Şadlıq evlərində camış əti verilir

Hindistandan alınan ətin keyfiyyəti sual altındadır



Hazırda ölkədəki əksər iri şadlıq sarayları və yeməkxanaları təhlükə mənbəyinə çevrilib. Bu məkanlarda hazırlanan qidaların təamına baxanlar vəziyyətdən şikayətçidirlər. Söz yox ki, etirazların çoxu ət məhsulu ilə bişirilmiş yeməklərlə əlaqəlidi. Artıq vəziyyət o həddə çatıb ki, toy və nişan mərasimlərinə dəvət almış qonaqlar ətdən hazırlanan qidalardan dadmırlar. Həmin xörəklərin ciddi xəstəliklər və fəsadlara yol aça biləcəyindən ehtiyatlanırlar. Çərəz və salatlarla özlərini doydurmağa çalışırlar. Ətin keyfiyyətsizliyi elə görüntüsündən özünü aydınca büruzə verir. Məlumdur ki, restoranların və yeməkxanaların əksəriyyəti ətləri yerli fermerlərdən və qəssablardan almır.

Daha ucuz başa gəlsin deyə xarici ölkələrdən vaxtı keçmiş, yararsız inək və camış əti istehlak edirlər. Düzdü, bununla bağlı dəfələrlə müzakirə aparılıb və mətbuat problemləri kifayət qədər işıqlandırıb. Bu sahədə atılması zəruri olan addımları göstərib. Amma problem qalmaqdadır. Hətta son olaylar göstərir ki, sağlamlığı və təhlükəsizliyi məlum olmayan ətin istehlakı daha da güclənib. Artıq şadlıq evləri, restoran, kafe və bu tip ticarət obyektlərində Hindistandan gətirilən camış və dana ətindən istifadə geniş vüsət alıb. Xatırladaq ki, hələ bir müddət əvvəl bu səbəbdən ölkəyə Hindistandan inək və camış ətinin idxalının dayandırılacağı barədə xəbərlər yayılmışdı. Hazırda isə Hindistandan ölkəmizə ət idxalı öz axarı ilə davam edir. Keçirdiyimiz sorğunun nəticəsi olaraq qəssablar da bu faktı təsdiqlədilər. Bildirirlər ki, ətin qiyməti bahalaşandan, restoran və kafelər onlardan ət almır: "Özləri deyirlər ki, ətin bahalaşması onlara sərf etmədiyindən, ucuz qiymətə ət almaq məcburiyyətində qalıblar. Ölkədə də ucuz ətlər ancaq Hindistan ətləridir. Restoranlardan deyirlər ki, Hindistandan gətirilən camış ətini topdan-satış qiyməti ilə alıb donu açıldıqdan sonra istifadə edirlər”.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yolçu Xanvəli isə qeyd edib ki, Sovet İttifaqı dağılandan Hindistandan ölkəmizə inək və camış əti idxal edilir. Onun sözlərinə görə, Hindistan 25 ölkəyə inək və camış əti ixrac edir: "O cümlədən də Azərbaycana sözügedən ölkədən ət gətirilir. Həmin məhsulların ölkəyə idxalından əvvəl Hindistan dövlətində yoxlanılır. Onların müayinəsindən keçəndən sonra bizim baytarlar Hindistanda həmin məhsulları təkrar yoxlayırlar. Sağlam olduğu qənaətinə gələndən sonra ölkəyə ixracına icazə verilir. Amma həmin məhsullar ölkəyə daxil olan kimi gömrük açılışından əvvəl laboratoriyada 16 cür yoxlamadan keçirilir. Ət virusioloji, toksikoloji, bakterioloji, radioloji və digər istiqamətlərdə yoxlanılır. Həmin məhsul sağlam olmasa, ölkəyə buraxılışı birmənalı olaraq qadağan olunur. Ona görə də bu gün ölkəyə Hindistandan ixrac edilən ətlərin keyfiyyəti şübhə doğura bilməz”.

Bununla yanaşı, Y.Xanvəli son vaxtlar Hindistandan gətirilən ətlərin keyfiyyət baxımından aşağı olması barədə söz-söhbətlərin yaranmasının heç də əsassız olmadığını söylədi: "Hindistandan ölkəmizə ətlər donmuş halda gətirilir. Donmuş vəziyyətdə ət öz keyfiyyətini itirmir. Amma həmin ətlərin Azərbaycanda saxlanılması şəraitinə nəzarət edilmir. Hindistandan ölkəmizə ət idxal edənlər elektrik enerjisinə qənaət etmək üçün soyuducuları işlətmir. Nəticədə ətin donu açılır. Əslində donu açılan ətlər bir neçə saat ərzində istifadə edilməlidir. Amma çox vaxt belə ətlər günlərlə anbarlarda qaldığından istifadəyə yararsız hala düşür. Təbii ki, bu cür ətlərdən istifadə edənlər onun keyfiyyətindən şikayətlənəcəklər. Bəzən belə ətlər açıq şəraitdə günün altında satılır. Bu da salmoniloz xəstəliyinin yayılmasına gətirib çıxara bilər”.

