Seyran Səxavət: “Mən intihar etmək istəyən adamı damdan düşürərəm...”

İradə Cavadova: “100 adam yerdə dayanıb ona baxır. Bəlkə insanlar ora toplaşmasa, ona diqqət yetirməsələr, o adam dayanıb-dayanıb, aşağı düşəcək, intihardan da vaz keçəcək”


İntihar edənləri qınayanlar da var, bəraət qazandıranlar da. Bəziləri "neyləsin, bezib də həyatdan” deyib intihara əl atana "qahmar” çıxır. Bəzisi də, "intihar etmək günahdı, gərək dözəsən” deyir. Yəni, intihara münasibət fərqlidir, həmişə də belə olub. Bu günlər "Youtub”da sovet vaxtı məşhur olan "Mozalan” satirik kinojurnalının "İntihar” adlı qısametrajlı filmi yerləşdirilib. Demə, sovet vaxtı da intihara əl atanlar olurmuş. Amma hökumət qarşısını alırmış. Filmdə bir kişi pəncərəyə çıxıb özünü atmağa hazırlaşır. "Belə yaşamaq istəmirəm, nifrət edirəm bu həyata” deyir. Aşağıda toplaşan əhalinin arasında ona qahmar çıxanlar da var, bu işdən çəkindirmək istəyənlər də. Bazardakı bahalıqdan şikayətlənirlər, hərə bir tərəfdən gileylənir: "kolbasanın kilosu 20 manatdı”, "ət, qənd, çay, uşaqların pal-paltarı, bunların hamısına pul lazımdı”, vəziyyət getdikcə gərginləşir. Hadisə yerinə yanğınsöndürən maşın gəlir. Yanğınsöndürən əməkdaş uzun pilləkəni divara dayayıb kişinin yanına qalxır.

Və iki nəfər arasında mübahisə başlayır. Yanğınsöndürənin "heç bilirsən, sən öləndən sonra nə olacaq? Arvad-uşağın hansı vəziyyətə düşəcək? Məsciddə yuyulmaq, kəfən pulu, sitir-kafir...” sözlərindən sonra bu dəfə yerdəkilərin də fikri dəyişir. Aşağıda dayananlardan "alə, bir qəbir yeri 6-7 min manatdı ee... (yəqin rus puluyla deyir), hələ bunun yan-yörəsi, üstünün yazısı; "ay ata,

bizi qoyub hara getdin”,15 minlə qurtara bilməyəcəklər, düş aşağı, aləə!” təpkisi gəlir. Yanğınsöndürən də dayanmır: "Hələ yas xərci, çadır, qab-qacaq, 3, 7, cümə axşamları...” Kişi doğrudan-doğruya fikrə gedir, ölümün daha çətin olacağını başa düşüb yanıqlı-yanıqlı "hələ 40-ı demədin, yadından çıxdı” söyləyib, pillələrlə aşağı enməyə başlayır; "qoymadılar kişi kimi ölüm”, ağlamsınır da: "Gün görməyən canım vay, adam kimi ölə bilməyən canım vay... "

Təbii ki, "Mozalan” acı həqiqəti gülüşə büküb tamaşaçıya göstərib. Amma günümüzlə tam səsləşən süjetdir. O qədər belə intihar hadisələri olur ki. Bəlkə də o insanlarla belə söhbət aparanlar olsa, intihardan vaz keçərlər. Uzağa getməyək. İki gün əvvəl Abşeron rayonunda analoji hal yaşanıb. 12 mərtəbəli binanın damına çıxan 23 yaşlı gənclə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri söhbət aparandan sonra intiharın qarşısı alınıb. Məsələ burasındadır ki, FHN xilasedicilərinin xəbərsiz olduğu intiharlar da baş verir. Kimsə mənzildə intihara əl atırsa, bundan xilasedicilər təbii ki, xəbər tuta bilməz. Amma intiharların qarşısını almağın, insanları bu səhv addımdan çəkindirməyin başqa yolları, üsulları da olmalıdır.

Mövzu ilə bağlı ictimaiyyətdə tanınan şəxslərin fikirlərini öyrəndik. Dedik, bəlkə onların sözü kimlərisə həyatdan uzaqlaşmağa yox, əksinə, həyata daha sıx bağlanmağa kömək edər.

