Nigar Camalın çəkildiyi reklam etiraz doğurdu: "Ata, "always ultra" nədir?"

Elçin Əlibəyli: "...Dəyərlərimizi hörmətdən salmaq, ailə münasibətlərində qarşılıqlı münasibətləri korlamaq üçün bu tip reklamlara üstünlük verirlər"


"Əslində telekanlların reaklam məsələlərində sərhədlər qoyulmalıdır".

Bu barədə Sherg.az-a müğənni Nigar Camalın reklamına çəkildiyi "Always ultra"nın efirlərdə geniş reklam olunmasına münasibət bildirərkən tanınmış televiziya eksperti Elçin Əlibəyli deyib. 

Bununla yanaşı o qeyd edib ki, amma bunun özü bir maarifçilikdir:

" Təmizlik və digər məsələlərin öyrədilməsinə elə uşaqlıqdan başlamaq lazımdır. Həqiqətən uşaqlara anlatmaq lazımdır ki, insanlar gigiyenik qaydalara necə əməl etməlidir. Amma sözsüz ki, söhbət lap intim gigiyenik məsələlərdən gedirsə, sözsüz ki, burada yaş həddi nəzərə alınmalıdır. Çünki birinci sinif şagirdinin bunun haqqında informasiyası yoxdur və bu barədə heç nə bilmir. Təbii ki, onda bu maraq yaradır. Amma məsələyə başqa cür baxaq. Bütün dünya ölkələrində belə məhsullar reklam olunur. Hesab edirəm ki, məsələyə başqa cür yanaşmalıyıq. Biz gizlətməklə, nəyi isə uşağa deməməklə, uşaqdan belə məqamları saxlamaqla düzgün yol seçmirik. Məncə bir qədər ağıllı maarifçilik seçməklə, düzgün izah etməklə daha gözüaçıq nəsil yetişdirə bilərik, nəinki xurafat içində saxlamaqla. Bu mövzuda 2003-2004-cü illərdə mənim böyük mübahisəli yazım da olmuşdu. Həmin vaxt qoruyucuların televiziyada reklamı gedirdi. İctimaiyyət ayağa qalxdı və bunun əleyhinə oldu. Amma mən şəxsən bunu müdafiə etdim və indi də düşünürəm ki, bunların nə üçün lazım olduğunu insanlara həqiqətən izah etməyə ehtiyac yoxdur, onlar bilirlər. Lakin bir çox hallarda bilməyənlər olur, nəticədə xəstəliklərin yayılmasına gətirib çıxarır. Amma onun reklamının formasını tapmaq lazımdır. Mən formanın əleyhinəyəm, bu, düzgün forma deyil. Televiziyada estetik həll deyilən bir şey var".

Ekspertin fikrincə, məlum reklamı elə göstərmək olar ki, insanlarda ikrah hissi yaratmasın:

"Uşaqlar bu reklamları izləyir, sual verirsə, cavab tapıb vermək lazımdır ki, reklam olunan məhsul nədir. Bunun estetik həlli mümkündür. Təəssüf ki, bunları iki böyük transmilli şirkət Azərbaycana gətirir və məqsədli şəkildə bizim dəyərlərimizi hörmətdən salmaq, ailə münasibətlərində qarşılıqlı münasibətləri korlamaq üçün bu tip reklamlara üstünlük verirlər. Hətta serial və digər baxıla biləcək verilişlərdə reklam yerləşdirirlər ki, məhsulları yeritsinlər. Bu şirkətlərin məqsədi təkcə pul qazanmaq deyil. Hətta bu şirkətləri bir neçə il əvvəl Amerikada məhkəməyə vermişdilər. Məhz lezbian və homoseksualizmin təbliği üçün ayrılan büdcəsi ortaya çıxmışdı.

Maarifçilik olmalıdır. Amma onun estetik forması tapılsa, sual verən kiçik yaşlı uşaqlara cavab vermək mümkün olar. Ümumiyyətlə televiziyaya baxış məsələsində yaş həddini nəzərə almaq lazımdır. Elə reklamlar var ki, onlar, mütləqdir ki, saat 21:00-dan sonra yayımlansın. Amma burada "bədbəxt” televiziyalar qınanmalı deyil. Onlar məcburdurlar bu reklamları versinlər, əməkhaqqı qazansınlar. Bu reklamlara məhkumdurlar. Belə reklamların qarşısının alınması qeyri-mümkündür. Bu cür reklamlar neçə illərdir verilir, bu mövzuda müxtəlif müzakirələr açılıb, tənqidlər olunub, faydasız qalıb. Bu reklamlar olacaq.

Qeyd edək ki, müğənni Nigar Camalın reklamına çəkildiyi "Always ultra"nın efirlərdə geniş reklamı ictimaiyyətdə ciddi etiraz doğurub. Adının çəkilməsini istəməyən bir gənc ailə başçısı redaksiyamızla əlaqə saxlayaraq bu cür reklamların Azərbaycanın mədəni dəyərlərinə tamamən zidd olduğunu söyləyib. Hətta şikayətçi bu reklamla bağlı ailəsində yaşanan bir arzuolunmaz hadisəni də ərz edib: "İşdən gəlib, yemək yeyirdim. Televizora da diqqət yetirmədim. Sən demə Nigar Camalın çəkildiyi reklam gedirmiş. Birinci sinifdə oxuyan qızım da bu reklama baxıb. Bir də gəlib, sual verdi: Ata, "always ultra" nədir? İnanın ki, pərt vəziyyətə düşdüm. Bu mənada düşünürəm ki, ya televiziyalar bu tipli reklamlara yer verməməli , ya da belə reklamları gecə saatlarında yayınlamalıdır.

Aysel Aslan