Çörək bahalaşmaya bilər

İqtisadçı ekspertin maraqlı təklifləri var
Növbəti il taxılın və çörəyin qiymətində artımların baş verməməsi üçün subsidiyaların həcmi artırılsın

Aqrar siyasət üzrə ekspert Vahid Məhərrəmov ölkədə yanacağın qiymətlərinin qalxmasından danışıb. Ekspert kənd təsərrüfatı məhsullarını ən azı 30 faiz bahalaşacağını və bunun nəticəsində çörəyin qiymətlərində artım olacağını qeyd edib.

Onun sözlərinə görə, bir hektar taxıl sahəsini becərmək üçün ən azı 250 litr dizel yanacağı xərclənir. "Yəni kəndli bahalaşmadan ən azı hektarbaşına 22 manat ziyana düşəcək. Bu, birbaşa buğdanı və ondan istehsal edilən çörəyi bahalaşdıracaq”-deyib.

Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Murtuzəli Hacıyev isə "Şərq”ə çörəyin qiymətinin İqtisadi İnkişaf Nazirliyinin nəzarətində olduğunu vurğulayıb: "Bu məsələ bizim səlahiyyətimiz daxilində deyil”.

İqtisadçı-ekspert Vüqar Bayramov isə fərqli düşünür: "Yanacağın qiymətinin artırılması birmənalı şəkildə aqrar sektorda xərclərin artmasına gətirib çıxaracaq. Təklif edirik ki, subsidiyaların həcmində artımlar olsun. Belə ki, aqrar sektorda adi məhsullar istehsal edən fermerlərə verilən subsidiya məbləğinin 40 manatdan 60 manata, strateji məhsullar istehsal edənlər üçün isə 80 manatdan 100 manatadək artırılmasının tərəfdarıyıq. Bu, aqrar sektorda istehsal olunan məhsulların qiymətinin artmasına gətirib çıxarmır”.

Ekspert onu da əlavə etdi ki, çörəyin qiyməti taxılın qiyməti ilə bağlı ola bilməz. "Bununla belə yanacağın qiymətinin artması aqrar sektorda taxıl istehsalının və çörəyin qiymətinin 30 faizlik artımın olacağı anlamına gəlmir. Yəni biz güman etmirik ki, bu qədər artıma səbəb olacaq. Çünki nəzərə alsaq ki, çörək üçün istifadə olunan taxılların bir qismi ölkəyə xaricdən gətirilib. Dünya bazarında taxılın qiymətində artımlar müşahidə edilməyib. Hazırda istifadə edilən taxıl bu il yetişdirilib. 2013-cü ildə yetişdirilən taxılın xərcində artımlar yoxdur. Çünki onların yetişdirilməsi, yığılması və biçilməsi əvvəlki yanacaq qiymətləri ilə baş verdiyi üçün taxılın qiymətində yaxın vaxtlarda güclü artımların olacağını proqnozlaşdırmırıq. Növbəti il taxılın və çörəyin qiymətində artımların baş verməməsi üçün subsidiyaların həcmi artırılsın.

Taxıl bu il yığılıb. Yanacağın qiymətinin artması yanacaqdan istifadə olunan sexlərdə qiymət artımlarına səbəb ola bilər. Bütün hallarda isə çörəyin qiymətində ciddi artımların olması gözlənilmir. Heç bir halda çörəyin xərcində və qiymətində son yanacağın qiymətinin artması ciddi xərc yaratmır”.