ABŞ-Azərbaycan münasibətlərində yeni dönəm başlayır
Donald Trampın İlham Əliyevə ünvanladığı müraciətlərdə bu bir daha bəyan olundu
Xəbər verdiyimiz kimi ABŞ Prezidenti Donald Tramp qısa zaman ərzində Azərbaycan Prezidenti İlham Əliyevə iki məktub göndərib. Ağ Ev rəhbəri birinci məktubunda dövlət başçısı İlham Əliyevi və Azərbaycan xalqını 28 May - Respublika günü münasibətilə təbrik edib. Daha sonra isə Bakıda keçirilən 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi ilə əlaqədar ikinci məktubunu göndərib.
Trampın iki məktubunda da Azərbaycan barədə xoş ifadələr səsləndirilib və ölkəmizlə münasibətlərin inkişaf etdirilməsinə xüsusi önəm verildiyi vurğulanıb. ABŞ Prezidenti bəyan edib ki, Amerika əvvəlki dövrlərdə olduğu kimi öz xarici siyasətini digər ölkələrin daxili işlərinə müdaxilə, onları idarə etməyə çalışmaq prinsipi üzərində qurmayacaq. Göründüyü kimi, Tramp digər ölkələrlə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirməyi qarşısına məqsəd qoyur. Bu siyasət ABŞ-ın keçmiş Prezidenti Barak Obamanın dövründə ABŞ-Azərbaycan əlaqələrində müşahidə olunan neqativ hallar və soyuqluğun aradan qaldırılmasını, iki ölkə arasında faydalı və bərəbərhüquqlu əməkdaşlığın, strateji tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsini nəzərdə tutur. Bu mənada Trampın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı müraciətlərdə əks olunmuş fikirlər ölkələr arasında ikitərəfli münasibətlərin yeni dönəminin başlandığına işarə edilir. ABŞ rəhbəri dünya üçün daha gözəl gələcək naminə Prezident İlham Əliyevlə fəal tərəfdaş kimi işləməyi səbirsizliklə gözlədiyini bildirir. Tramp Azərbaycanı ABŞ-ın dəyərli tərəfdaşı hesab edir və son 25 ildə qurulmuş ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərin gücləndirilməsini arzulayır. Həmçinin, ABŞ Prezidenti həmkarı İlham Əliyevin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və islahatların həyata keçirilməsi istiqamətində gördüyü işləri alqışlayır, habelə iki ölkə arasında yeni faydalı biznes əlaqələrinin qurulmasını istəyir.
ABŞ Prezidenti Azərbaycan və Amerika xalqlarının rifahına xidmət edən digər əməkdaşlıq sahələrinin də araşdırılmasını səmimiyyətlə arzulayır. Məktublarda bəyan edilir ki, ABŞ və Azərbaycan birgə səylərlə terrorizmə qarşı mübarizə apararaq qlobal təhlükəsizliyi möhkəmləndirmək üçün çalışırlar. Rəsmi Vaşinqton Azərbaycan xalqının yanındadır və təhlükəsizlik, iqtisadi əməkdaşlıq və demokratik prinsiplər sahəsində dialoq vasitəsilə münasibətlərin daha da möhkəmləndirilməsinə sadiqdir. Bununla yanaşı, ABŞ Azərbaycanın liderliyi ilə həyata keçirilən qlobal enerji layihələrini, o cümlədən Cənub Qaz Dəhlizini qəti surətdə dəstəkləməkdə davam edir. Azərbaycanın və beynəlxalq tərəfdaşların onun tamamlanmasına yönəlmiş səylərini alqışlayır, ölkəmizi Avropa üçün yeni enerji mənbəyi sayır. Eyni zamanda Amerika rəhbərliyi qlobal enerji təhlükəsizliyinin gücləndirilməsində, o cümlədən Xəzər regionunda enerji resurslarının işlənilməsi və ixracında Azərbaycanın oynadığı rolu yüksək dəyərləndirir. ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin Danniqanı qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev də vurğulayıb ki, Trampın məktubunda səslənən fikirlər Azərbaycana verilən dəstəyin daha bir göstəricisidir. Dövlət başçısı vurğulayıb ki, ABŞ hökumətinin Azərbaycanın həyata keçirdiyi qlobal layihələri dəstəkləməkdə davam etməsi böyük əhəmiyyət daşıyır. Bu sahədə əməkdaşlığımızın yaxşı tarixə malik olduğunu bildirən Prezident İlham Əliyev vurğulayıb ki, Bakı-Tiflis-Ceyhan layihəsini və ondan sonra icra olunan layihələri, o cümlədən "Cənub Qaz Dəhlizi” layihəsini ABŞ hökuməti həmişə güclü şəkildə dəstəkləyib: "Sərgiyə ABŞ Prezidentinin ünvanladığı məktubda ifadə olunan fikirlər bir daha göstərir ki, Birləşmiş Ştatların yeni administrasiyası da bu layihəyə sadiqdir. Biz bunu yüksək qiymətləndiririk. Hesab edirəm ki, bu məktubda səslənən fikirlər Azərbaycana verilən dəstəyin və dostluq münasibətlərimizin daha bir göstəricisidir. Çox yaxşı haldır ki, biz ABŞ-ın yeni administrasiyası ilə həm enerji sahəsində, həm də prezident Trampın məktubda dediyi kimi, bir çox digər sahələrdə də yaxşı əməkdaşlığı davam etdiririk”.
