ABŞ-ın xarici siyasəti dəyişməyəcək

“Sadəcə olaraq Tramp seçkiqabağı verdiyi vədlərə əsasən, əlavə maliyyə yardımlarının qarşısını almağa çalışır”



ABŞ Prezidenti Donald Tramp Dövlət Departamentinin xətti ilə bir sıra inkişaf etməkdə olan ölkələrə maliyyə yardımını azaltmaq və ya tamamilə ləğv etmək barədə seçkiqabağı vədinin icrasına başlayıb. Departamentin 15 səhifəlik büdcə sənədinə bu barədə xüsusi bənd salınıb. Trampın ABŞ Prezidenti seçilməsindən sonra tərtib edilən plana əsasən digər ölkələrə edilən yardımlar üç dəfə azalacaq.

Layihəyə görə, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Belarus kimi ölkələrə Departament xətti ilə maliyyə yardımı ləğv ediləcək. Ermənistana, Moldovaya, Ukraynaya verilən yardımlar isə 70 faizə qədər azaldılacaq. Azalma həmçinin Gürcüstana da şamil olunacaq. Sənəddə bu kimi layihələrin əsas icraçısı olan Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) büdcəsinin 12 milyard dollar kəsilməsi nəzərdə tutulub. Həmçinin, iddia olunur ki, ABŞ keçmiş sovet respublikaları məkanında təkcə USAİD-in fəaliyyətini dayandırmır, həmçinin bu ölkələrə BMT çərçivəsində ayırdığı maliyyə yardımlarını da azaldır. O cümlədən, Bakı da daxil, diplomatik korpusda işçi ştatlarda ixtisarlar etməyi düşünür. Məlumat üçün bildirək ki, Beynəlxalq İnkişaf Agentliyi ABŞ hökumətinin xarici yardım üzrə agentliyidir. Agentlik 1961-ci ilin 3 noyabrında Prezident Con Kennedinin sərəncamı əsasında yaranıb. Agentlik dünyanın müxtəlif regionlarında yardım proqramları həyata keçirir. Xəbəri şərh edən rusiyalı ekspertlər hesab edirlər ki, Azərbaycan və digər keçmiş sovet respublikaları "xarici agentura” hesab etdikləri bu kimi şəbəkələrin fəaliyyətlərinin dayandırılmasından heç nə itirməyəcəklər. Hətta bəzi əcnəbi politoloqların fikrincə, ABŞ belə bir addım atmaqla Cənubi Qafqaz regionunu bütövlükdə Rusiyanın nəzarətinə vermiş olacaq.

Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Arzu Nağıyev isə düşünür ki, maliyyə yardımının azaldılması ABŞ-ın xarici siyasətinə təsir göstərməyəcək. Ekspertin sözlərinə görə, USAİD xətti ilə həyata keçirilən və "demokratiyanın inkişafı” adı altında müxtəlif dövlətlərə edilən maliyyə yardımları bəzi hallarda problemlər yaradırdı:

"Qurum tərəfindən verilən maddi vəsaitə, yəni nəzərdə tutulan məbləğə Azərbaycanın ehtiyacı yoxdur. Azərbaycan və Qazaxıstan kimi dünyaya neft ixrac edən ölkələrə maliyyə yardımı etmək Beynəlxalq İnkişaf Agentliyi üçün məqbul sayılmır. Deyilənə görə, Bakıdakı səfirlikdə fəaliyyət göstərən həmin təşkilat ləğv edilə bilər. Maliyyə vəsaiti olmayacaqsa, o halda qurumun işləməsi də mənasız olur. Çox güman ki, təşkilat yaxın günlərdə özü-özünü ixtisara salma prosesinə start verəcək”. Ekspert inanmır ki, ABŞ-ın maliyyə yardımını azaltması regionlarda nüfuzunun azalmasına gətirib çıxaracaq: "Ağ Evin xarici siyasəti dəyişməzdir. Sadəcə olaraq Tramp seçkiqabağı verdiyi vədlərə əsasən, əlavə maliyyə yardımlarının qarşısını almağa çalışır. Çünki ayrı-ayrı ölkələrə edilən yardımlar bir yerə cəmləşəndə külli miqdarda vəsait halına gəlir”.

İsmayıl