Həmsöhbətimiz ölkəmizə camış ətinin gətirilməsinin və satılmasının qanunla qadağan edilmədiyini də vurğulayıb: "Qanunvericilik camış ətinin satılmasına icazə verir. Amma camış ətinin inək əti adı altında satılması qanunsuzdur. İstehlakçının aldığı ətin mənşəyi barədə məlumat almaq hüququ var. Bunu edənlər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar”.

Y.Xanvəli camış ətinin bir neçə üstünlüyü olduğundan onun ölkəyə gətirilməsinin yasaq edilməsini də düzgün saymır: "Camış ətinin də insan orqanizminə xeyri var. Camış ətində

xolistrol adlı maddə inək, qoyun ətinə nisbətən daha aşağıdır. Ona görə də dietik baxımdan camış əti həkimlər tərəfindən piylənmədən əziyyət çəkən insanlara tövsiyə olunur”.

Şöbə rəhbərinin qənaətinə görə, Hindistandan ət idxalı heç bir neqativ hal aşkarlanmadığı təqdirdə dayandırıla bilməz. Çünki yerli heyvandarlıqla ölkə əhalisinin ətə olan tələbatını bu gün ödəmək mümkün deyil: "Hələ ki, xaricdən ət gətirilməsinə ehtiyac var. Əgər idxalını dayandırsaq, bu, ölkədə ət qıtlığının yaranmasına səbəb ola bilər. Eyni zamanda, ətin və ət məhsullarının qiymət artımı baş verər”.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov "Şərq”ə açıqlamasında bildirib ki, Hindistandan gətirilən camış ətinin sağlam və təhlükəsiz olması şübhə doğurur: "Bu yaxınlarda Hindistanda idim. Orada camışçılıq inkişaf edib. Amma ölkəmizə gətirilən camış ətinin keyftiyyətli olması məlum deyil. İstanbulda beynəlxalq konfrans keçirildi. Aydın oldu ki, bu cür ətlərin halallığı sual altındadır”.

AİB sədri də camış ətinin ölkəmizə gətirilməsinə qadağaların qoyulmadığını bildirib: "Bu haqda rəsmi qərar olmayıb”.

E.Hüseynovun qənaətinə görə, gətirilən ətlərin laboratoriyalardan keçirilməsinə və sağlamlığına nəzarət mexanizmi yoxdur: "Hüquqi baxımdan nəzarət mövcuddur. Faktiki baxımdan isə nəzarət demək olar ki, yoxdur. Bu yaşa çatmışam, bir dəfə də şahidi olmamışam ki, Azərbaycanda laboratoriyalar hansısa bir məhsul barədə neqativ cavab çıxarsın. Ekspertizamız dünya ekspertizasının arxasınca sürünür. Ölkədə normal ekspertiza yoxdur”.

Həmsöhbətimizin fikrincə, digər ölkələrdən ət məhsulu istehlak olunmasa, ölkədə qıtlıq yarana bilər: "Bunu istisna etmirəm”.

Birlik rəhbəri söyləyib ki, ölkədə heyvandarlığın inkişafının qarşısı alınmalıdır: "Azərbaycanın aqrar sektoru məhv olub gedir. Düşünürəm ki, hansı ölkə əti xaricdən alırsa, özündə heyvandarlığı minimuma endirirsə, o ölkə inkişaf edəcək. Çünki heyvanlar ətraf mühiti məhv edir. Torpaqları şoranlaşdırıb sıradan çıxardır”.

E.Hüseynov onu da əlavə edib ki, Hindistandan gətirilən camış ətinin sağlamlığına təminat yoxdursa, bu, ciddi bəlalara yol aça bilər: "Ölkəyə ciddi epidemiyalar gətirə bilər. Hindistan kimi ciddi xəstəliklərlə zəngin olan ölkədən Azərbaycana məxsus olmayan xəstəliklər gələ bilər”.

Təşkilat sədrinin sözlərinə görə, ölkəyə yararsız ət və digər məhsulların gətirilməsinə baytarlıq xidmətinin gömrükdəki postları nəzarət etməlidirlər: "Təsadüfi demirlər ki, həkimlər insanları, baytarlar isə bəşəriyyəti müalicə edirlər. Ona görə də baytarlar öz işləri ilə daha ciddi məşğul olmalıdırlar”.

Ayyət Əhməd