5-6 ay belə davam etsə...

...20-yə qədər bank sarsıdıcı zərbə alacaq


Mərkəzi Bank kreditlərlə bağlı bir sıra məhdudiyyətlər qoyub. MB-nin yeni göstərişi ilə banklar arayışsız istehlak krediti verə bilməyəcək. Ekspert rəylərinə əsasən Mərkəzi Bankın kreditlərlə bağlı qəbul etdiyi qadağa əmlak bazarından da yan keçməyib. Bakıda mənzillərin kreditlə satışına müəyyən məhdudiyyətlər tətbiq edilməyə başlanıb. Mərkəzi Bankın müvafiq göstərişinə əsasən, kreditlə mənzil almaq istəyən şəxslər bundan sonra təkcə yaşayış yerindən arayış deyil, iş yerindən də arayış təqdim etməlidirlər.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev isə hesab edir ki, Mərkəzi Bank mənzil satışı ilə bağlı kreditlərin verilməsinə heç bir məhdudiyyət qoymayıb: "İlk növbədə nəzərinizə çatdırım ki, kredit məhdudiyyətləri ilə bağlı yayılan məlumatların özündə çox böyük qeyri-dəqiqlik var. Burada söhbət mənzillərin kreditlə satışına qoyulan məhdudiyyətlərdən getmir. Mənzillərə verilən kreditlər ipoteka adlanır və bu kreditlər həm dövlət, həm də banklar tərəfindən verilir. Bir də var ki, mənzil tikintisi üçün verilən kreditlər. Bu cür kreditlər bina inşa edən sahibkarlar tərəfindən götürülür. Mərkəzi Bankın müvafiq qərarı müxtəlif cür səsləndirildi. Hətta Mərkəzi bank tikinti şirkətlərinə kredit verməməyi tapşırıb kimi yazılar da getdi. Əvvəla, MB-nin tikinti şirkətlərinə kredit qadağası qoymaq kimi bir səlahiyyəti yoxdur. Mərkəzi Bank ancaq banklara göstəriş və ya tövsiyələr verə bilər. İkincisi də ki, tikinti şirkətlərinin kredit verməyə ixtiyarı yoxdur. Vətəndaşlar krediti ancaq banklar və bank olmayan kretid təşkilatlarından əldə edə bilər. Sözün açığı, məlumat qeyri-dəqiq olduğuna görə, şərh vermək də çətindir. Sadəcə yayılan xəbərlər fonunda onu deyə bilərəm ki, Mərkəzi Bank kredit şərtlərini ağırlaşdırıb”. İqtisadçının sözlərinə görə, Mərkəzi Bank təminatsız kreditlərin verilməsini qadağan edib: "Təminatsız kredit o deməkdir ki, krediti alarkən arxasında heç bir girov dayanmır. Əgər ipoteka ilə ev alsanız, arayış təqdim edərək aylıq gəlirlərinizi təsdiqlətdirməlisiz. Əgər gəlirlərinizi təsdiq edə bilmirsinizsə, ipotekadan əlinizi üzməlisiz. Bu şərtlər həmişə keçərli olub. Sadəcə, Mərkəzi Bankın tələbləri sərtləşdiyindən banklar da qaydalara uyğun bir çox kreditlərdə sərtləşdirmə əməliyyatı aparıblar. Mərkəzi Bankın kredit verilməsi ilə bağlı məhdudiyyəti bir də avtomobil satışı ilə bağlıdır. Yəni, avtomobillərin kreditlə satışına da müəyyən məhdudiyyətlər qoyulur. Bu qərar göstərir ki, ümumiyyətlə, istehlak kreditlərinin, xüsusən də avtokreditlərin vaxtında qaytarılması ilə bağlı problemlər getdikcə kəskinləşir. Əvvəlcə avtomobil satışı zamanı ilkin ödəniş 15-20 faiz idi. Bəzi banklar isə ümumiyyətlə ilkin ödəniş tələb etmirdi. Yeni qaydalara əsasən isə təzə maşınlar üçün ilkin ödəniş 40-50 faiz tələb olunur. Bir ildən çox sürülmüş avtomobillər üçün isə şərtlər daha da ağırlaşdırılıb. Belə ki, avtomobil almaq istəyənlər ümumi məbləğin 70-80 faizini əvvəlcədən ödəməli və qalan hissəni isə illik 17-27 faiz dərəcəsi ilə ödəməlidi. Bundan başqa, müştərilərə kredit verilərkən onların yalnız banklara olan borcu deyil, digər öhdəlikləri də nəzərə alınır. Mərkəzi Bankın kreditlərlə bağlı məhdudiyyətləri bu iki sahəyə aiddir. Mənzillərin kreditlə satışı ilə bağlı yayılan məlumatlarda qeyri-dəqiqliklər olduğu üçün konkret bir söz deyə bilməyəcəm”.

İqtisadçı sonda bir daha izah edib ki, ipoteka və ev tikintisi ilə bağlı olan kreditlər tamam fərqlidir: "Ev tikintisi ilə bağlı kreditləri şirkətlər götürür və ev tikir. Bu, inşaat və əmlak kreditləri hesab olunur. Sonda tikilən evlərin kreditlə verilməsi isə ipoteka krediti adlanır. İnanmıram buvaxtadək hansısa şirkət ipoteka kreditini iş yerindən arayışsız verib. Çünki burada söhbət 1000-2000 manatdan yox, 50-100 min manatdan gedir. Yəni alıcının aylıq gəlirləri, aylıq xərcləri göz önünə qoyularaq ipoteka krediti verilir. Qeyrisi mümkün deyil”.

Mərkəzi Bankın kredit məhdudiyyətlərinin nədən qaynaqlandığına gəldikdə isə ekspertin fikrincə, səbəbindən asılı olmayaraq bu qadağanın uzun müddət davam etməsi ölkənin bank sisteminə mənfi təsir göstərə bilər: "Avtokreditlərə tətbiq edilən qadağanın ən azı 5-6 ay davam etməsi ölkənin 20-yə qədər bankına sarsıdıcı zərbə vura bilər. Həmin bankların əksəriyyətinin müflisləşmə ehtimalı yüksəkdir. Bankların kredit portfelində istehlak kreditlərinin payı 40 faizə çatıb. Avtokreditlər portfeldə əhəmiyyətli paya malikdir. Heç kimə sirr deyil ki, bir sıra bankların kredit portfelində avtomobil kreditlərinin payı daha yüksəkdir. Müflisləşmə ilk

növbədə, həmin bankları haqlayacaq. Kredit portfelini düzgün diversifikasiya etmiş banklar isə bu situasiyadan nisbətən az zərərlə çıxacaqlar”.

Şəymən