Yazıçı-dramaturq Seyran Səxavət bədii yaradıcılıqla, real həyat arasında böyük fərq olduğunu dedi:

- Kinoda, kimisə intihardan uzaqlaşdırmaq mümkündü. Ssenarist, ssenarini istədiyi kimi yaza bilər. Romanda, povestdə də bu, mümkündü. Mənim bir hekayəm var, "Hamı elə bilirdi ki...” İranda işlədiyim illərdə yazmışam. Qısa danışacam, müharibə vaxtıdı, Bəhram kişi görür ki, yerə 5-6 sünbül düşüb. Hirslənib deyir ki, bu dəqiqə zəmini yandıracam. Bütün kənd yığılır başına, yalvar-yaxır edirlər, sakitləşmir. Axırda bir nəfər çıxır irəli, kibriti uzadır ki, al, yandır!.. O da hönkürə-hönkürə minir atına, çıxıb gedir... Yəni, yazıçı, dramaturq hadisəni istədiyi kimi yaza bilər. Öldürər də, dirildər də. Amma həyat fərqlidir. İnsan necə bir vəziyyətə çatmalıdır ki, intihara əl atsın. İstənilən intiharın kökündə məcburiyyət dayanır. Psixi pozğunluq, ağıldankəmlik xaric. Kim bu dünyadan könüllü köçmək istəyər?! Bu ağacları, bağ-bağçaları, dostlarını, ailəsini, sevgilisini, qoyub kim xoşluqla dünyadan gedər?! Deməli, buna bir səbəb, özü də köklü səbəb lazımdır. İntiharları azaltmağın yeganə çıxış yolu budur ki, camaat yaxşı yaşasın. Kişi evə gələndə, arvadından qaçıb gizlənməsin ki, qarnım ağrıyır, yatıram. İntihara bəraət yoxdur. Eləcə də intiharlara şərait yaradan cəmiyyətə də bəraət yoxdur. Gənc qızın, oğlanın intiharı isə başqadır. Burada artıq konkret məsuliyyət daşımalı tərəflər var. Bunun da ən əsas məsuliyyəti gəncləri savadsız böyüdənlərin üzərindədir. Gənc qızın, oğlanın savadı, biliyi olsa, özünü dərk edər, cəmiyyətdə özünün yerini müəyyənləşdirər. Təbliğat-təşviqatla intiharların qarşısını almaq mümkün deyil. Bunun üçün sosial şəraiti düzəltmək lazımdır və bir də gənclərə savad öyrətmək lazımdı. İntihar etmək istəyən adama kənardan 1 "paçka” pul göstərsən, tez düşər aşağı. Məsələn, mən intihar etmək istəyən adamı damdan düşürərəm, amma bunun sonrası da var axı. Məni tapıb soruşacaq ki, bəs deyirdin, hər şey yaxşı olacaq, uşağın ayaqqabısı olacaq, yeməyi olacaq, nə oldu?! Onda mən ona nə cavab verərəm?! Yaşamaq gözəldi, ölməyə hamının vaxtı çatacaq.

Hüquqşünas İradə Cavadova isə intihara cəhd edənlərlə söhbət aparılmasını vacib sayır:

- İntihara əl atan insan yüksək psixoloji gərginlik şəraitində olur. Hər kəsin buna cəsarəti çatmaz. Çarəsizlikdən intihara əl atanlar da var, əsaslı səbəb olmadan, boş-boşuna intihar edənlər də. Düzdür, intihar edənə elə gəlir ki, onun üçün bu səbəb yetərlidir, amma araşdıranda görürsən ki, bu, heç də əsaslı səbəb deyilmiş, ümumiyyətlə, buna görə insan özünü öldürməz. Məsələn, həyat yoldaşı, yaxud hansısa kişi tərəfindən haqsızlığa məruz qalan, döyülən, təhqir olunan, aldadılan qadın məhkəməyə müraciət etmək əvəzinə, özünə qəsd edir. Halbuki qadın məhkəməyə müraciət edib haqqının qorunmasını və cəzalanmanı tələb etməlidir. Amma bizim qadınlar əksər hallarda cəmiyyətdən çəkinir, cəmiyyətin onları düzgün başa düşməyəcəyindən ehtiyat edib, özlərinə qəsd yolunu seçirlər. Qadınlar bəzən bunda haqlıdır da. Çünki dəfələrlə biz şahidi olmuşuq ki, qadın qınaq obyekti olub, hüquqları qorunmayıb. Dövlət də intihar hadisələrinə diqqət yetirməlidir. Çünki bəzən insanlar həqiqətən də çıxılmaz vəziyyətdə qalırlar. Bizə müraciət edən olub ki, özümü öldürəcəyəm. Onu başa salmışıq ki, övladların sənin haqqında nə düşünər, ömrü

