Georgi Marqvelaşvilinin səfəri ermənilərə mesaj idi

“Müəyyən qüvvələr çalışırlar ki, Gürcüstan-Azərbaycan münasibətlərində müəyyən gərginlik yaratsınlar”


Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin Azərbaycan səfəri başa çatıb. Xatırladaq ki, G.Marqvelaşvilinin səfər çərçivəsində Azərbaycan prezidenti ilə təkbətək görüşü olub. Görüş çərçivəsində dövlət başçıları iki ölkə arasındakı hərtərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından danışıblar. Ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyini vurğulanıb.

Geniş tərkibli danışıqlardan sonra ölkə başçısı İlham Əliyev və G.Marqvelaşvili mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan prezidenti qeyd edib ki, xalqlarımız arasında münasibətlər ölkələrimiz arasındakı əlaqələr üçün əsasdır: "Gürcüstan və Azərbaycan müstəqil dövlətlərdir. Beynəlxalq təsisatlarda biri-birinə dəstək verir. Çox güclü siyasi münasibətlərimiz mövcuddur. Ölkələrimizin ərazi bütövlüyü məsələsində hər zaman biri-birimizi dəstəkləyirik”.

G.Marqvelaşvili isə bildirib ki, hər iki tərəf strateji rifaha aparan münasibətlərin qurulması işində, ölkənin və regionun gələcəyi üçün nümunəvi olublar: "Dövlətlərimiz arasında müstəsna tərəfdaşlıq, birgə həyata keçirdiyimiz enerji və daşıma layihələrinə sadiqlik, regionda və onun hüdudlarından kənarda milyonlarla insana daha yaxşı gələcəyi təmin edəcək”.

Səfərin yekununu şərh edən Azərbaycan Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirov "Şərq”ə görüşün əlamətdar hadisə olduğunu deyib: "Bəzi ekspert dairələrində belə fikirlər səsləndirilirdi ki, G.Marqvelaşvilinin Rusiya ilə münasibətlərə yenidən baxması Gürcüstan-Azərbaycan münasibətlərində müəyyən soyuqluq yarada bilər. Belə anlaşmalar var idi ki, prezident Saakaşvilinin siyasi kursunu davam etdirməyəcək. Hadisələrin gedişatı göstərdi ki, məsələyə bu cür baxmağın ciddi əsası yoxdur. Bu yanaşmalar daha çox spekulyativ xarakterli idi. Düzdü, prezidentlər seçilməzdən öncə fərqli münasibət sərgiləyə bilərlər. Seçildikdən və ya üzərinə düşən yükün ağırlığını hiss etdikdən sonra real mövqe ortaya qoyur. Gürcüstan indiki prezidenti fəaliyyətə başladıqdan sonra fərqində anladı ki, Azərbaycan kimi strateji əhəmiyyətli bir dövlətlə əlaqələrini inkişaf etdirərsə, bundan yalnız pozitiv effekt görər. Gürcüstan prezidentinin Bakıya səfəri bunu təsdiqlədi. Məlum oldu ki, yeni prezidentdə Azərbaycanla münasibətləri strateji tərəfdaşlıq müstəvisində qoruyub saxlamaqda qətiyyətlidir. Bütün bunlar onun səsləndirdiyi bəyanatda öz əksini tapıb”.

Ekspertin sözlərinə görə, hər iki ölkə biri-birinə çox sıx tellərlə bağlıdır: "Söhbət enerji və infrastruktur layihələri və reallaşdırılması bu ilə planlaşdırılan Bakı-Tbilisi-Qars dəmiryolundan gedir. Belə faktlar təsdiq edir ki, bu ölkələr ikitərəfli və GUAM kimi təşkilatda çoxtərəfli formatda yaxın strateji müttəfiqdirlər. Gürcüstanda 500 mindən artıq soydaşımız yaşayır. Həmin ərazilər soydaşlarımızın tarixi vətənləridir. Ona görə də bu iki xalq arasında tarixən dostluq əlaqələri olub. Həmin münasibətlər qorunub saxlanılır. Ölkə başçıları da bu istiqamətdə addımlar atırlar. Münasibətləri möhkəmləndirməkdə və inkişaf etdirməkdə maraqlı olduqlarını bildirirlər”.

E.Nəsirovun qənaətincə, G.Marqvelaşvilinin səfəri sübut etdi ki, tərəflər arasında həllini tapmayan problematik məsələlər yoxdur: "Bu dövlətlər bütün məsələlərdə ortaq məxrəcə gələ bilirlər. Yaranan anlaşılmazlığı dərhal həll etmək qabiliyyətinə malikdirlər”.

Professorun fikrincə, bu ölkələri birləşdirən ortaq cəhət hər ikisinin işğala məruz qalmasıdır: "Azərbaycanın Qarabağ, Gürcüstanın isə Cənubi Osetiya və Abxaziya problemi var. Bu problemlərin həllində hər iki tərəf biri-birinin mövqeyini dəstəkləyir. Belə fundamental məsələlərdə dövlətlərin maraqları üst-üstə düşür”.

Azərbaycanda yaşayan gürcülərə heç bir təzyiq olunmadığını deyən politoloq vurğulayıb ki, onlar tolerant mühitdə yaşayırlar: "G.Marqvelaşvili ölkəmizdəki gürcülərlə görüşü zamanı da bunun şahidi oldu. Öz gözləri ilə gördü. Azərbaycan və Gürcüstan arasındakı dostluq sözə deyil, konkret əmələ və addıma söykənir”.

E.Nəsirov söyləyib ki, səfər işğalçı Ermənistana bir mesaj idi: "Bədnam qonşumuzdakı müəyyən qüvvələr çalışırlar ki, Gürcüstan-Azərbaycan münasibətlərində müəyyən gərginlik yaratsınlar. Niyyətlərinə çatmayacaqlar. Bu xalqları tarixi ənənə birləşdirir. Hesab edirəm ki, prezidentin dəyişməsinə baxmayaraq iki ölkə arasındakı strateji münasibətlər qorunub-saxlanılır. Hər iki dövlətin prezidenti münasibətləri daha da dərinləşdirmək yolunu tutublar”.

Ayyət Əhməd