Əli bəy Hüseynzadə Turan

Akif Aşırlı


(Əvvəli ötən sayımızda)

"İttihadi-tərəqqi”nin təşkilatlanması üçün pul verməsini xahiş edən İshan Sükuti ilə aralarındakı söhbəti Əli bəy belə qələmə alır:

- "Çox yaxşı” - dedim Sükutiyə. Cəmiyyətə istədiyin paranı verərəm. Ancaq bir ricam var, mənim adımı yazmayın. Daha doğrusu, nə mənim, nə də ki, digər dostlarımızın adını hər hansı bir dəftərə, kağıza yazmayın, qeyd etməyin. Belə bir dəftər, vərəq xəfiyyələrin əlinə keçsə, vay halımıza. "Bu baxımdan narahat olma” - dedi və əlavə etdi ki, biz ehtiyatlı adamlarıq.

Əli bəy sonra qeyd edir ki, çox keçmədi qorxduğum hal başımıza gəldi. Xəfiyyələr Əsgəri-Tibbiyə tələbələrinin Ubeydullah, Uşaqzadə kimi "şübhəli adamlarla” sıx-sıx görüşdükləri, səltənətə ziyan vuracaq kitablar oxuduqları və bu yöndə təbliğat apardıqlarını öyrənib məktəbə "basqın” etdilər. Sinif otaqları, tələbə yataqxanası məktəb mühafizəçiləri və xəfiyyə əməkdaşları tərəfindən yoxlanıldı. Ə.Hüseynzadə yazır ki, sənədlərimin və kitablarımın arasından bir şey tapa bilmədilər: "Əşyalarımı araşdıran məmurların müsadirə etdikləri əsərlər, ancaq Azərbaycan ədiblərindən Mirzə Fətəli Axundovun komediyaları və Molla Pənah Vaqifin Leyspiqdə çap olunmuş kitabı idi”.

Bir neçə ittihadçı tələbə sırasında Əli bəy Hüseynzadə də şübhəli şəxs qismində həbs olunur. "Divan rəyasəti” üzvlərinin uzun-uzadı suallarına cavab verir və bir müddət həbsxanada qalır: "Həbsdən çıxdıqdan sonra, təbii ki, ağlımızı başımıza topladıq. Bir müddət nə təhlükəli sərsərlər, nə də hekayə və roman yazan şübhəli kəslərlə görüşmək arzusunda olmadıq. Zatən, buna ehtiyac da qalmamışdı. Bu insanların tələbə ruhuna aşıladıqları hürriyyət eşqi Sarayburundakı məktəbin çinarları arasında artıq möhkəm bir yuva qurmuşdu”.

Türk tarixinin qaranlıq səhifələrinə işıq salan, böyük türk şəxsiyyətlərin həyat və fəaliyyətlərinə, ictimai-siyasi proseslərə cild-cild kitablar həsr edən Dr. Rza Nur "İttihadi-tərəqqi”nin qurucuları sırasında Əli bəy Hüseynzadənin rolunu məxsusi qeyd edir: "İttihadi və tərəqqi” cəmiyyəti İshan Sükuti, Şərafəddin Mağmuni, Arif Bəyzadə, Həsən və Əli Hüseynzadələr tərəfindən ilk olaraq tibbiyyədə təşkil edilmişdir”. Ənvər Paşa, M.K.Atatürk, İsmət İnönün kimi parlaq şəxsiyyətlərin həyat və fəaliyyətlərini qələmə alan Şövkət Sürəyya Aydəmir də Rza Nurun dediklərini təsdiqləyir. Bu sadalanan faktlar yetər ki, Ə.Hüseynzadənin öncüllük etdiyi, Türkiyənin siyasi həyatında rolu danılmaz dərəcədə böyük olan "İttihadi-tərəqqi”nin qurucular sırasında yer aldığı fikrinin üstündən xətt çəkilməsin.

***

1895-ci ilin 10 iyulunda Əli bəy İstanbulda ali tibb təhsilini başa vurur və ilk azərbaycanlı hərbi həkim olur. Təbib yüzbaşı olan Əli bəy uğurlu təhsil almasından dolayı Heydərpaşa Əsgəri tibb xəstəxanasında həkim asestantı təyin edilir. Və beləliklə onun həyatının nə az, nə çox 8 ili hərbi həkimliyə sərf olunur.

Müharibənin insanlara vurduğu ziyanı 1897-ci ildə Türk-Yunan hərbində duyur. "Hilali-əhmər” (Qızılay) heyətində bir çox döyüş bölgələrində, Anadolunun müxtəlif limanlarında çalışır.

1900-cü ilin dekabrın əvvəllərində verilən hərbi tapşırıqları yerinə yetirib, tibbi-pedaqoji fəaliyyətə başlayır. Dünyanı bürüyən vəba xəstəliyini yerində tədqiq etmək üçün Hindistana ezam olunmağı qərarlaşdırılsa da, "İttihadi-tərəqqi”çi kimi adı şübhəlilər siyahısında olduğundan səfəri əngəllənir.

