Tolikdən Səidə Sultana: "Abırsız, gəl bir söz də denən”
Hər buraxılışında qalmaqal yaşanan "Maşın” realiti-şousunda ötən gün də xoşagəlməz hadisələr olub.
Bu dəfə müğənni Nadir Qafarzadə ilə rejissor Kənan M.M. arasında söz-söhbət yaranıb.
N.Qafarzadənin "Məni çıxarın, Kənan qalsın” sözləri qarşı tərəfi özündən çıxarıb.
Kənan "Kül mənim başıma ki, sən mənim yerimə gedirsən” cavabını verib.
Daha sonra Kənanla müğənni Səidə Sultan arasında gərginlik yaşanıb.
Kənanın "Nadir deyir ki, bunu qazanan içində meyit daşısın” sözlərinə Səidə belə cavab verib:
"Nadir ömür boyu qarğış edib. Həmişə zarafatla elə şeylər deyir. Bunu niyə insanlara deyirsiz ki...”.
Yeri gəlmişkən, "Maşın” realiti-şousunun güclü oyunçularından sayılan prodüser Tarix Əliyev (Tolik) də realitidən könüllü ayrılmaqla bütün diqqətləri özünə yönəldib.
Şouda bir çoxlarının güclü rəqibi sayılan və ehtiyatla adı hallanan prodüser özü maşından əlini götürərək mübarizəni dayandırıb.
"Maşın” realiti-şousu ilə bağlı təəssüratlarını "Şərq”ə danışan tanınmış prodüser Tarix Əliyev əslində kifayət qədər kəskin açıqlamalar verməklə bir çoxlarının gerçək simasını göstərməyə çalışdı. Tolik yarışmadan çıxdığı üçün peşman olmadığını söyləyib: "Həqiqətən "Maşın” realiti-şoudu. İştirakçılar ən azı 6-7 saat maşın ətrafında kamera qarşısında, işıqların altında qalmalı olurlar. Təbii ki, müxtəlif xarakterli insanların bir arada bu şəraitdə olması əsəblərə təsir etmiş olur. Belə olanda da insan gerçək üzünü göstərmiş olur. Kənan M.M iki dəfədi mübarizədə niyə səs yığır? Çünki insanlar ona inanırlar. O, düz yolda olduğu üçün də ona səs verənlər olur. Bu, realiti-şoudu. Misal üçün, ilk gün Eltonu nahaqdan qurban verdilər. Çünki hamıyla münasibəti yaxşı olduğu üçün kimin adını verəcəyinə qərar verə bilmirdi. Orda bir az biclik işlədən şouda daha çox qala bilir. Qaldı ötən gün yaşananlara və ümumiyyətlə orda baş verənlərə, canımı iyrənclərin, dırnaqarası xanımların əlindən qurtardım. Orada Azərbaycan xanımına layiq olmayan bəzilərindən xilas oldum. Oksananın xətrini çox istəyirdim, amma ötən gün gərək səs istəməyəydi.
Düzdür, deyirəm kaş çıxmayaydım. Amma orada olsaydım, kiminsə saçından tutub sürüyəcəkdim, əlimdən heç kim ala bilməyəcəkdi. Oradakı bəzi kişilər namusdan danışırdı. Sinəsinə döyən "müğənnicikləri” heç instaqramda canlı yayımda 300 adam izləmir. Səidə arxamca deyir ki, söz demək istəmirəm. Abırsız, gəl bir söz də denən. Ağır sözlər demək istəmirəm. Mən Səidə ilə yenicə barışmışdım. Səidə özü biabır oldu. Səidə ilə 2 ildir danışmırdım. Onunla problemim yox idi, çünki mənlə problem yaşayacaq statusda müğənni deyil. Səidənin bacısının həyat yoldaşı mənim dostumdur. Onların evində çörək kəsmişəm, anası nazımla oynayıb, peraşki istəmişəm bişirib. Mən Səidəyə üç gün əvvəl demişdim ki, Pərvinlə bir-birinizi qıracaqsınız. Səidə mənimlə rəqib olacaq nüfuzda iştirakçı deyildi. Sən mənimlə hansı statusunla mübarizə apara bilərdin? O mənim statusumda olan müğənni deyil. Orda bir neçə nəfər var ki, mənimlə mübarizə aparacaq statusa sahibdi. Mənim statusumda bir Nadir Qafarzadənin adını çəkə bilərəm.
