Hardasan övlad?

Valideynlərini tənha qoyanlar cinayət məsuliyyətinə cəlb olunacaq


Bizi böyüdüb tərbiyə edən, yolumuzda hər cür əzaba qatlaşan valideynlərimizə borcumuzu ömür boyu çalışsaq da, qaytara bilmərik. Valideynlərin rahatlığı üçün çalışmaq, bu yolda müəyyən çətinliklərə qatlaşmaq insanda xoş əhval-ruhiyyə doğurur, belə demək olarsa, adama könül rahatlığı bəxş edir.

Bir də, ata-ananın xeyir-duasını qazanmaq, onları məmnun görməkdən gözəl nə ola bilər? Təəssüf ki, bunu başa düşməyənlər, yaxud başa düşüb əksini edənlər də var. Söhbət müxtəlif bəhanələrlə valideynlərindən imtina edənlərdən, onları baxımsız vəziyyətdə qoyanlardan, ələlxüsus da qocalar evinə yerləşdirənlərdən gedir. Millət vəkili Bahar Muradova da Parlamentdə məhz bu cür nankor övladların məsuliyyətə cəlb olunması məsələsini qaldırıb. Xanım millət vəkilinin sözlərinə görə, qoca valideynlərini ataraq tərk etmiş övladların cəzalandırılması ilə bağlı qanun qəbul edilməlidir: "Ahıl şəxslərin, tərk edilmiş yaşlıların hüquqlarının qorunması üçün, ən azı onları bu vəziyyətə çatdırmış övladların cəzalandırılması, qınanması, düzgün yola gətirilməsi üçün belə övladların hüquqi və maddi məsuliyyətlərini müəyyən edən qanun qəbul etməliyik”.

Hüquq müdafiəçisi İradə Cavadova isə valideynlərini tərk edən uşaqlarla bağlı yeni bir qanunun qəbuluna ehtiyac görmədiyini deyib. Onun sözlərinə görə, mövcud qanunvericiliyə müəyyən dəyişikliklərlə bu məsələni tənzimləmək olar: "Ailə Məcəlləsində valideyn və uşaqların hüquq və vəzifələri öz əksini tapıb. Mövcud qanunvericiliyə görə, övladları tərəfindən tərk edilən və mülkündən məhrum edilən valideynlərin "Qocalar evi”nə yerləşdirilməsi cinayətdir. Faktiki olaraq, uşaq dələduzluq yolu ilə öz valideynini mülkiyyət hüququndan məhrum edir”. Azərbaycanda qanun pozuntularının geniş vüsət aldığını deyən hüquq müdafiəçisinin sözlərinə görə, hər qanunsuzluğa görə, ayrıca bir qanun qəbul etmək çıxış yolu deyil: "Zənnimcə, Ailə Məcəlləsi və əsas qanunvericilik bazasının mükəmməl olması və onlara düzəlişlər edilməsi bütün bu öhdəliklərin təmin edilməsinə imkan yaradır. Kimi valideynlərini atır, kimi onlara fiziki işgəncələr verir. Onların hərəsi ilə bağlı ayrıca qanun qəbul edəsi deyilik ki? Düşünürəm ki, bütün bu ehtiyaclar qanunların işləməməsindən irəli gəlir. Əgər qanunvericiliyimiz möhkəm olsa, əlavə ehtiyaclar da yaranmaz. Məcəllələrdəki ziq-zaqlar aradan qaldırılmalı və milli qanunvericiliyimiz beynəlxalq konvensiyalara uyğunlaşdırılmalıdır”.

Şəymən