Son zamanlarda paytaxt Bakının gözəlləşdirilməsi, müasir infrastruktur yaradılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Yeni yol qovşaqlarının, körpülərin, yeraltı və yerüstü keçidlərin inşası Bakıda tıxac probleminin aradan qaldırılmasına və əhalinin rahatlığının təmin edilməsinə yönəldilib. Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi sosialyönümlü tədbirlərlə yanaşı, ölkəmizin malik olduğu iqtisadi qüdrətin də göstəricisidir.
Ölkədə həyata keçirilən nəhəng infrastruktur layihələri bir reallığı da ortaya qoyur ki, son illər ərzində qazanılan nailiyyətlər Azərbaycanın potensialını tam üzə çıxarmaqla yanaşı, ölkəmizin gələcəyinə hesablanan addımların düzgün istiqamətdə atıldığını təsdiqləyir. Bakının "Sovetski” məhəlləsində həyata keçirilməsi nəzərdə tutulan işləri də bu kontekstdə dəyərləndirmək lazımdır. Bəzi qüvvələrin bu məsələdən istifadə edərək süni narazılıq və ajiotaj yaratmaq səyi əbəsdir. Çünki dövlətin məqsədi həmin ərazidə gözəl və müasir istirahət mərkəzləri, yol qovşaqları yaratmaqdır. Heç bir vətəndaşın evindən məcburi şəkildə çıxarılmasından söhbət gedə bilməz. Dövlət vətəndaşlara bazara uyğun qiymət təklif edir və deyir ki, həmin qiymətlə razılaşmayan insanlar köçürülməyəcək və evlərində qalmağa davam edəcəklər. Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da açıqlamasında bildirib ki, "Sovetski”nin sökülməsi yalnız şəhərin gözəlləşdirilməsinə xidmət edən addımlardan biridir. Millət vəkili qeyd edib ki, "Sovetski” biznes, ticarət və yaxud orada ev tikilib satılması məqsədilə sökülmür: "O ərazidə yolların salınması, yeraltı avtomobil dayanacaqlarının tikilməsi, vətəndaşların asudə vaxtlarını səmərəli keçirməsi və uşaqların gəzməsi üçün parkların salınması nəzərdə tutulur. Yəni burada söküntü işləri gəlir məqsədi daşımır. Əksinə, vətəndaşların vaxtını yaxşı keçirməsi, dincəlməsi, şəhərin genişləndirilməsi, gözəlləşdirilməsi məqsədi daşıyır”. S.Novruzov bildirib ki, həmin ərazidə küçələrdə hərəkət etmək mümkün deyil, daim tıxaclar olur: "Şəhərin mərkəzi hissəsində belə problem yaranırsa, bu, şəhərin qalan yerlərinə də təsir göstərir. Bu, yalnız şəhərin gözəlləşdirilməsinə xidmət edən addımlardan biridir”. Deputat əlavə edib ki, bu ərazinin sökülməsi ilə bağlı hələlik araşdırmalar, inventarlaşdırma gedir: "Hələ burada konkret sökülmə ilə bağlı fəaliyyətə başlanmayıb, hələlik qiymətləndirmə aparılır. Qiymətləndirmə onunla əlaqədər aparılır ki, həmin ərazidə tikilən yeni binalarda qiymətlər müəyyənləşdirilir və buna uyğun olaraq qiymət müəyyən edilir”.
Millət vəkili Rüfət Quliyev "Sovetski”nin sökülməsi ilə bağlı situasiyanı belə şərh edib: "Dövlət şəhəri gözəlləşdirmək, Bakının dünyada ən gözəl şəhər olması üçün səylər göstərir. Çoxmərtəbəli binadan "Sovetski”yə baxanda oranın necə yer olduğunu görmək mümkündür. Aydındır ki, onlar onillər boyu burada yaşayıblar, yenə də birlikdə yaşamaq, qonşu olmaq istəyirlər. Lakin zamanın hökmü həmin ərazinin gözəlləşdirilməsini, qaydaya salınmasını tələb edir. Orada ölkə üçün əhəmiyyətli layihələr həyata keçiriləcək. Ona görə, hesab edirəm ki, "Sovetski”nin sökülməsi inkişaf etmiş ölkələrdə normal qarşılanan hadisələrdən biri kimi qəbul olunmalıdır”. Millət vəkili deyib ki, həmin ərazidə özəl mülklər yox, bütün şəhər üçün vacib obyektlər tikiləcək: "Şəhərin həmin hissəsi faktiki olaraq keçilməzdir. Küçələrin çox dar olması səbəbindən oradan maşınla keçmək mümkün deyil. Bəs birdən yanğın olarsa? Adamlara deyirlər, kim köçmək istəyirsə, köçəcək, istəməyən də köçməyəcək. Həmin adamlar üçün bir yerdə onlarla çoxmərtəbəli yaşayış binaları tikərək orada mənzillər təklif etmək olardı. Amma dövlətimiz daha demokratik yolu seçdi. Hamıya seçim imkanı verdi. "Sovetski”nin yerində müasir obyektlər, park tikiləcək və ora şəhərin ən gözəl yerlərindən birinə çevriləcək. Hamımız Bakıda yaşayır, şəhərimizlə fəxr edirik. Şəhərimizin daha gözəl olmasını istəyirik. Lakin bunun üçün səylə yanaşı, anlayış da gərəkdir”. Deputatın sözlərinə görə, inkişaf etmiş ölkələrdə, hətta ABŞ-da dövlət əhəmiyyətli obyektlərin, yolların tikintisi zamanı da belədir: "Adamlara kompensasiya ödənilir və onlar gedirlər. Ərazi dövlət obyektlərinin tikintisi üçün təmizlənir. İndi həmin məsələ niyə həyəcana səbəb olub? Mən biləni, yüzlərlə insan kompensasiyanı alıb və gedirlər. Bu, şəhər üçün, ölkə üçün lazımdır”.
İsmayıl