Azərbaycan, Türkiyə, İran əməkdaşlığı regionu inkişaf etdirəcək

“Yaxşı olardı ki, bu təkcə ticarət əlaqələriylə məhdudlaşmasın”



Türkiyənin İrandakı səfiri Rza Hakan Tekin Tehran müxbirinə açıqlamasında Azərbaycan, Türkiyə və İranın hər sahədə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduqlarını deyib. Hazırda üç ölkə arasında ticarət və iqtisadi sahədə çox geniş əməkdaşlıq olduğunu deyən səfirə görə, əsas niyyət ikitərəfli əməkdaşlıqları üçtərəfli formatda inkişaf etdirməkdən ibarətdir.

Səfir qeyd edib ki, üçtərəfli əməkdaşlıq üçün geniş potensial mövcuddur: "İnşallah, çalışmalar davam edəcək və tez bir zamanda bu çalışmaların bəhrəsini görəcəyik. Bu, hər üç ölkənin xalqlarının xeyrinə olacaq. Hazırda məqsədimiz üç ölkənin prezidentlərinin zirvə görüşünü hazırlamaqdır. Hazırda görüşün tarixi müəyyən olunmayıb, lakin hər üç ölkədə bu iradə var”.

Sözügedən üçtərəfli görüşün Azərbaycan üçün əhəmiyyətdən söz açan iqtisadçı-ekspert Pərviz Heydərov "Şərq”ə açıqlamasında Azərbaycanın çox əlverişli və strateji coğrafi bölgədə yerləşdiyini deyib. Onun sözlərinə görə, qonşuluqda yerləşən ölkələrin ilk növbədə özləri bizimlə müxtəlif sahələrdə əməkdaşlıq etməkdə maraqlıdırlar və bunu da açıq şəkildə büruzə verməkdədirlər: 

"Bu əməkdaşlıq faydalıdır, bütövlükdə regionun inkişafı üçün əhəmiyyətlidir, strateji baxımdan da səmərəlidir. Türkiyə-Azərbaycan-İran və ya Rusiya-Azərbaycan-İran, o cümlədən Rusiya-Azərbaycan-Türkiyə qarşılıqlı iqtisadi əlaqələri haqda çox danışılır. Hesab edirəm ki, bütün bu 3 tərəfli qarşılıqlı iqtisadi və ticarət əlaqələri istənilən səviyyədə qurulursa, bundan hər bir ölkə çox böyük xeyir götürə bilər”.
Azərbaycanın düşmən ölkədən başqa bütün qonşu ölkələrlə əməkdaşlığa açıq olduğunu qeyd edən P.Heydərov hesab edir ki, bu əməkdaşlıq qarşılıqlı fayda əsasında qurulmalıdır: "Yaxşı olardı ki, bu təkcə ticarət əlaqələriylə məhdudlaşmasın. Yəni ki, birgə istehsal və xidmət müəssisələrinin yaradılması da faydalı olardı. Hansı ki, bu məhsullar vasitəsilə dünya bazarlarına çıxmaq əsas hədəf olaraq nəzərdə tutula bilərdi. Yeri gəlmişkən, məlumdur ki, Azərbaycanın nəqliyyat sektorunda son illər ərzində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin, müasir hava limanlarının, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi və dəmir yolu xətlərinin yenilənməsi kimi irimiqyaslı infrastruktur layihələr icra olunaraq həyata keçirilib. Bütün bunlar ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsində mühüm rol oynayır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi başa çatdıqdan sonra isə Avropa və Asiya ölkələri arasında yüklərin daşınmasında Azərbaycanın tranzit ölkə kimi əhəmiyyəti daha da artacaq. Odur ki, ortaya yeni-yeni vəzifələr çıxır”.

İqtisadçının sözlərinə görə, Rusiya, İran və Hindistanın təsisçisi olduqları "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ölkələri arasında ticarət əlaqələrinin geniş potensiala malik olması və bu dəhlizin iştirakçısı qismində Azərbaycanın əlverişli tranzit imkanlarından istifadə, habelə, Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsiylə əlaqələndirilməsi üçün müvafiq tədbirlərin görülməsi işlərini xüsusən qeyd etmək lazımdır: 

"Təsadüfi deyildir ki, bu gün Azərbaycanın cənub qonşusu ilə iqtisadi-ticarət əlaqələrinin real vəziyyətindən və o cümlədən, bu sahədə gələcək inkişafdan söhbət açdıqda iki ölkənin nəqliyyat infrastrukturunun birləşdirilməsi məsələsi və bunun vacibliyi bir nömrəli məsələ hesab edilir. Çünki hətta, hər 2 ölkə arasında əlaqələrdə də belə, bundan sonrakı bütün vəzifə və istəklər, həmçinin əldə olunması istənilən bütün növ səmərə məhz, qeyd olunan məsələnin həllinə bağlıdır”.

P.Heydərovun sözlərinə görə, qeyd olunan dəhliz yolunun tikilib istifadəyə verilməsi nəticəsində Azərbaycan ilə İran 2 qitəni - Avropa ilə Asiyanı birləşdirəcəklər: 

"Başqa sözlə desək, Astara-Astara tranzit dəhliz dəmir yolu Şimal ilə Cənub arasında bir növ körpü rolunu oynayacaq ki, bu isə söhbətin təkcə, bu və ya digər ölkələr arasında deyil, məhz regionlar arasında əlaqələrdən və onun gələcək inkişafından getdiyi deməkdir. Belə ki, Şimal ilə Cənub arasında iqtisadi-ticari əlaqələr ən azı Rusiya kimi nəhəng bir ölkə ilə Yaxın Şərq ölkələri arasında qarşılıqlı mal mübadiləsi, daşımalar və ticari əlaqələr demək olacaq”.

Şəymən