Hüquq müdafiəçiləri Bahar Muradovanı dəstəklədilər

Təcridxanalarda qadın əməkdaşlara böyük ehtiyac var


Vitse-spiker Bahar Muradova parlamentdə qadınların polis idarələrinin təcridxanalarına cəlb olunması məsələsini qaldırıb. Təcridxanalarda qadın əməkdaşlarına ehtiyac olduğunu söyləyən millət vəkili bununla bağlı qanun qəbul edilməsini də təklif edib: "Bəzi saxlanma yerlərində qadınlara ehtiyac olur. Bura qadın əməkdaşlar cəlb edilsə, həm bu sistemdə gender bərabərliyi gözləniləcək, eyni zamanda bir sıra problemlər aradan qaldırılacaq.

"Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın sözlərinə görə, qadınları təcridxanalara cəlb etmək əvəzinə qadın polisi ideyasını gerçəkləşdirmək daha ağlabatandır: "Ola bilsin ki, polis idarələrinin təcridxanalarına qadın əməkdaşların cəlb olunması orada ab-havanı dəyişsin. Qadınların təcridxanalarda kişilərlə birlikdə işləməsi müəyyən mənada qəddarlıqların, işgəncələrin qarşısını ala bilər. Amma bu elə də vacib məsələ deyil. Əsas məsələ güc strukturlarına qadınların cəlb olunmasıdır. Arzu edərdim ki, Bahar xanım daxili işlər orqanlarında qadın polislərin sayının artırılması ilə bağlı məsələni gündəmə gətirsin və onun reallaşdırılmasına nəzarət etsin”.

Hüquq müdafiəçisi Səidə Qocamanlı isə Bahar Muradovanın təklifini yüksək dəyərləndirib və bu təklifin yerində səsləndirildiyini vurğulayıb: "Doğrudan da, polis idarələrinin təcridxanalarında qadın əməkdaşlara çox böyük ehtiyac var. Hesab edirəm ki, bu təklif təxirə salınmadan dəyərləndirilməli və qəbul edilməlidir. Bahar xanım haqlı olaraq vurğulayıb ki, polis idarələrinin təcridxanalarına qadın əməkdaşlar cəlb edilsə, həm bu sistemdə gender balansı qorunar, həm də mövcud problemlərin sayı azalar. Düzdür, təcridxanalarda qadın əməkdaşlar var. Amma onların sayı kifayət qədər deyil. Olanlar isə ancaq oturaq işləyirlər. Odur ki, güc strukturlarında qadınlara daha aktiv vəzifələr təklif olunmalıdır. Onlar insanların arasında olmalı və onların problemləri ilə maraqlanmalıdır. Təklifin birmənalı tərəfdarıyam və çox istərdim ki, Milli Məclisdə əyləşən kişi deputatlarımız əksər vaxtlar qadınlara qarşı qısqanclıqla yanaşmalarına rəğmən, bu dəfə təcridxanalara qadın əməkdaşlarının cəlb olunması ilə bağlı qanuna əl qaldırsınlar”.

Millət vəkili Çingiz Qənizadə isə müvəqqəti saxlanma təcridxanalarının sırf qadınlarla bağlı olan bölməsində kifayət qədər qadın əməkdaşlarının çalışdığını deyib: "Əgər bu cür təcridxanalarda qadınlar yoxdursa, ya da onların sayı azdırsa, bu yolverilməzdir və Bahar xanımın təklifini dəstəkləyirəm. Ancaq bir şeyi də qeyd edim ki, təcridxana dedikdə, istintaq təcridxanası nəzərdə tutulur ki, orada qadın mühafizəçilər və qadın yoxlayıcılar kifayət qədərdir. Təbii ki, təcridxanalarda olan qadınlara nəzarət funksiyasını kişilər yerinə yetirən idarələrdə qadın işçilərin sayının artırılması zəruridir”.

Şəymən