Əli bəy Hüseynzadə mərkəzinin yaradılması ideyası dəstəklənir

Nizami Cəfərov: “Elmi mərkəzin paytaxtda olması daha məqbuldur”
“Salyanda isə kiçikhəcmli mərkəz yaradılmalıdır”

Mətbuat Şurasının təşəbbüsü ilə media nümayəndələrinin Salyan Rayon İcra Hakimiyyətində keçirilən görüşü zamanı "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı görkəmli türkoloq Əli bəy Hüseynzadənin 150 illik yubileyinin yaxınlaşdığına diqqət çəkib. Baş redaktor bildirib ki, bütövlükdə türk dünyası üçün misilsiz xidmətlər göstərmiş bu dahi şəxsiyyətin Salyanla bağlılığını dünyaya tanıtdırmaq məqsədilə rayonda xüsusi elmi-tədqiqat mərkəzinin yaradılması müsbət hadisə olardı. A.Aşırlının təklifi toplantı iştirakçıları tərəfindən maraqla qarşılanıb və onun əməli iş müstəvisində dəyərləndirilməsi üçün təşəbbüs qaldırılıb. Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov ideyanı müsbət dəyərləndirib, icra aparatına müvafiq göstərişlər də verib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili, professor Nizami Cəfərov da irəli sürülən təklifi bəyəndiyini dedi və bu istiqamətdə görüləcək hər hansı işin müsbət nəticələri olacağını bildirdi. Bununla yanaşı, millət vəkili hesab edir ki, Əli bəy Hüseynzadə kimi nəhəng bir şəxsiyyətin adıyla bağlı elmi mərkəzin paytaxtda fəaliyyət göstərməsi daha məqbuldur:

- Əli bəy Hüseynzadə azərbaycançılıq ideologiyasının banisi, ilk dəfə onu formulə etmiş bir şəxsiyyətdir. Əli bəy təbiəti etibarilə təkamülçü filosofdu. Əli bəy özlüyündə mükəmməl bir tarixdir. Türk dünyası üçün böyük bir hadisədir. Təsəvvür edin ki, hətta İstanbulda onu mühakimə ediblər, məhkəmə onu zaldan azad etməli olub və o, alqış sədaları altında məhkəmə zalını tərk edib. Yəni, Əli bəy nəhəng bir insandır. Əvəzsizdir. Əli bəy Hüseynzadənin mənsub olduğu nəsil, ümumiyyətlə, çox istedadlıdır, görkəmli bir nəsildir. Əli bəyin babaları Qafqazın şeyxülislamı olub. Məsələn, Əli bəyin xatirəsinə yaradılmış ev-muzeyində babaları ilə bağlı da məlumatlar toplanmalıdır. Salyanda abidəsi qoyulub.

Demək istəyirəm ki, Əli bəy Hüseynzadəyə heç vaxt biganəlik olmayıb.

Ofelya Bayramova "Füyuzat”ı tərcümə etdi, Azər Turan Əli bəyin gözəl tədqiqatçılarındandı. Yəni, Əli bəy Hüseynzadə diqqətdən kənarda qalmayıb. Amma hesab edirəm ki, Bakıda da ona abidə qoyulmalıdır, ehtiram əlaməti olaraq. Zənnimcə, elmi mərkəzin paytaxtda olması daha məqsədəuyğun olardı. Çünki elm adamlarını regiona cəlb etmək çətin olar. Əli bəy Hüseynzadə elə böyük miqyasda bir şəxsiyyətdir ki, onun adına yaradılacaq elmi mərkəz paytaxtda fəaliyyət göstərməlidir. Salyanda ev-muzeyinin qurulması, kiçik həcmli mərkəzin yaradılması mümkündür. Əli bəy Hüseynzadəyə ehtiram məqsədilə Salyana gedənlər çox olur. Ziyarətçilərin Əli bəyin tərcümeyi-halı, nəsil-şəcərəsi, elmi, publisistik fəaliyyəti ilə bağlı ətraflı tanış olmaları üçün hər cür şərait yaradılmalıdır.

N.Cəfərov Ə.B.Hüseynzadənin yubileyinin dövlət səviyyəsində keçiriləcəyinə də şübhə etmədiyini söylədi:

- Cənab Prezident Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin dövlət səviyyəsində keçirilməsinə dair sərəncam imzaladı. İnanıram ki, Əli bəy Hüseynzadə kimi dahi bir şəxsiyyətin də yubileyi dövlət səviyyəsində qeyd olunacaq. Əli bəyin buna tam haqqı çatır.