Tələbəlik həyatından sonra bədii yaradıcılıqla məşğul olan Əli bəy Osmanlı saray xəfiyyələri tərəfindən izlənilir. Bir müddət Əhməd Cəlaləddin Paşanın Camlıdakı evində, sonra Nişantaşdakı yurdunda gizlənir.

Məsləkdaşlarının tövsiyyəsi ilə Ə.Hüseynzadə Türkiyəni tərk edib, Azərbaycana dönür.

Əli Heydər Bayat bu böyük mütəfəkkirin öz doğulduğu yurda dönməsini belə dəyərləndirir: "Hüseynzadə Əli bəyin ayrılmasıyla tibbiyə kiymetli bir elamanını kayb etdi, fəqət, Azərbaycan türkçülüyün oyanmasında baş rolu oynayacaq bir övladını kazanmış oldu”.

Azərbaycana dönüş

1903-cü ildə Azərbaycana döndü. Qısa tərcümeyi-halında Əli bəy dönüşü ərəfəsində Rusiyadakı vəziyyətə də toxunur, müsəlman-türk xalqlarının hürriyyət istək və mücadiləsinii bu cür təsvir

edir: "O sıralarda Aksayi-Şərq” politikası üzərindən Rusiya ilə Yaponpiyanın arası açılmaqdaydı, çox keçmədən (1904) baş verən müharibə Rusiyanın məğlubiyyəti ilə nəticələndi. Bunun üzərinə, istibdaddan bezar olan xalq ayağa qalxıb məşrutiyyət tələb edirdi”.

Bir il sürən Rus-Yapon müharibəsi 1905-ci ildə Rusiyanın məğlubiyyəti ilə nəticələndi. Çar hökumətinin sərhədləri daxilində vəziyyət gərginləşdi. Rusiya Qərb və Şərq arasında çıxılmaz duruma düşdü. Uğradığı bu ağır məğlubiyyətdən sonra Rusiya əsarətində olan xalqlara bəzi azadlıqlar verməyə məcbur qaldığından, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əlimərdan Topçubaşov təkcə azərbaycanlıların deyil, bütün Rusiya müsəlmanlarının arzu və istəklərini siyasi tələblər halına saldılar. 1905-ci ilin 15 avqustunda Nijni Novqoroda I Rusiya Müsəlmanları Konqresi toplandı. Konqresdə azərbaycanlıları təmsil edənlərdən biri də Əli bəy Hüseynzadə idi. Milli oyanış və özünüdərk dövrünə toxunan Ə.Hüseynzadə xatiratında yazır: "...Məşrutiyyət tələbində bulunmaq üzrə, Azərbaycan türkləri ( və sair Qafqaz müsəlmanları da) Peterburqa bir heyət göndərməyə qərar verdi. 11 nəfərdən ibarət olan bu heyəti-müharrasada Ağaoğlu Əhməd, Adil xan Ziyadxan, mərhum Əlimərdan bəy Topçubaşi, mərhum Fərrux bəy Vəzirov və sair ilə birlikdə mən də vardım”.

Nümayəndə heyətinin əsas tələbi Rusiya müsəlmanlarının ağır iqtisadi-siyasi vəziyyətinə diqqət yönəltmək, Rusiya Dumasında türklərin də millət vəkili seçimini təmin etmək, ana dilində məktəblərin təsisi, türkdilli mətbuatın nəşrinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması kimi hüquq və azadlıqların təmini idi. Nümayəndə heyəti öncə Peterburqda general Trepovla görüşdü. Rus şovinizminin beynini zəhərlədiyi bu general azərbaycanlı nümayəndələrə manne olmağa çalışsa da, bacarmadı, çətinliklə də olsa azərbaycanlı liderlər öz tələbələrinin bir qismini korrektə edərək baş nazir Vitteyə çatdıra bildilər. Azərbaycan türklərinin Dumaya nümayəndə seçilməsi tələbi də danışıqlar nəticəsində həll olundu.

***

Xristian təəssübkeşliyindən doğan, həmişə Rusiyanın himayəsinə sığınan ermənilər Osmanlı Türkiyəsinə qarşı istifadə etdikləri qanlı olayları Qafqaza, məxsusi olaraq Azərbaycan türklərinin yaşadıqları bölgələrə köçürdülər.

