Ərdoğan “arena”nı stadionla əvəzlədi

Nizami Cəfərov: “Düzdür, milliləşmək vacibdir”


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan stadion adlarında "arena” sözünün çıxarılması ilə bağlı göstəriş verib. Qol.az-ın xəbərinə görə, bu haqda "Hürriyyət” qəzeti məlumat yayıb. Artıq Türkiyə Futbol Federasiyasının saytında adında "arena” sözü olan idman qurğuları "stadion” sözü ilə əvəzlənib.

Ərdoğan bu günlərdə deyib: "Mən "arena”ların əleyhinəyəm. Arenalarda nələrin edildiyini bilirsiniz? Orada heyvanlar insanları öldürüblər. Mən nazirə göstəriş vermişəm. Biz bütün stadion adlarından bu sözü yığışdırırıq. Belə ifadə bizim dilimizdə yoxdur və olmamalıdır”.
Ərdoğanın bu açıqlamasından sonra əvvəlcə "Qalatasaray” klubu öz stadionunun adından "arena” sözünü götürüb. Bundan sonra stadion "Türk Telekom Arena”nın əvəzinə "Ali Samiyen Sports Complex Türk Telekom Stadium” adlanacaq.

Bu gün isə məlum olub ki, "Beşiktaş”ın "Vodafone Arena” stadionu "Vodafone Stadyum”, "Aytemiz Alanyaspor”un "Bahçeşehir Okulları Arena” stadionu "Bahçeşehir Okulları Stadyum”, 1-ci liqada yarışan "Şanlıurfaspor”un "GAP Arena” stadionu isə "GAP Stadyum” adları ilə əvəzlənib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "arena” sözünün stadionlardan çıxarılması ilə bağlı tələbinə tanınmış alim, professor Əhməd Ərcan münasibət bildirib.

Axar.az xəbər verir ki, professor Ərdoğanın "arena” yox, "stadion” olmalıdır” fikri haqda danışarkən bunları deyib: 

"Arena” ispancadır, "stadion” isə latınca. Bu sözün türkcə qarşılığı "çeyniktey”dir. Axı biz niyə əcnəbi dildən gələn sözləri deməyə çətinlik çəkmirik, amma öz doğma dilimizdə olan sözləri yadırğayırıq?! Atatürkün də dediyi kimi, türkcə danışmayan insana türk demək olmaz”.
Belədə deyirlər, "avazın yaxşı gəlir, oxuduğun Quran olsa”. Yaxud da, hər işimiz bitmişdi, qalmışdı saqqal darağımız”. Guya ki, arena sözünün əvəzinə çeyniktey işlənəndə, indiyədək əyri gedən işlərimiz hamar yola düşəcək. Bir çeyniktey sözüylə türklüyümüzə sahib çıxacağıq. Türkiyəlilərin sevimli ibarəsini özlərinə qaytaraq; "burakın, Allah aşkına...”. Özbəöz doğma sözümüz "açar”ı "anahtar”a çevirən sizlər deyilmisiniz?!” Belə misalları yüzlərlə gətirərik. İndi arena sözü kimlərəsə "çöçün” gəlir, guya ki, stadion - stadyum türk sözüdür, onu "kullanacaqlar”.

Professor Əhməd Ərcan da səhvə yol verir. "Arena” ispan sözü deyil, latın kökənli sözdür. Mənası qum, qumlu sahədir. Qədim dövrlərdə yarışlar qumlu sahələrdə keçirilirmiş. Stadion da kök etibarilə latın sözüdür. Mənası hərəkət etmək, qaçmaq, çapmaqdı. İdman yarışlarının keçirildiyi yer anlamına gəlir.

