İTV-nin aparıcısı ağır qəza törətdi

Rafiq Məmmədov maşından özü çıxıb, lakin bacısı xilas ola bilməyib



Dünən saat 10:00 radələrində Bakının Suraxanı rayonunda ağır yol qəzası baş verib. Bu barədə Suraxanı rayon Polis İdarəsindən bildirilib. Məlumata görə, Hövsan qəsəbəsində, "Hyundai”

markalı avtomobil, Hövsan kanalına düşüb. Nəticədə avtomobildə olan sərnişin dünyasını dəyişib, sürücü isə xilas ola bilib.

Sürücünün İTV telekanalının əməkdaşı, aparıcı Rafiq Məmmədov olduğu bildirilir. Hadisə nəticəsində isə sürücünün bacısı 32 yaşlı Pərvanə Valeh qızı Məmmədova boğulub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, təcili yardım həkimləri, polis, prokurorluq və digər hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qəzada dünyasını dəyişən Pərvanə Məmmədova, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşıdır. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Lent.az-a P.Məmmədovanın ölüm faktını təsdiqləyib. O, bildirib ki, Pərvanə Məmmədovanın meyidi 3 saylı şəhər xəstəxanasının morquna aparılıb. Hadisə ilə bağlı cinayət işi açılıb. Suraxanı rayon Polis İdarəsinin müstəntiqi Fikrət Rzayevin Lent.az-a verdiyi məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (ölümlə nəticələnən yol qəzası törətmək) maddəsi ilə iş başlanılıb. Məlumata görə, "Hyundai Accent” markalı avtomobilin kanala aşması nəticəsində yaralanan sürücü, İctimai Televiziyanın aparıcısı Rafiq Məmmədov maşından özü çıxıb. O, əvvəlcə yaşadığı evə aparılıb. Avtomobildə olan sürücünün sərnişini, bacısı Pərvanə Məmmədova isə 3 saylı şəhər xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qəza ilə bağlı avtotexniki ekspertiza təyin edilib, araşdırma aparılır.