Soydaşlarımız torpaq üzərində birbaşa mülkiyyət hüququna malik deyillər

“O imkanlar soydaşlarımızın əlindən alınıb. Biz də onun davasını edirik”

"Bu yaxınlarda Gürcüstanın Marneuli vilayətində 5 hektar torpaq Ermənistan vətəndaşına bağışlanılıb. Ermənistanla həmsərhəd bölgədə yerləşən Azərbaycan əhalisinin əkin və otlaq meşə sahələrinin zəbt edilməsi azərbaycanlılara qarşı ciddi təzyiqin olduğunu göstərir”. Bu barədə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Fərəc Quliyev bildirib. Deputat məsələni yaxın günlərdə Gürcüstan hökuməti səviyyəsində qaldıracaqlarını deyib:

"Bu problemlərlə bağlı dəfələrlə məsələ qaldırmışıq. Bir neçə il əvvəl də azərbaycanlılara ayrılan torpaqlar gürcülərə verilmişdi. Həmsərhəd zona olmasa belə, soydaşlarımızın torpaqlarını başqalarına vermək tamamilə yanlış addımdır. Xalqımız Axalkalakidəki ermənilər kimi gəlmə deyil. Həmişə Gürcüstan hakimiyyətinin nəzərinə çatdırmışıq ki, Gürcüstan-Rusiya müharibəsində soydaşlarımız Gürcüstanın bütövlüyünü müdafiə etdilər, separatçılıqla məşğul olmadılar. Onlar o dövlətin içərisində yaşayırlar və onların bərabər hüquqları, haqqı tanınmalıdır. Nə edək ki, bəzi məqamlarda bu cür davranışlar olur. Təkcə o deyil, başqa məsələlər də var. Dəfələrlə bu məsələləri həm partiyamızın "Borçalı” departamentinin, həm də parlament xətti ilə qaldırmışıq. Bu məsələni diqqətimizdə saxlayacağıq. Bir neçə gün əvvəl gürcüstanlı dostlarımızı bura çağırmışdıq, bəzi məsələləri müzakirə etdik. Təbii ki, təkcə söhbət bu proseslərdən getmir. Orda məktəblərlə və digər problemlərlə bağlı məsələlər vardı. Yaxın günlərdə Gürcüstana səfərə də gedə bilərik”.

Milli Məclis üzvünün açıqlamasını dəyərləndirən "Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli "Şərq”ə açıqlamasında məsələləri siyasiləşdirməyin yanlış olduğunu qeyd edib: "Gürcüstandakı soydaşlarımız torpaq üzərində birbaşa mülkiyyət hüququna malik deyillər. O imkanlar soydaşlarımızın əlindən alınıb. Biz də onun davasını edirik. Kəndçini torpaqdan məhrum etmək diskriminasiyaya cəhddir. Amma Gürcüstanda torpaq alqı-satqısına qadağa yoxdur. Gürcüstan demokratik ölkədir. Hər kəs qanunların imkan verdiyi səviyyədə torpaq ala bilər. Məsələni dramatikləşdirmək düzgün deyil. Populist şüarlarla soydaşlarımızı yerindən oynatmağa ehtiyac yoxdur”.