Demək ki, repetitor hazırlığına getmədən qəbul imtahanında uğur qazanmaq mümkündür
Ali məktəblərə qəbul olmaq istəyən abituriyentlərin, adətən iki ili gərgin zəhmətlə, gecə-gündüz dərslə məşğul olmaqla, bütün günü müəllim yanına gedib hazırlaşmaqla keçir. Nəticədə isə hətta keçid balını toplaya bilmək belə abituriyentin də, onunla, demək olar ki, eyni zəhməti çəkən valideynlərinin də sevincinə səbəb olur.
Ancaq Lahıc qəsəbəsində yaşayan bir gənc repetitor yanına getmədən ən yüksək nəticəni əldə edib. Öz müəllimi özü olan bu abituriyent 700 bal toplayıb. İsmayıllı rayon Lahıc qəsəbə sakini Vahab Cəbrayılov 1-ci qrup üzrə keçirilən qəbul imtahanında bütün sualları düzgün cavablandıraraq ən yüksək nəticəni göstərib və 700 bal toplayıb.
2 ildir ki, repetitorsuz hazırlaşan Vahab elə bu bəhrəsini həm özünə, həm də ailəsinə hədiyyə edib. Vahab 2015-ci ildə Respublika Olimpiadasında riyaziyyat fənni üzə 3-cü yeri tutub. Valideyn və müəllimlərinin sözlərinə görə, hər zaman dərslərinə böyük həvəs və məsuliyyətlə yanaşan Vahabdan elə bu nəticəni də gözləyirdilər. Bu cür yüksək nəticələrin əldə olunması rayonda təhsil sahəsində əldə edilən uğurların göstəricisi kimi qiymətləndirilir.
Təhsil eksperti, Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü isə məsələ ilə bağlı "Şərq”ə açıqlamasında hər bir uşaqda hansısa sahə üzrə istedad olduğunu sadəcə olaraq həmin istedadı üzə çıxarmaq və bəhrəsini görmək üçün çalışmağın vacib olduğunu deyib.
Abituriyentlərin repetitorsuz maksimum nəticə göstərməsinin Azərbaycan üçün nadir hadisə olmadığını vurğulayan Məlahət xanımın sözlərinə görə, biz ötən qəbul imtahanlarında da bu cür nəticə göstərən uşaqların olduğunu görmüşük:
"Hətta hazırlığa getmədən 600-650 arası bal toplayan uşaqlarımız da var. Şərt deyil ki, 700 bal olsun. Maddi durumları aşağı olan o qədər şagird var ki, müəllim yanına gedə bilmədiyi üçün məktəbdə dərslərini yaxşı oxuyur və evdə də öz üzərində davamlı sürətdə çalışır. Hər şeyin başında çalışmaq durur. Çox təəssüflər olsun ki, son vaxtlar valideynlər və şagirdlər arasında belə bir əsassız tendensiya yaranıb ki, repetitor hazırlığına getmədən qəbul imtahanlarında müvəffəqiyyət əldə etmək mümkün deyil. Bu düşüncədə olan uşaqlar məktəb dərslərini oxumur, müəllimin verdiyi tapşırıqları hazırlamır ki, onsuz da 10-11-ci sinifdə valideynim müəllim yanına göndərəcək, mən də əlavə məşğələlər zamanı imtahanlara ciddi hazırlaşacam. Halbuki müəllim sadəcə vasitəçidir. Hər şey şagirdlərin özünə inamından və çalışmaq əzmindən asılıdır. Məktəbdə oxuyarkən keçdiyi dərslərə ciddi yanaşan hər bir şagird İsmayıllıdan olan abituriyent kimi yüksək nəticə göstərə bilər. Yenə deyirəm, 700 bal şərt deyil, əsas odur ki, qəbul imtahanlarında müvafiq nəticə göstərib qəbul ola bilsin”.
M.Mürşüdlünün sözlərinə görə, özünün təhsilə, elmə ciddi yanaşması, müəllimlərin səyi nəticəsində hazırlığa belə getməyə ehtiyac duymadan maksimum nəticə göstərən Vahab Cəbrayılov bütün şagirdlər üçün örnəkdir:
"Abituriyentlərin çoxu valideynləri müəllimlərə pul verib deyə məcburiyyətdən oxuyurlar. Hansı ki hər bir şagird oxumağı vərdişə çevirməlidir. O zaman repetitora ehtiyac duymadan özləri də evdə hazırlaşa bilərlər. Bunun üçün də özünəinam və vaxtı düzgün bölmək bacarığı lazımdır. Bütün bunların öhdəsindən ən yüksək səviyyədə gələn Vahab hər kəs üçün örnəkdir”.
Şəymən