Ola bilər, Türkiyə Cümhuriyyətinin Prezidenti arena sözünü belə yerlərdə qan tökülür, insanlar tələf olur deyə, sevmir. Amma məntiq yenə ortada görünmür. Stadionlarda başıpozuq fanat kütləsinin çıxardığı iğtişaşlar zamanı azmı insan ölür?! Örnəyi nə qədər desəniz var. O zaman arenanı niyə stadionla əvəzləyirlər?!

Dilin milliləşdirilməsi vacib amildir. Amma yerinə görə. Neçə ildir kompüteri bilgisayarla əvəzləməyə çalışırlar. Bilgisayar sözü birtəhər dilin leksik lüğətinə oturdulub. Di gəl ki, ondan nadir hallarda istifadə olunur. Hamının dilinin əzbəri yenə də kompüterdir. O zaman noutbuku, planşeti hansı sözlə əvəzləyək?

Beynəlxalq terminlər, dünya xalqlarının ümumi istifadəsində olan elə sözlər var ki, onlardan imtina etmək çox çətindir və bəlkə heç gərək də deyil. Yəni, lazımsız bir işdir. Görüləsi o qədər vacib işlər olduğu halda, hansısa sözlərin ətəyindən yapışmaq mənasızdır və bizcə, hər hansı inkişafa da xidmət etmir.
Məsələyə münasibət bildirən professor Nizami Cəfərov beynəlxalq terminologiyanın dəyişdirilməsinin mümkün olmadığını dedi:

- Türkiyə bu prosesi 30-40-cı illərdə keçirdi. O illərdə bir sıra xarici kəlmələr, ərəb-fars sözlərinin türk sözləri ilə əvəzlənməsi prosesi aparıldı. Deyək ki, məktəb oldu okul, müəllim oldu öyrətmən və s. Amma məsələn, "pardon” sözü bü gün də Türkiyədə ən çox işlənən sözdür. Halbuki "pardon”u əvəzləyəcək nə qədər söz var dilimizdə - bağışlayın, üzr istəyirəm və s. Məsələ belədir ki, bəzən real, düzələsi iş qalır kənarda, icrasına ehtiyac olmayan işlər keçir önə. Düzdür, milliləşmək vacibdir. Amma beynəlxalq terminlər bütün dünya xalqlarının dillərində var. Terminlər həmişə güclü olur. Beynəlmiləl sözlərin dildə oturuşmasının qarşısını almaq çətin olur, onları dəyişdirmək də adətən mümkün olmur. Beynəlmiləl sözlər dilin intellektual səviyyəsini göstərir. Məsələn, bizdə stadion sözü də işlənir, meydança da, arena da. Bunun nəyi pisdir ki?! Əksinə, dilin ifadə zənginliyinə xidmət edir.

N.Cəfərov qeyd etdi ki, bir halda ki, Türkiyə Prezidenti arena sözündən imtina edilməsinə çağırıb, belə də olacaq:

- Prezident deyibsə, təbii ki, ona üstünlük veriləcək. Bu, bütün dünyada qəbul olunmuş qaydadır. Bəzən araşdırmalar aparılır ki, dövlət başçıları nitqlərində hansı sözləri, ifadələri işlədiblər. Araşdıranda görünür ki, bu sözlər sonradan cəmiyyətin aktiv istifadəsinə keçib. Amma bu olar 10 söz, ondan artıq yox. Bəzən bu cür sözlər xalqın dilinə oturur. Məsələn, Şah İsmayıl Xətaidən dilimizə "sözümüz” kəlməsi oturub. Xətai əmr, sərəncam, qanun sözlərinin əvəzinə "Sözümüz” kəlməsini işlədirmiş. Yəni, bizim sözümüz - əmrimiz budur!.. Müəyyən dövrlərdə belə hallar olub. Türkiyə Cümhuriyyətinin Prezidenti də arena sözündən imtinaya çağırırsa, şübhəsiz, ona əməl ediləcək. Çünki Prezident əsassız söz danışmaz. Görünür, bu sözdən imtina edilməsinə yetərli əsaslar var.

Məlahət Rzayeva