boyu gözü kölgəli qalacaqlar ki, atamız intihar etdi. Onların xətrinə bundan əl çək. Bəzən də müraciət edirlər ki, hansısa məmura xəsarət yetirmək həddinə çatmışam. Yenə də çalışırıq, başa salaq ki, bu, cinayətdir, cinayət məsuliyyətinə cəlb ediləcəksən, ömrün həbsxanada keçəcək, bəs uşaqların, həyat yoldaşın necə olacaq. Bilirsiz, intihar məsələsində təkcə insanları bundan çəkindirməklə iş bitmir. Dövlət idarələri, məmurlar, sahibkarlar insanlarla anlayışlı davranmalıdır, problemlərinin həllinə çalışmalıdırlar. Bir çözüm ortaya qoymalıdırlar. Məsələn, bu günlərdə bizə bir gənc zəng edib, deyir ki, ata-anası lal-kardır, kiçik qardaşının təhsil haqqını ödəyə bilmirlər. Məncə, belə insanlar üçün xüsusi Dövlət Fondu olmalıdır. Əlil, iş qabiliyyəti olmayan insanlara dövlət yardım etməlidir. Biz konkret bu ailə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişik. Hələ də cavab yoxdur. Müraciətimizə baxılmayıb. Eləcə də əhalinin şikayətlərinə baxılmır. Məmurların əhaliyə yanaşması diskriminativ olmamalıdır. Əhali arasında maarifləndirici tədbirlər keçirilməlidir, "Qaynar xətt”lər açılmalıdır ki, insanlar problemlərini deyə bilsinlər, kömək istəsinlər. İnsanın çətin vəziyyətə düşəndə üz tuta biləcəyi bir ünvan olmalıdır.

İ.Cavadova intiharların qarşısının alınmasında xilasedicilərin üzərinə böyük məsuliyyət düşdüyünü də dedi:

- FHN xilasedicilərinə psixologiya üzrə də təlimlər keçilir. Yaxşı xilasedici, həm də yaxşı psixoloq olmalıdır, insanları ağır psixi durumdan çıxarmağı bacarmalıdırlar. İnsanların xilas edilməsində xilasedicilərin peşəkarlığının böyük əhəmiyyəti var. Amma bəllidir ki, çox zaman insanlar intihara qapalı şəraitdə əl atır. Burada artıq intihara aparan yol, insanı buna vadar edən səbəblər araşdırılmalıdır. Cəmiyyətin reaksiyası da vacibdir. Deyirsiniz ki, "Mozalan” kinojurnalında intihar etmək istəyən kişiyə yerdəkilər bir tərəfdən qahmar çıxır, bəziləri də onu çəkindirmək istəyir. Çox zaman şahidi oluruq ki, hansısa bir fövqəladə hadisə baş verəndə ora xeyli insan toplaşıb. Biri çıxır binanın damına ki, özümü atacam, 100 adam yerdə dayanıb ona baxır. Belə vəziyyət intihar etmək istəyəni sakitləşdirmir, əksinə, durumu daha da gərginləşdirir. Bəlkə insanlar ora toplaşmasa, ona diqqət yetirməsələr, o adam dayanıb-dayanıb, aşağı düşəcək, intihardan da vaz keçəcək. Amma insanların ora toplaşması adamın əsəblərini daha da gərginləşdirir. Aşkar şəkildə intihara cəhd edənin niyyəti probleminə diqqət cəlb etməkdir. Əgər ona başa salınsa ki, sənin problemin artıq bizə bəlli oldu, onu aradan qaldırmağa çalışacağıq, o insan intihardan əl çəkər. Belə hallarda insanla danışıq aparıb onu başa salmaq lazımdır.

Məlahət Rzayeva