Azər Maqsudov: “Üzü yaya doğru müraciətlərin daha da artacağını güman edirik”
Havalar tədricən istiləşir. Artıq qızmar yaz günəşi öz şəfəqlərini ətrafa yayır, torpağı qızdırır. Torpaq isindikcə də ilanlar fəallaşır və insanların həyatı üçün ciddi təhlükə mənbəyinə çevrilir. Havalar yeni-yeni düzəlməyə başlasa da, artıq bir neçə nəfəri ilan sancıb və həyati təhlükə yaradıb.
Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov "Şərq” ə açıqlamasında ilan sancması ilə bağlı ilk müraciətin aprel ayında olduğunu deyib:
"Aprel ayında Ceyranbatan qəsəbəsində gürzə sancması ilə müraciət daxil olub. 35 yaşlı gənc oğlan bu zəhərlənməni çox ağır keçirtdi. 10 gün müddətində stasionar müalicə edildi və həkimlərin gördükləri tədbirlər nəticəsində xəstə sağ-salamat evinə göndərildi. Artıq havalar yavaş-yavaş istiləşdiyindən müraciətlər də artmağa başlayıb. Hazırda isə klinikamıza iki xəstə daxil olub. Birinin 35, digərinin isə 53 yaşı var. Onları da gürzə ilanı dişləyib. Hələlik vəziyyətləri ağır, stabil olaraq qalır. Ciddi bir kəskinləşmə müşahidə olunmur. Üzü yaya doğru müraciətlərin daha da artacağını güman edirik, çünki havanın temperaturu artdıqca, torpaq qızır və ilanlar da aktivləşir”.
- Azər müəllim, şöbəyə müraciət edən hər üç şəxsi gürzə ilanın sancdığını qeyd etdiniz. Deməli, ən təhlükəli ilan gürzədir?
- Bəli, Azərbaycanda ən çox gürzə sancmaları baş verir və gürzə zəhəri daha təhlükəli sayılır. Zamanında qarşısı alınmasa, ciddi fəsadlar verə, hətta ölümlə nəticələnə bilər. İkinci dərəcəli təhlükə də əfi ilanın zəhəridir. Amma əfi ilan sancması zamanı gürzə sancmasında olduğu qədər daha böyük fəsadlar qeydə alınmır, amma istənilən halda burada da təhlükə yaranır. İl ərzində 8-9 nəfər əfi ilan sancması ilə müraciət edir, ancaq 100-dən çox gürzə ilanın yaratdığı fəsadlar müşahidə olunur. Zəhərli su ilanlarının təsiri isə həyat üçün təhlükəli deyil, paralizə edə bilər yalnız.
- İlan sancan şəxsə qarşı göstərilən ilkin tibbi yardımla bağlı ölkədə vəziyyət necədir?
- Təcili tibbi yardım briqadaları və rayon xəstəxanalarında ilan sancan şəxslərə qarşı müvafiq addımlar atılır. Əgər həmin şəxslərin durumu ciddidirsə, zərdabla təmin olunur. Hər ilin əvvəlində bizim nazirliyə müraciətimiz əsasında bütün rayon xəstəxanalarına, təcili yardım briqadalarına, Klinik Tibbi Mərkəzə artıqlaması ilə təmənnasız olaraq zərdablar verilir. Praktiki olaraq bu sahədə hər hansı problem yoxdur. Amma bəzi vaxtlar kənd yerlərində zərdabla bağlı müəyyən problemlər yaşana bilir. Bu da onunla əlaqədardır ki, müraciətlər çox olduğu hallarda zərdab işlənib qurtardığı üçün çatışmazlıq yaranır.
Toksikoloqun sözlərinə görə, ilan sancdıqda ilkin tibbi yardım olaraq, həmin yerə yod məhlulu və tibbi spirt sürtmək lazımdır. Belə şəxs çox hərəkət etməməli, imobilizasiya vəziyyətində olmalıdır və onu təcili həkimə çatdırmaq lazımdır: "Zəhəri sovurmaq, ya da oraya sarımsaq, qatıq və s. sürtmək olmaz. Çünki onda həmin yerdə infeksiyalaşmış yara əmələ gəlir. İlan sancan adamlara turna da bağlamaq məsləhət deyil. Bunu bağlamağın bir o qədər əhəmiyyəti yoxdur. Kimsə turna bağlasa, bu, çox qısa müddətə - 20-30 dəqiqəlik olmalıdır, o da çox sıxılmamalıdır. Turnanın bağlanıldığı vaxt da mütləq qeyd edilməlidir”.
Şəymən