Nizami Cəfərov: “Həqiqətən, akademiyada ömrü boyu bir elmi məqalə yazmayan adamlar var”




AMEA rəhbərliyinin növbəti addımı akademiya institutlarında çalışan işçilər üçün yaş məhdudiyyəti senzinin tətbiqi ilə bağlıdır. Bu barədə Modern.az-a məlumat verən AMEA-nın adlarının çəkilməməsini istəyən yaşlı elmi işçiləri təklifin alimlər arasında ciddi narazılıq doğurduğunu vurğulayıblar.

Verilən məlumata görə, akademiya rəhbərliyi artıq AMEA institutlarının rəhbərlərinə yaş məhdudiyyəti senzinin tətbiq oluna biləcəyi barədə göndəriş ünvanlayıb. Həmçinin qeyd olunur ki, AMEA rəhbərliyi məsələyə baxılması üçün Nazirlər Kabinetinə də elmi işçilər üçün yaş məhdudiyyəti senzinin tətbiqi ilə bağlı təklif göndərib.

Xatırladaq ki, hazırda Azərbaycanda rəsmi idarə, müəssisə və təşkilatlarda işçilərə yuxarı yaş həddi kimi 65 yaş məhdudiyyəti tətbiq olunur.

Millət vəkili, BDU-nun kafedra müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov qəzetimizə məsələdən xəbərsiz olduğunu bildirib: "İslahatların aparılması yaxşı haldır. Akademiyada elə şəxslər işləyir ki, 60-65 yaşına çatırlar. Amma nə namizədlik, dissertasiya müdafiə edirlər, nə doktorluq müdafiə edirlər. Bununla yanaşı, bir kitabları da çıxmır, məqalələri də dərc olunmur. Məsələyə fərdi yanaşmaq lazımdır”.

N.Cəfərovun qənaətinə görə, hətta 70-80 yaşlı elmi fəaliyyətlə məşğul olan nüfuzlu alimləri işdən çıxartmaq olmaz: "Sadəcə bütün hallarda dünyanın hər yerində olduğu kimi alim normal işləyirsə, tədqiqat aparırsa və elmi əsərlər verdiyi halda, yaşından asılı olmayaraq işdə qalıb işləməlidir. İş qabiliyyəti olmayan isə özü işdən çıxmalıdır.

Düşünürəm ki, yəqin akademiya rəhbərliyi bu məsələlərdə işi çox və demokratik şəkildə lazımi səviyyədə aparmaq istəyir. Həqiqətən akademiyada ömrü boyu bir elmi məqalə belə yazmayanlar var. Belələrini 65 yaşında yox, 50, yeri gələrsə, işləmədiyi təqdirdə 30 yaşında çıxartmaq lazımdır. Burada prinsip, meyar işdir. Akademiyada elmi-tədqiqat işi aparılmalıdır. İşləməsi fayda verirsə, işləməlidir. Yox fayda vermirsə, 65-i gözləmək lazım deyil, işdən çıxmalıdır. Akademiyada elmimizin inkişafı istiqamətində görülən işlərin məzmununa görə islahatlar başlayıb”.

Yaş həddinin tətbiqi ilə bağlı "Şərq”ə danışan AMEA-nın Fizika İnstitutunun elmi işçisi Çingiz İsmayılov prezidentin imzaladığı sərəncamda alimlərin, elmlər namizədlərinin yaş senzurasına aid edilmədiyini söyləyib: "Alimi ixtisar etmək olmaz. Əgər o, əqli olaraq əmək qabiliyyətinə malikdirsə, çalışacaq. Bunun yaşa aidiyyəti yoxdur. AMEA belə qərar qəbul etsə, bunu düzgün hesab etmirəm”.

Vüqar Şahinoğlu