Mənimlə rəqiblik edəcək orda elə güclü aktrisa, prodüser yox idi. Konkret olaraq Səidə qətiyyən mənə rəqib ola bilməzdi. Səidənin nə yaradıcılığı elə genişdir, nə də mənim qədər böyük auditoriyası var. Neçə ilin oxuyanı Cavad Rəcəbovu 35 faiz səs toplaya bildisə, mən onlardan çox güclü idim. Mənim instaqram səhifəmdə olan insanların yarısı qədər onlarda tamaşaçı olmalıdı ki, mənimlə danışaydılar. Səidə mənimlə hansı statusundan danışa bilər? 4-5 sənətçi Cavad üçün səs istədi, cəmi 35 faiz səs toplaya bildi. Mən İbrahim Borçalını təxminən 80 faizlə udmuşdum. Bir az real olmaq lazımdı. Səidə əslində yaxşı qızdı, amma tələbatlı deyil.
Mənim Səidədən işim keçə bilməz. Amma Səidə kimi müğənnilərin məndən işi keçə bilər. Ona görə də mənə elə gəlir ki, Səidənin bu sözü gülünc oldu ki, Tolik məndən çəkindi. Mən maşına görə simasız qala bilməzdim. Düzdü, bahalı maşındı, amma bir maşına görə bu qədər simasız olmağı mən özümə yaraşdırmazdım. Nə yaxşı ki, getdim. Çünki qalsaydıq, daha pis nəsə olardı. Pərvin Azərbaycanda aktrisa kimi tanınır, sevilir. O qızın də xətrini çox istəyirəm. Pərvin mənim dostumdu. Pərvinin düşməni mənim də düşmənim olacaq. Şouda o qədər maskalı insan var ki. İstər kişisi, istərsə qadını. Ona görə mən dedim ki, kişinin sözü bir olar. Orda bir çox kişilərin sözü nə birdi, nə beş. Mən güclü rəqib idim. Mən orda olanda adımı çəkə bilmirdilər. İndi hamı şirə dönüb. Murada təşəkkür edirəm ki, məni bu şouya dəvət etdi. Artıq 3-cü dəfə idi iştirak edirdim.
Deməli, tələbatlıyam, maraqlıyam, baxımlıyam. Şükür bu günə ki, Azərbaycan xalqının gözündən düşmədən o şoudan uzaqlaşdım. Orda olan hər kəs ilk növbədə onu düşünməliydi ki, 17 gündən sonra maşın bitəcək və real həyata hamı qayıdar. 17 gündən sonra maşına görə heç kimlə düşmən olub simamı itirmək istəmərəm. Vallah dəyməzdi. Mən düşmənçiliyimi də etməyi bacarıram. İnanın, güclü düşmən ola bilirəm. Amma maşına görə düşmən olmağa dəyməz. Müğənni üçün məni düşmən qazanmaq bilirsən nə deməkdi? Yəni o müğənni özünü məhv etmiş olur. Mən bunu söz xatirinə demirəm.
Mənim dilim də var, dilçəyim də. İstənilən müğənninin istər şəxsi həyatı, istər yaşam tərzi barədə söz deməyə sözüm də var. Düşmən olmağı da bacarıram. Sadəcə həqiqətlərin hamısını deyəsi olsam, biabır olarlar. Ayıbdı. Nəyimə lazımdı? Bu verilişin adı üstündədi. Şoudu. Tamaşaçı ordan çıxanda qoy sizə deməsin ki, maşına görə şəxsiyyətini satdı. Nadir maşına qarğış qalmır tökür. Vallah, yaraşdırmıram. Mən hamıya üzümü tuturam ki, ordan simanızı tamam itirərək çıxmayın!”.
Tahirə