1905-ci ilin fevralında Bakıda, sonra isə Qafqazın azərbaycanlılar yaşayan bölgələrində, Qarabağda, Zəngəzurda, Naxçıvanda, İrəvanda erməni silahlılarının törətdikləri qətliamlar başladı. Bu qanlı olaylar Bakıda Daşnaksütyun Partiyasının və Erməni Milli Şurasının Mərkəzi Qarargahında hazırlanır, "Böyük Ermənistan” xülyasına düçar olan silahlılar tərəfindən həyata keçirilirdi. Bölgə qan çanağına döndü. Vəziyyət olduqca gərgin və ağır idi. Dünyanın müxtəlif ölkələrinə səpələnən, bir-biri ilə rabitələrini möhkəm saxlayan ermənilər təkcə silahla iş görmürdülər, iftiraya, şayiələrə əsaslanan təbliğat aparırdılar. Qafqaz müsəlmanları, türkləri "vəhşi”, "qaniçən” obrazda təsvir edərək baş verən qanlı hadisələrin savadsız, mədəniyyətdən uzaq, müsəlmanların əməli kimi Rusiya və dünya mətbuatına təqdim edirdilər.

Mətbuat tariximizin azman ustadı professor Şirməmməd Hüseynovun yazdığı kimi, Azərbaycanın sayca az, maddi imkanca məhdud bir ziyalı qrupu bu iftiraçı kampaniyaya lazımınca cavab vermək qarşısında qaldı. Həsən bəy Zərdabi başda olmaqla, bu kiçik ziyalı qrupunda Əli bəy Hüseynzadənin də öz yeri vardı.

Azərbaycan ziyalılarının əlində yalnız bir qəzet, müsəlman "Kaspi”si adlanan, rusca nəşr olunan "Kaspi” qəzeti vardı ki, bununla iş bitmirdi. Vəziyyətin ağırlığını görən mesanat Hacı Zeynalabdin Tağıyevin evində Azərbaycan aydınları bir araya gəldi. Müzakirələrdə nəzərə alındı ki, erməni təbliğatının qarşısını almaq, xalqı ideoloji təhlükələrdən xilas etmək, kənardan ixrac olunan sünni-şiyə qarşıdurması kimi əcayib bir məzhəbçiliyi aradan qaldırmaq üçün milli şüurun formalaşmasına təkan verən yeni bir mətbu orqan yaradılsın. Qəzetin naşirliyi hüququnu Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürdü. 1905-ci ilin aprelin 16-da Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu Peterburq Baş Mətbuat İdarəsinə müraciət edərək "Həyat” adlı qəzetin nəşrinə icazə istədilər. Müraciətdə qəzetin sahibi H.Z.Tağıyev, naşiri kimi Ə.Ağaoğlu və Əli bəy Hüseynzadə göstərildi. Ə.Hüseynzadə-Ə.Ağaoğlu kimi Avropa təhsili görən, dünyanın gedişatını

gözəl bilən, ermənilərin tifatını dağıda biləcək şəxsiyyətlərin bir arada olması qəzet nəşrinə icazə almağa mane oldu. Daha doğrusu, bu birlikdən qorxub, hay-küy salmağa çalışdılar. Ermənilərin xəfiyyə sistemi, şayiə makinası işə salındı. Hətta Tiflisdə fəaliyyətinə xitam verən "Şərqi-rus”u dirçəldib, Azərbaycan türklərinin bir qəzeti var, yenisinə ehtiyac yoxdur deyib, başqa planlar üzərində düşündülər.

Bu çətin vəziyyətdə millət hamisi Hacı Zeynalabdin Tağıyev məsələyə qarışdı. Qafqaz canişinin Vorotsov-Daşkova hədiyyələr göndərdi, onun könlünü aldı və beləliklə "Həyat”ın nəşrinə icazə verildi.

Əli bəy Hüseynzadənin "Həyat”ı

"Həyat” həyata necə gəldi?” Bu sualı verən və özü də cavablayan professor Şirməmməd Hüseynov "Mətbu irsimizdən səhifələr” kitabında yazır: "Tarixin çox əsrarəngiz təzadları var. Dünyanın ən böyük müstəmləkçi mütləqiyyət dövlətlərindən - imperiyalarından olan Rusiya XX əsrə çox ciddi böhranla daxil oldu. Böhranlardan çıxmaq yolunu qəsbkarlıq müharibələrində görən Rusiya bu dəfə uzaq Şərqdə meydan oxumaq xəyalına düşdü. M.Ə.Rəsulzadənin o dövrdə yazdığı kimi I Pyotrun Avropaya pəncərə açmaq meylini gücləndirdi. Lakin Yaponiya Rusiyanın qabağını kəsdi, onu dəhşətli şəkildə məğlubiyyətə uğratdı. Ə.Hüseynzadə "Həyat”da bu münasibətlə yazırdı: "İşdə illərdən bəri uyumuş, uyutmuş, bir nöqtədə donub qalmış olan Rusiya, ümumrusiya bu il oyandı, bu il başını qaldırdı, ayağa qalxdı... İşdə "Həyat”da bir hüsnü təsadüf (xoş təsadüf) olaraq böylə zamanda ortaya çıxdı, fəryada başladı. Fəryada başladı ki, müsəlman camaatı da ümumxalqın oyandığı bir zamanda oyansın, ayılsın. Yoxsa yatanlar oyananların ayağı altında qalıb əziləcəkləri gerçəkdir”.

(Davamı gələn sayımızda)