"Direktorlar əllərindəki açarlarla şagirdlərin başına vurur" - BİABIRÇILIQ




"Əlində dəlilik kağızı olan insan pedaqoji fəaliyyətlə məşğuldursa, bu Rayon Təhsil Şöbəsinin səhvidir”.

Bunu Sherg.az-a Göyçayda müəllimənin 11 yaşlı şagirdi döyməsi və əlində dəlilik kağızının olduğunu iddia etməsinə münasibət bildirərkən təhsil eksperti Nabatəli Qulamoğlu söyləyib. 

Onun sözlərinə görə, Təhsil Şöbəsi həmin şəxsi psixi durumu normal olmadığı təqdirdə müəllim təyin edibsə, bu barədə tədbir görülməlidir:

"Elə hesab edirəm ki, həmin şəxs bunu sadəcə vasitə kimi istifadə edib. Güman edirəm ki, bu sadəcə bir anlıq əsəbdən yaranmış problemdir. Müəllimin şagirdi döyməsi tipik haldır, çünki cəmiyyətimizlə bağlı məsələdir. Bir idarəyə getdikdə, hər hansı məkanda olduqda azca o yan, bu yan edən kimi, ya telefona əl atırlar, ya da adamın üzərinə stol qaldırırlar. Digər müəssisələr də belədir. Məsələn, məktəb direktorları əlindəki böyük açarlarla uşaqların başına vurur. Bu cəmiyyətin məktəblərə və digər müəssisələrə daşınan problemləridir. Güman edirəm ki,  Azərbaycanda demokratikləşmə prosesi başa çatmayınca, bu prosesin başlaması da hələ şübhə altındadır. Nə qədər çalışılsa da təhsildə bu problemlər davam edəcək”.

Qeyd edək ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə və Göyçay Rayon Polis İdarəsinə rəsmi ərizə ilə müraciət olunub.

Ayyət Əhməd