Politoloq Qabil Hüseynli də ABŞ Prezidentinin mesajlarını yüksək qiymətləndirib. Ekspertin sözlərinə görə, ABŞ-ın ən böyük əhəmiyyət verdiyi strateji bölgələrdən biri Cənubi Qafqaz, Azərbaycan və Gürcüstandır:
"Azərbaycanın xüsusi çəkisi bu yöndə daha ağırdır. Azərbaycan Avropa və Asiya qitələrinin birləşdiyi bir nöqtədə yerləşir, Xəzərin karbohidrogen ehtiyatlarının Avropaya nəql edilməsində çox önəmli rol oynayır. Söhbət tək neftdən yox, həm də "mavi yanacaq”dan gedir. ABŞ Azərbaycanın liderliyi ilə həyata keçirilən qlobal enerji layihələrini, o cümlədən Cənub Qaz Dəhlizini qəti surətdə dəstəkləməkdə davam edir, Azərbaycanın və beynəlxalq tərəfdaşların onun tamamlanmasına yönəlmiş səylərini alqışlayır. ABŞ Azərbaycanı Avropa üçün yeni enerji mənbəyi hesab edir. ABŞ qlobal enerji təhlükəsizliyinin gücləndirilməsində, o cümlədən Xəzər regionunda enerji resurslarının işlənilməsi və ixracında Azərbaycanın oynadığı rolu yüksək dəyərləndirir. Bu yaxınlarda isə qədim İpək Yolu dəmir yolu kimi, yəni Bakı-Tiflis-Qars dəmir yolu işə düşəcək. Bu dəmir yolu iki qitəni daha möhkəm tellərlə birləşdirəcək. Bu nöqteyi-nəzərdən Qərb, o cümlədən ABŞ üçün ölçüyə gəlməz dərəcədə artmaqdadır. ABŞ və Qərb dünyası nəinki Cənubi Qafqazdan çıxır, əksinə, daha möhkəmlənmiş surətdə özünün bütün strukturları, NATO, iqtisadi əməkdaşlıq telləri və digər strukturlarla bu bölgəyə daha əzmlə gəlir”.
Politoloq Donald Trampın Azərbaycan Prezidentinə göndərdiyi hər iki məktubu yüksək dəyərləndirdiyini vurğulayıb:
"Bu, ABŞ-ın yeni administrasiyasının bölgə problemlərinə yanaşmasının ifadəsidir. ABŞ əvvəlki dövrlərdə olduğu kimi, öz xarici siyasətini digər ölkələrin daxili işlərinə müdaxilə, onları idarə etməyə çalışmaq prinsipi üzərində qurmayacaq. Bu siyasət iki ölkə arasında faydalı və bərabərhüquqlu əməkdaşlığın, strateji tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsini nəzərdə tutur. Trampın məktublarında Dağlıq Qarabağ münaqişəsinin həllinin vurğulanması diqqət çəkir. Bu, onu göstərir ki, ABŞ bölgədə bəzi dövlətlərin təkbaşına "at oynatması”na imkan verməyəcək və nəticə etibarı ilə münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətli formada həll edilməsi üçün səylərini əsirgəməyəcək. ABŞ Prezidentinin məktubları yüksək dəyərləndirməyə ehtiyacı olan vacib hadisədir. Hesab edirəm ki, ABŞ-Azərbaycan əlaqələrinin durmadan inkişaf etməsi hər iki ölkənin siyasi və iqtisadi maraqlarına tam uyğundur”.
İsmayıl