Rektor işdən çıxarıldı

Təhsil Nazirliyi: “Nadir Qəhrəmanov işdən azad olunması ilə bağlı ərizə təqdim edib”

Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Nadir Qəhrəmanov vəzifəsindən azad edilib. Bu haqda Modern.az-a universitetdən məlumat verilib. Tələbələr sayta bildiriblər ki, N.Qəhrəmanovun işdən azad edilməsi ilə bağlı elan dünən universitet binasında dəhlizlərin divarlarına vurulub.

Modern.az məlumatı dəqiqləşdirmək üçün SDU ilə əlaqə saxlayıb. Universitetin qəbul şöbəsindən məlumatı təsdiqləyiblər. Amma işdən çıxarılmanın səbəbləri barədə Təhsil Nazirliyinə müraciət etməyi məsləhət görüblər.

Rektorun işdən azad olunması məsələsinə Təhsil Nazirliyi münasibət bildirib. Nazirlikdən bildirilib ki, Nadir Qəhrəmanov işdən azad olunması ilə bağlı ərizə təqdim edib: "Qanunvericiliyə əsasən rektorların işə təyin və işdən azad olunması məsələləri Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə daxildir. İşdə olmayan ali məktəb rektorunun səlahiyyətləri müvəqqəti olaraq həmin təhsil müəssisəsinin prorektoruna həvalə edilir”.

Qeyd edək ki, Nadir Qəhrəmanov ölkə başçısının 31 may 2000-ci il tarixli sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilmişdi. Prezidentin 04 oktyabr 2010-cu il tarixli sərəncamı ilə "Şöhrət” ordeni ilə təltif olunan N.Qəhrəmanov artıq 13 il idi ki, rektor vəzifəsində çalışırdı.

Hazırda Sumqayıt Dövlət Universitetində işə təhsil nazirinin müşaviri Elxan Hüseynov nəzarət edir.

Elxan Hüseynov 1995-2002-ci illərdə Bakı Dövlət Universitetində prorektor olub. 2002-2010-cu illərdə Azərbaycan Respublikasının Türkmənistandakı səfiri kimi işləyib. Hazırda isə təhsil nazirinin müşaviri vəzifəsini tutur.