Məscidin sökülməsinə aydınlıq gətirildi




İqbal Məmmədov: "Məktəbin uçulan hissəsini götürüb məscid tikmək istəyiblər”

Fazil Mustafa: "Ola bilsin ki, icra başçısının əlində haqlı səbəblər var”

Lerik rayonunun Peştətük kənd sakinləri öz şəxsi hesablarına tikdikləri məscidin Lerik rayon icra başçısı Rövşən Bağırovun sərəncamı ilə sökülməsinə etirazlarını bildiriblər. Kənd sakinləri adından mətbuatda yayılan şikayət məktubunda qeyd olunub ki, Peştətük kəndində uzun illərdir məscidin olmamasını nəzərə alan sakinlər üç il əvvəl öz hesablarına kənd bələdiyyəsindən torpaq sahəsi alıblar:

"Kənd ağsaqqalları üç il bundan qabaq Peştətükdə həm kənd sakinlərinin, həm də turist qismində buraya axışıb, gələn müsəlmanların ibadət etmələri üçün kəndin mərkəzində, heç kimə mane olmayan bir yerdə məscid tikmək qərarına gəldilər. Bu məqsədlə əlaqədar sakinlər kənd bələdiyyəsindən müvafiq torpaq sahəsi alaraq və tikintinin başlanması üçün bir neçə dəfə Lerik Rayon İcra Hakimiyyətinə müraciət ediblər. Lakin bu müraciətlərdən xeyli müddət keçməsinə baxmayaraq, Lerik rayon İH məscidin tikintisinə icazə ilə bağlı Azərbaycan Respublikası Dini İşlər üzrə Dövlət Komitəsinə müraciət etməyərək, kənd sakinlərinin qanuni istəklərinin reallaşmasına kömək etmək əvəzinə, bilə-bilə maneələr törədib. Belə ki, Peştətük kənd əhalisi şəxsi vəsaitləri hesabına 3 il bundan əvvəl aldıqları xeyli miqdarda tikinti materiallarının yağış və qar altında xarab olduğuna görə, onlar bələdiyyədən aldıqları yerdə məscidin tikintisinə başlamaq məcburiyyətində qalıblar”.

Sakinlər bildiriblər ki, Lerik rayon İH başçısı Rövşən Bağırov məscidin tikintisinin başa çatmasına az qalmış onun sökülməsinə əmr verib. Peştətük kənd sakinləri isə məscidin sökülməməsi xahişi ilə icra başçısının qəbulunda olsalar da, o, fikrindən dönməyib və qəti surətdə tikilinin sökülməsinə sərəncam verib.

Hazırda kənd sakinləri dini özünüifadə ilə bağlı Konstitusiyasında təsbit olunmuş vətəndaş hüquqlarının pozulmasına görə çox narahatdırlar.

Onlar kənd məscidinin sökülməməsi ilə bağlı həm Prezident İlham Əliyevdən, həm də Qafqaz Müsəlmanlarının Şeyxülislamı hacı Allahşükür Paşazadədən kömək istəyirlər.

Lerik rayonundan seçilən millət vəkili İqbal Məmmədov isə Modern.az-a açıqlamasında söylənilənlərin yalan olduğunu deyib.

"Peştətük kəndində məscid olmayıb. Sadəcə, sonuncu dəfə sentyabr ayında güclü yağışlar yağandan sonra, məktəbin bir hissəsi uçub. Həmin məktəb uçulanda mən də orda idim. Hətta orda boş mağaza vardı, iki sinfi ora yerləşdirdik. Məktəbdə dərslərin keçirilməsinin qeyri-mümkün olması haqqında Təhsil Nazirliyinə və Nazirlər Kabinetinə müraciət elədik ki, gələn ilin planına burda məktəb tikintisi də salınsın”.

Deputat kənddə məktəbin yerində məscid tikintisi məsələsinə belə aydınlıq gətirib: "Sakinlər məktəbin uçulan hissəsinin yerini hamarlayıblar. Daha doğrusu, icra başçısı məzuniyyətdə olanda sakinlər bünövrə töküb məscid tikmək istəyiblər. İcra Hakimiyyəti də məsələdən xəbər tutandan sonra tikintini saxlayıb ki, burda məktəb tikiləcək. Belə olmaz axı! Məktəbin uçulan hissəsini götürüb məscid tikmək istəyiblər. Bu adamlar icra başçısının qəbulunda da olublar. İcra başçısı deyib ki, məscid tikmək istəyirsinizsə, Dini Komitədən icazə alınmalıdır, kəndin başqa tərəfində o da daxili imkanlar hesabına tikintiyə kömək edə bilər. Dağılan məktəbin yerində isə nəzərdə tutulub ki, yayda təhsil ocağı tikiləcək. Onunla əlaqədar bu özbaşına tikintiyə icazə verilməyib. Qanunsuz olduğu üçün tikinti dayandırılıb. Bununla əlaqədar bu günlərdə Prezident Administrasiyasına da, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə də xəbər veriblər ki, bəs belə bir məsələ var. Qanunları bilirsiniz ki, özbaşına məscid tikilmir. Sakinlər istəyiblər məktəbin yerində məscid tiksinlər. İcra başçısı deyir "mən onlara söyləmişəm ki, kəndin başqa bir yerində məscid tikməyə yardım edəcəm, amma Dini Komitədən bununla bağlı kağız istəyirəm”. Kim istəməz ki, kənddə məscid tikilsin. Sadəcə, yeri düzgün seçməyiblər. Peştətük kəndi 20-30 evdən ibarətdi”- millət vəkili deyib.

Digər millət vəkili Fazil Mustafa isə hesab edir ki, istənilən halda məscidlərin sökülməsi ədalətli deyil. "Tikintinin öz qaydaları var” deyən millət vəkilinin sözlərinə görə, hər hansı bir obyektə başlamazdan əvvəl dövlət orqanlarından icazə almaq lazımdır: "Azərbaycanda müəyyən mənada hüquqla idarə olunan bir dövlət mexanizmi var. Əgər həmin məscidin tikilməsilə bağlı vətəndaşların əlində icazə kağızı varsa, təbii ki, icra başçısının təlimatı ilə həmin məscidin sökülməsi yolverilməzdir. Digər tərəfdən də qanuni sənədi olmasa belə, məscid digər tikintilərdən fərqli olduğu üçün ona sayğısız yanaşma da doğru deyil. Məsələnin motivini bilmədiyim üçün konkret fikir bildirməkdə çətinlik çəkirəm. Ola bilsin ki, icra başçısının əlində haqlı səbəblər var”.

Kənd sakinlərinin qanuni istəklərinin reallaşmasına kömək etmək əvəzinə, başçının bilə-bilə onlara maneələr yaratması iddiasına gəldikdə isə F.Mustafa deyib ki, bir tərəfin iddiası ilə hökm vermək doğru yanaşma olmazdı: "Əgər sakinlərin iddiası doğrudursa, icra başçısının bu biganəliyinin qarşısı alınmalıdır. Ancaq bir şeyi də unutmayaq ki, başçının da özünə görə səbəbləri ola bilər. Bəlkə də, həmin məsciddə dindən kənar fəaliyyətə, yaxud da zərərli təbliğatlara dair icra başçısının əlində faktlar var”.