Cəbhədəki gərginlikdən 10 gün keçdi

Nəhayət, Rusiyadan da səs çıxdı


Dağlıq Qarabağ ərazisində vəziyyətin gərginləşməsi, cəbhənin müxtəlif istiqamətlərində hər gün sutka ərzində atəşkəs rejiminin ən azı 200 dəfə pozulması artıq dünya ölkələrini də narahat etməyə başlayıb. Kreml münaqişə tərəflərini sərhəddə vəziyyəti sabitləşdirmək üçün əlavə tədbirlər görməyə çağırıb.

Amerika Birləşmiş Ştatlarının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar da hər iki tərəfi atəşkəs rejiminə birmənalı şəkildə və tam riayət etməyə səsləyib. Azərbaycan və Ermənistan prezidentlərinin yaxın həftələrdə gözlənilən Soçi görüşünə diqqət çəkən səfir bildirib ki, hər iki ölkə başçısı münaqişənin hansı şəkildə, necə həll edilməsi ilə bağlı razılığa gəlməlidir.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə Kremlin narahatlığının qeyri-səmimi olduğu qənaətindədir: "Cəbhə xəttində vəziyyət gərginləşən gündən qərb ölkələri və onların Azərbaycandakı səfirlikləri, beynəlxalq təşkilatlar öz narahatlıqlarını ifadə edən bəyanatlar yayıblar. Yalnız gərginliyin üzərindən 10 gün keçdikdən sonra nəhayət ki, Rusiya Xarici İşlər Nazirliyi də bəyanat yayıb ki, guya onlar da Qarabağdakı atışmalardan narahatdır. Amma mən Kremlin səmimiyyətinə inanmıram. Nazirliyin bəyanatında bir cümlə diqqətimi çəkdi. Rusiya XİN nümayəndəsi bəyan edib ki, atəşkəsin möhkəmləndirilməsi üçün 1994-cü ildə imzalanan atəşkəs sazişinin mexanizmlərinin gücləndirilməsi məsələsinə qayıtmaq lazımdır. Halbuki biz atəşkəs sazişinin 20 ildir qüvvədə olduğunu və münaqişənin həllinə heç bir müsbət təsiri olmadığını deyirik. Sazişə yenidən baxılmasına ehtiyac yoxdur. Həmsədrlər Ermənistan tərəflə danışıqları gücləndirməli və başa düşməlidir ki, bu atəşkəs əbədiyyətə qədər uzana bilməz”.

Politoloqun sözlərinə görə, məntiqi baxımdan Dağlıq Qarabağda müharibənin alovlanması indiki şəraitdə Kremlə sərf etmir: "Çünki bir həftədən sonra Rusiyanın Soçi şəhərində olimpiada keçiriləcək. Odur ki, bu müddətdə Rusiya Qafqazda sabitliyin hökm sürməsində maraqlı olmalıdır. Ancaq cəbhə bölgəsindən gələn xəbərlər ona işarə edir ki, baş verən proseslərin içində Rusiyanın Ermənistandakı hərbiçilərinin də iştirakı istisna deyil. Çünki artıq bizdə Rusiyanın Ermənistandakı silahları modernləşdirməsi və Rusiyanın Ermənistana göndərdiyi hərbi texnika və tankların Dağlıq Qarabağa daşınması barədə məlumatlar var. Müdafiə naziri Zakir Həsənovun son bəyanatını da nəzərdən qaçırmayaq. Nazir xüsusilə vurğulayıb ki, cəbhə bölgəsində kəşfiyyat məlumatları ələ keçirilərkən erməni dili ilə yanaşı, qeyri-erməni dilində də dinləmələr eşidilib. Faktiki olaraq, nazir bununla rus hərbçilərinin də atəşkəsin pozulmasındakı iştirakına işarə edib. Təsadüfi deyil ki, Azərbaycanın rəsmiləri və siyasiləri də ilk gündən atəşkəsin intensiv pozulmasında Rusiyanın mənfi yöndə iştirakından şüblənirlər”.

E.Şahinoğlunun sözlərinə görə, Rusiyanın Qarabağda aktivləşməsinin səbəbi son zamanlar Azərbaycan hakimiyyətinin qərblə sıx əməkdaşlığa meylli olmasıdır: "Ölkə başçısının Brüssel səfəri və Davosda Avropa ilə əməkdaşlığın genişləndirilməsinə dair açıqlaması Azərbaycanın Avropa ilə yeni strateji müqavilə imzalayacağını gündəmə gətirib. Azərbaycanın bu siyasəti Rusiyanın bəzi dairələrinin xoşuna gəlmir. Azərbaycanın NATO və Avropa Birliyi ilə əməkdaşlığı genişləndirməsi birmənalı onu Gömrük İttifaqından uzaq tutacaq. Bu da Kreml tərəfindən böyük narahatlıqla qarşılanır. Ona görə də Ermənistandakı əlaltıları vasitəsilə bölgədə vəziyyəti gərginləşdirməklə Azərbaycana təzyiq etmək istəyir. Ancaq əbəs əziyyətdir. Çünki atəşkəsi pozmaqla Azərbaycan üçün əlavə problemlər yaradarkən onlar özlərinin verdiyi itkiləri unudurlar”.

Cəbhədəki atışmalar fonunda prezidentlərin Soçi görüşündən heç bir irəliləyiş gözləmədiyini vurğulayan politoloqun sözlərinə görə, danışıqlar prosesinin ötən ilin sonlarından üzü bu yana intensivləşməsi hələlik heç bir effekt göstərməyib: "Odur ki, atəşkəsin intensiv pozulması fonunda prezidentlərin növbəti görüşündən isə real nəticə gözləmək mənasızdır. Tərəflər

arasında yüksək səviyyəli görüşlər hər nə qədər intensivləşsə də, beynəlxalq qurumlar tərəfindən Ermənistana təzyiqlər olmadıqca, geri addım atılmayacaq. Bu gün Ermənistandan tələb olunan Dağlıq Qarabağ ətrafındakı iki rayonu qaytarmasıdır ki, mənfurlar buna da yanaşmır. Odur ki, Ermənistana qarşı sanksiyalar olmadıqca, tərəflər arasında nə sülh sazişi əldə etmək, nə də bölgədəki gərginliyi azaltmaq mümkün olacaq”.

Şəymən