə proqnoz verəcəklər”.