Nemət Pənahlını dardan Elçin Behbudov qurtarıb

Məhbusun yanına təxribata çəkmək üçün bir dustaq salıblarmış

"Nemətin səhhətində müsbət dəyişiklik yoxdur, vəziyyəti eynidir. Şəkər xəstəliyindən əziyyət çəkir”. Bu sözləri Milli Dövlətçilik Partiyasının sədri, Xalq Hərəkatının liderlərindən olan Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı "Şərq”ə danışarkən deyib. Məhbus siyasətçinin durumu barədə məlumat verən H.Pənahlı Neməti sadəcə üç aydan bir görə bildiyini söyləyib: "Tək adamlıq kamerda saxlanılır. Qobustana aparılandan sonra həbsxana şərtlərinə görə Nemətlə tez-tez görüşə bilmirəm. Sadəcə hər həftə telefonla danışmağa icazə verilir. Bilirsiz ki, Qobustan həbsxanasında vəziyyət yaxşı deyil. Dustaqlar sərtləşdirilmiş rejimdə saxlanılır. Bu vəziyyət onun səhhətinə çox pis təsir edir. Həbsxana ortamında şəkər xəstəsinin vəziyyəti necə yaxşılaşsın?”.

H.Pəhanlı Nemətin vəziyyəti ilə bağlı hüquq müdafiəçilərinə müraciət etmədiyini bildirib: "Nemətin yanına onu təxribata çəkmək üçün bir dustaq salmışdılar. Sadəcə bununla bağlı hüquq müdafiəçisi Elçin Behbudovla danışmışam. Sağ olsun, qısa müddət ərzində məsələyə müdaxilə edərək Nemətin yanına saldıqları təxribatçı dustağı oradan uzaqlaşdırmağa nail oldu. Həm də gördülər ki, artıq mətbuatda məsələ çox müzakirə olunur. İndi hələki sakitçilikdi, elə bir ciddi problem yoxdur. Bu səbəbdən də hüquq müdafiəçilərinə müraciət etməyi düşünmürəm”.

H.Pənahlı Yeni il bayramı ilə bağlı mətbuatda gedən əfv söhbətindən xəbərsiz olduğunu deyib: "Əfvlə əlaqədar Nemətlə danışığımız olmayıb. Düzü, heç bununla bağlı məlumatım da yoxdur. Siz deyirsiz, indi eşidirəm. Həm də bilirəm ki, Nemət heç vaxt əfv ərizəsi yazmayacaq, heç kimə müraciət etməyəcək. Ona görə də onunla bu barədə danışmağı lazımsız bilirəm”.