“Biz onsuz da bilirik ki, Rafiq Tağının qatili tapılıb”

İlqar Tağıyev: “Qardaşımın qatilinin tapılması üçün Avropa Məhkəməsinə qədər gedib, çıxacağıq”



Yazıçı-publisist Rafiq Tağının qətlə yetirilməsi ilə bağlı açılmış cinayət işi üzrə icraat dayandırılıb. Bu barədə mərhumun hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqov "Facebook” sosial şəbəkəsində xəbər verib.

R.Tağının qətli ilə bağlı cinayət işinin icraatının dayandırılması barədə yayılan xəbəri təsdiqləyən Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, ibtidai istintaq zamanı irəli sürülən fərziyyələrin yoxlanılması istiqamətində mümkün olan bütün zəruri və təxirəsalınmaz istintaq və prosessual hərəkətlər, əməliyyat tədbirləri yerinə yetirilsə də, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq iş üzrə icraat dayandırılıb. Lakin Prokurorluq sözçüsü qeyd edib ki, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin müəyyən edilməsi üçün Milli təhlükəsizlik və Daxili işlər nazirliklərinə əməliyyat tapşırıqları göndərilib və bu istiqamətdə zəruri əməliyyat-axtarış tədbirlərinin icrası davam etdirilir. İcraatın dayandırılması üçün nəzərdə tutulan hallar aradan qalxdıqda və təqsirləndirilən şəxsin iştirakı olmadan aparılması mümkün olan prosessual hərəkətlərin yerinə yetirilməsi zərurəti yarandıqda iş üzrə icraatın təzələnməsi təmin olunacaq.

Mərhumun qardaşı İlqar Tağıyev isə Baş Prokurorluğun qərarı ilə barışmayacaqlarını deyib: "Artıq prokurorluğa müraciət etməyin bir mənası olmadığını bilirik. Nə zaman aidiyyəti qurumla əlaqə saxlayıb, işlə maraqlansaq, bizə istintaqın davam etdiyini, cinayət işinin aparıldığına dair şablon, kitab cümlələri ilə ümumi cavab verirdilər. Görün, qardaşımın qətlindən nə qədər vaxt keçib, amma onun qatilləri hələ də tapılmayıb. İndi qardaşımı öldürən şəxsin müəyyənləşdirilməməsini bəhanə edərək, onun qətlə yetirilməsi ilə başlanmış cinayət işinə birdəfəlik xitam veriblər. Amma biz bu qərarla razılaşan deyilik. Qardaşımın qatilinin tapılması üçün Avropa Məhkəməsinə qədər gedib, çıxacağıq. Aydın məsələdir ki, Azərbaycanın aidiyyəti orqanları Rafiq Tağının cinayət işinə barmaqarası baxır. Əslində prokurorluq qardaşımın cinayət işini lap əvvəldən bağlayıb, sadəcə rəsmi məlumat indi açıqlanıb”.

İ.Tağıyev bu günə qədər prokurorluqdan onlara verilən məlumatların yalnız guyalardan ibarət olduğu qənaətindədir: "İşin getdiyini göstərmək üçün nəticə lazımdır, o da ki yoxdur. Dəfələrlə prezidentə müraciət etdik ki, bəlkə, bundan sonra istintaqın gedişini sürətləndirərlər. Lakin heç bir nəticəsi olmadı. Hansı qapının zəngini çalsaq, əlimiz boş qayıtdı. Əslində sürətləndirməli heç nə yoxdur. Faktiki olaraq Rafiq Tağı cinayətinin açılması ilə bağlı prokurorluq tərəfindən heç bir iş aparılmırdı. Sözün açığı, bu işə niyə bu qədər biganə yanaşdıqlarını da anlaya bilmirəm. Onu bilirik ki, Rafiq Tağının qətlinin müəmmalı qalmasında maraqlı olan qüvvələr var. Yalandan da görüntü yaratdılar ki, guya nə isə iş görüb araşdırma aparırlar, amma tapa bilmirlər. Bütün bunlar onu göstərir ki, Rafiq Tağının ölümü təşkilatlanmış hadisədir”.

Mərhum yazıçının qardaşı istisna etməyib ki, Baş Prokurorluq əldə etdikləri məlumatları onlardan gizlədir. İstintaq materiallarını başdan-ayağa izləmək imkanları olmadığını deyən Tağıyevin sözlərinə görə, hər şey onların vicdanına qalıb: "Biz onsuz da bilirik ki, Rafiqin qatili tapılıb. Sadəcə bu qətldə maraqlı adamlar olduğu üçün iş ört-basdır edilib. İnanmıram ki, ortada bu qədər faktlar, sübutlar ola-ola bir qatili tapmaq prokurorluq üçün bu qədər çətin olsun”. Rafiq Tağı cinayətinin açılması üçün Avropa Məhkəməsinə ünvanlanan müraciət mətninin artıq hazır olduğunu deyən İ.Tağıyev bir-iki aya müraciətin ünvanlanacağını vurğulayıb.

Şəymən